Hüquq elminin
inkişafı üzrə milli strategiya və dövlət proqramı
hazırlanır
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan hüquq elminin inkişafı üzrə milli strategiyanın və dövlət proqramının hazırlanması və həyata keçirilməsi sahəsində AMEA-nın Rəyasət Heyəti tərəfindən yaradılmış işçi qrupunun fəaliyyətinə həsr edilmiş iclas keçirilmişdir.
İclası giriş sözü ilə açan AMEA-nın prezidenti akademik Mahmud Kərimov hüquqşünas alimlərin işçi qrupunun fəaliyyəti barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə Elmin İnkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə Elmin İnkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" elmi- tədqiqat institutları və alimlər qarşısında böyük vəzifələr qoymuşdur.
İşçi qrupu ölkə Prezidenti cənab İlham Əliyevin modernləşmə kursunu, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin humanitar və ictimai elmlər qarşısında qoyduğu məsul vəzifələri, BMT-nin 7 sentyabr 1990-cı ildə "Hüquqşünasların rolu haqqında Əsas Müddəalar"ını və Avropa Şurası Nazirlər Komitəsinin "Hüquqşünas peşəsinin həyata keçirilməsi azadlığı haqqında" müvafiq tövsiyələrini əsas götürmüşlər. Ayrı-ayrı alimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hüquqi dövlət quruculuğunun, hüquq elminin inkişafının, hüquqşünas kadrların hazırlanmasının ardıcıl və sistemli aparılmasına, cəmiyyətdə hüquqşünas alimlərin rolunun və fəallığının artırılmasına dair çoxsaylı təkliflər irəli sürmüşlər. Həmin təkliflər əsasında işçi qrupu "Hüquq elmlərinin prioritet istiqamətləri və hüquqşünas alimlər qarşısında duran vəzifələr" adlı kitab hazırlamış, bu il aprelin 9-da Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında "Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun, hüquqşünas kadrların hazırlanmasının və hüquq elminin inkişafının aktual problemləri"nə həsr edilmiş beynəlxalq elmi konfrans keçirmişdir.
Konfransın işində respublikanın qanunverici, idarəedici və məhkəmə hakimiyyəti orqanlarının rəhbərləri, deputatlar, bir sıra ölkələrin diplomatik korpuslarının və beynəlxalq təşkilatların nümayəndələri, vəkillər kollegiyasının, əlaqədar qeyri-hökumət təşkilatlarının, tədris və elmi-tədqiqat institutlarının rəhbərləri, görkəmli hüquqşünas alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Konfransda ölkədə hüquqi dövlət quruculuğunun, hüquqşünas kadrların hazırlanmasının və hüquq elminin inkişafının aktual problemlərinin həlli ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevə müraciət və müvafiq qətnamə qəbul edilmişdir.
Konfransdan sonrakı dövrdə hüquqşünas alimlər bir sıra qanunların elmi ekspertizasını keçirmiş, normativ-hüquqi aktların layihələrini hazırlamış, o cümlədən elmi fəaliyyətin hüquqi tənzimlənməsi, elmi işçilərin sosial müdafiəsini gücləndirmək və elmi işçilərin attestasiyadan keçirilməsi qaydası haqqında layihə mətnlərini hazırlayıb aidiyyəti qurumlara təqdim etmişlər.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ölkə Prezidenti cənab İlham Əliyevin məlum sərəncamından sonra ilk dəfə olaraq hüquqşünas alimlərin bu istiqamətdə işçi qrupunu yaratması və həyata keçirilən müxtəlif islahatların hüquqi tənzimlənməsi istiqamətində gördükləri işə yekun vurmuş və bu işin daha da genişləndirilməsi sahəsində müvafiq tövsiyələr vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə ölkədə hüquq elminin inkişafı üzrə milli strategiyanın və dövlət proqramının hazırlanması və həyata keçirilməsi sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, işçi qrupunun rəhbəri, BDU-nun kafedra müdiri hüquq elmləri doktoru, professor Kamil Səlimov, institutun direktor müavini hüquq elmləri doktoru, professor Bəhram Zahidov, şöbə müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, BDU-nun müəllimlərindən hüquq elmləri namizədi, dosent Xanlar Bayramzadə və iqtisad elmləri namizədi, dosent Mirəli Kazımov Fəxri Fərmanla təltif edilmişlər.
Qabil CAMALOV,
Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun
direktor müavini
Azərbaycan.- 2010.- 25 iyun- S.
8.