Prezident İlham Əliyev Lənkəranda yeni konserv zavodunun açılışında iştirak etmişdir

 

İyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində Sütəmurdov kəndində konserv zavodunun açılışında iştirak etmişdir.

Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu.

Məlumat verildi ki, son illərdə Lənkəranda da yeni müəssisələrin istifadəyə verilməsi davamlı xarakter almışdır. Bu müəssisələrin istehsal etdiyi məhsulların rəqabətədavamlı və keyfiyyətli olması isə, ilk növbədə, ölkəmizin ixrac potensialının gücləndirilməsinə xidmət edir.

Zavodun ümumi sahəsi 10 hektar, tikinti sahəsi 1 hektardır. 2008-ci ilin mayında başlanılmış inşaat işləri bu ilin martında başa çatdırılmışdır. Müəssisə üç əsas binadan - inzibati korpus, istehsalatsoyuducu anbar sexlərindən ibarətdir. Zavod saatda 30 ton məhsul qəbul etmək gücünə malikdir. Müəssisədə şüşə qablar xətti, bütün növ cembal qablaşdırmaq üçün doldurucu xətt, turşu və meyvə şirəsi xətti vardır. Ən müasir xarici avadanlığın quraşdırıldığı zavodun ərazisində tutumu 2 min ton olan 9 kameralı soyuducu anbar da inşa edilmişdir.

Müəssisə tam gücü ilə işləyəndə burada 350 nəfər çalışacaqdır.

Prezident İlham Əliyev zavodun işə düşməsini bildirən düyməni sıxdı, istehsal sahələrində prosesi izlədi.

Soyuducu anbarı da gəzən Prezident İlham Əliyev burada qablaşdırma prosesini izlədi.

Dövlətimizin başçısı müəssisənin kollektivini təbrik etdi, onlara uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 iyun- S.  1.