Prezident İlham Əliyev Lerikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində iyunun 25-də Lerik rayonuna gəlmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edildiyi rayonlardan biriLerikdir. 2010-cu ilin birinci rübündə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı, adambaşına düşən gəlir xeyli artmışdır. Ümumi məhsul buraxılışının həcmində ötən ilə nisbətən 2,7 faiz, pərakəndə əmtəə dövriyyəsində 7,5 faiz, pullu xidmətdə 17,5 faiz, təmir-tikinti işlərində isə 11 faiz artım qeydə alınmışdır.

Rayonda kənd təsərrüfatı sahəsində də mühüm uğurlar əldə edilmişdir. Əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün rayonda mühüm işlər görülmüş, sahibkarlığa göstərilən diqqət nəticəsində yeni müəssisələr istifadəyə verilmiş, işsizlik xeyli azalmışdır. Lerik şəhərində yaşayan 1321 ailənin mənzilinə Prezident İlham Əliyevin göstərişi ilə 2007-ci ildə qaz xətti çəkilmişdir. Bu bölgənin turizm üçün böyük potensiala malik olması da diqqətdən kənarda qalmamışdır. Lənkəran-Lerik yolu boyunca yeni istirahət mərkəzləri inşa edilmişdir.

Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət etdi.

Prezident İlham Əliyev Heydər Əliyev meydanında aparılmış tikinti işləri ilə tanış oldu.

Məlumat verildi ki, 8200 kvadratmetr sahəni əhatə edən meydan yenidən qurulmuş, işıqlanma sistemi quraşdırılmışdır. Burada 35 metrlik qüllə üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 iyun- S.  2.