Prezident İlham Əliyev
Lənkəranda çay fabrikinin
açılışında iştirak etmişdir
İyunun 25-də Prezident İlham Əliyev Lənkəranın Sütəmurdov kəndində çay fabrikinin açılışında iştirak etmişdir.
Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Prezident İlham Əliyev əvvəlcə fabrikin maketi ilə tanış oldu. Məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı üzrə hazırlanan tədbirlərə əsasən inşa edilmiş fabrikdə tikinti işləri bir ilə başa çatdırılmışdır. Ümumi sahəsi 1 hektar, tikinti sahəsi isə 2 min kvadratmetr olan fabrik inzibati bina və istehsalat sexindən ibarətdir. Üç korpusdan ibarət istehsal sexində ilkin emal, çeşidləyici və bükücü sexlər fəaliyyət göstərir. Burada xammalın qəbulu, təmizlənməsi, qurudulması, çeşidlənməsi və nəhayət, qablaşdırılması prosesi aparılır. Məhsulun keyfiyyətli və rəqabətədavamlı olmasından ötrü xaricdən ən yeni avadanlıq gətirilmişdir. Fabrik saatda 2,5 ton yaşıl çay yarpağı qəbul etmək gücünə malikdir. Bu, ildə 100 ton yaşıl çay yarpağının emalı deməkdir. Müəssisədə 60 nəfər daimi işlə təmin olunacaqdır. Fabrikin tikintisi ilə yanaşı, yeni çay plantasiyalarının salınması da mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni sıxdı, qurutma, təmizləmə və qablaşdırma sahələrində istehsal prosesini izlədi.
Qeyd olundu ki, burada gündə 250-300 kiloqram yaşıl çay yarpağı emal etmək mümkün olacaqdır. İlkin mərhələdə çay iki adda - "İmperial" və "Lənkəran" adı ilə bazara çıxarılacaqdır.
Fabrikdə hazırlanan məhsulların nümunələrinə baxan Prezident İlham Əliyev çay içdi.
AzərTAc
Azərbaycan.- 2010.- 26 iyun- S.
2.