Lerik rayonu ictimaiyyətinin
nümayəndələri ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Lerikə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV rayon sakinlərini təbrik edərək dedi:
- Biz bu gün Heydər Əliyev
Mərkəzinin açılışını qeyd etdik. Çox gözəl, yaraşıqlı mərkəzdir.
Həm xarici görünüşü çox
gözəldir, həm daxili tərtibatı. Ulu öndərin həyat və fəaliyyətini əks
etdirən fotoşəkillər çox böyük təsir
bağışlayır. Bu, Azərbaycanın
tarixidir. Həm 1970-ci illərdə, həm
1980-ci illərin əvvəllərində, həm də
müstəqillik dövründə Heydər Əliyevin fəaliyyəti
Azərbaycanın inkişafına xidmət edibdir. Onun zəhməti və fəaliyyəti nəticəsində
ölkəmiz o illərdə böyük və uğurlu yol
keçmişdir. Bu siyasət bu gün də
davam edir. Heydər Əliyev siyasəti
bütün sahələrdə davam etdirilir. Lerikin
bugünkü siması o siyasətin nəticəsidir.
Mən çox şadam ki,
Lerikdə inkişaf çox sürətlə gedir. Mən
artıq üçüncü dəfədir ki, Lerikdəyəm.
Hər dəfə gələndə yeni müəssisələr,
yeni obyektlər açılır, abadlıq işləri
aparılır. Bunları görürəm və çox
sevinirəm. Rayonun, sözün əsl mənasında,
inkişafı həm yerli sakinlər, həm də
bütün ölkə üçün çox vacibdir.
Çünki Lerik paytaxtdan uzaqda yerləşən dağ
rayonudur. Dağ rayonlarına, paytaxtdan, mərkəzdən
uzaqda yerləşən bölgələrə xüsusi diqqət
göstərilməlidir və bu diqqət göstərilir. Bax
bu gün həm Heydər Əliyev Mərkəzinin, həm də
əsaslı təmirdən sonra fəaliyyətə
başlayan mərkəzi xəstəxananın
açılışını qeyd edirik. Mənə verilən
məlumata görə, mədəniyyət evi də təmir
olunubdur, ora da baxacağam. Uzunömürlülər muzeyi
yaradılıb. Bu da çox gözəl təşəbbüsdür.
Çünki Lerik uzunömürlülər diyarıdır.
Yəni, biz bir gündə rayonun inkişafını əks
etdirən bir neçə obyektin
açılışını bərabər qeyd edəcəyik.
Bu, onu göstərir ki, hər bir bölgədə, hər
bir rayonda inkişaf üçün imkanlar vardır. Əsas
odur ki, iradə olsun, iradə də vardır. Azərbaycanın
hərtərəfli və uğurlu inkişafı bölgələrin
inkişafından asılıdır.
Bir neçə il bundan əvvəl
biz Lənkəran-Lerik yolunun açılışını
bərabər qeyd edirdik. Lerik sakinləri yaxşı
xatırlayır ki, o yol hansı vəziyyətdə idi. Bərbad
vəziyyətdə idi. Çox böyük çətinliklər
yaradırdı. Gənclər isə yəqin ki, indi onu
xatırlamırlar. Yəni, bu yeni yola öyrəşiblər
və bu da təbiidir. Hər bir yenilik, hər bir gözəl
təşəbbüs, irəliləyiş gözəl bir
şərait yaradır.
Yolun ardınca Lerik rayon mərkəzinə qaz xətti də çəkildi. Heç sovet vaxtında bu zona qazlaşdırılmamışdı. O layihə böyük maliyyə vəsaiti tələb edirdi. Ancaq biz bunu etdik. Çünki Azərbaycanın bütün rayonları qazla təmin edilməlidir. Növbəti mərhələlərdə kəndlərdə qaz təchizatı genişlənməlidir, yeni xətlər çəkilməlidir. Elektrik enerjisi ilə təchizat yaxşılaşır. Düzdür, bəzi hallarda Lerikin hava şəraitinə görə - hava pisləşəndə işıq dirəkləri sıradan çıxır. Ancaq əsas odur ki, bizdə indi kifayət qədər imkanlar var ki, ilk növbədə təmir işlərini sürətlə aparaq. Digər tərəfdən yeni enerji gücləri yaranır. Astarada elektrik stansiyasının tikintisi bütün zona üçün enerji təminatını böyük dərəcədə yaxşılaşdırıb.
Hər halda biz Lerikin timsalında Azərbaycanın sürətli inkişafını çox əyani şəkildə görürük. Biz əldə edilmiş uğurlarla növbəti illərdə kifayətlənməməliyik, irəliyə baxmalıyıq, əlavə hansı tədbirlər görülməlidir. Rayonun potensialı maksimum dərəcədə işə salınmalıdır. Xüsusilə kənd təsərrüfatı, emal və sənaye müəssisələri, turizm imkanları çox genişdir. Bildiyimə görə artıq rayon ərazisində bir neçə turizm mərkəzi yaradılmışdır və Azərbaycanın müxtəlif bölgələrindən istirahət üçün buraya gələnlərin sayı artır. Lerikin çox gözəl təbiəti, təbii sərvətləri, gözəl havası vardır. Yəni, bu, böyük sərvətdir və əlbəttə ki, biz bu imkanlardan - turizm imkanlarından səmərəli şəkildə istifadə etməliyik.
Ümumiyyətlə,
ölkəmizdə işlər yaxşı gedir. İslahatlar aparılır. Azərbaycan uğurla inkişaf edir. Bölgələr inkişaf edir. Regional inkişaf proqramı icra edilir və
bütün zonaları əhatə edir. Biz
bu proqramın növbəti illərdə icrası nəticəsində
elə etməliyik ki, ölkə qarşısında duran əsas
iqtisadi və sosial məsələlər həll olunsun.
Belə imkanlar vardır və bu günə qədərki
işlər, onların uğurla icrası belə deməyə
əsas verir.
2004-cü ildə
regionların inkişafına böyük təkan verən
proqram qəbul edildi və icra olundu. Əsas odur ki, proqramda nəzərdə
tutulmuş bütün məsələlər son 6 ildə
öz həllini tapdı, o cümlədən Lerik rayonunda. Bax
burada görülən işlər, həm infrastruktur, yollar,
ondan sonra qaz xətləri, səhiyyə ocaqları, məktəblər
- onların hamısı regional inkişaf proqramında nəzərdə
tutulmuş məsələlər idi. Biz növbəti illərdə
fəaliyyətimizi plan üzrə davam etdirəcəyik və
kifayət qədər vəsait də nəzərdə
tutulub.
Azərbaycanın iqtisadi imkanları yaxşıdır. Mən dəfələrlə demişəm ki, biz öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının zəhməti hesabına yaradılan bu şəraitdən vətəndaşlarımız istifadə edirlər. Ölkəmizin iqtisadi potensialı artacaq, buna şübhə yoxdur. Görülən bütün işlər bu məqsədi güdür. Maliyyə imkanlarımız genişlənəcək və belə olan halda insanlar daha da yaxşı yaşayacaqlar. Pensiyalar, əmək haqları, sosial müavinətlər vaxtında ödənilir və onların həcmi artmalıdır.
Bax belə, mən gəlmişəm ki, sizinlə yenidən görüşüm, bu gözəl tədbirdə bərabər iştirak edək. Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Arzu edirəm ki, sizin həyatınızda hər şey yaxşı olsun.
Lerik rayon sakini, əməkdar müəllim Gültəkin ŞIXƏLİYEVA rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:
- Möhtərəm cənab Prezident, icazə verin, Sizi Lerik ictimaiyyəti adından salamlayım, rayonumuza "Xoş gəlmisiniz" deyim. Bu, Sizin Lerikə üçüncü səfərinizdir. Sizin hər dəfə rayonumuza gəlişiniz Lerikin sosial, iqtisadi və mədəni həyatının inkişafında yeni bir mərhələnin başlanğıcını qoyur.
Cənab Prezident, hamımız bilirik ki, Azərbaycan dövlətinin qazandığı hər bir uğur əbədiyaşar Prezidentimiz, müstəqil Azərbaycan adlı şah əsərini yaratmış ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsidir. Bu, uzun illərə hesablanmış siyasət Sizin tərəfinizdən uğurla davam etdirilərək Azərbaycanımızı daha da inkişaf etdirmiş, qüdrətləndirmiş, zənginləşdirmiş, ölkəmizin hər bir regionunun, o cümlədən rayonumuzun da simasını tamamilə dəyişdirmişdir. Açılışına toplaşdığımız bu gözəl meydan, bu əzəmətli abidə kompleksi, möhtəşəm Heydər Əliyev Mərkəzi buna bariz nümunədir. Leriklilər uzun illər ulu öndərimiz Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Bu gün bu qayğını Siz göstərirsiniz, cənab Prezidentimiz. Lerikin sosial-iqtisadi problemlərinin həll olunması istiqamətində gördüyünüz işlər rayonumuzun simasını tamamilə dəyişmişdir. Əvvəllər problemlər üzündən rayonu tərk edən leriklilər indi Lerikə qayıdırlar, özlərinə yeni evlər tikirlər, həyat şəraitini yaxşılaşdırırlar.
Dağ camaatı qədirbilən olur, cənab Prezidentimiz. Onlar Sizin bu qayğınızı heç vaxt unutmayacaqlar, həmişə Sizə minnətdar olacaqlar. Məhz Sizin göstərişinizlə Lerik-Lənkəran avtomobil yolu, şəhərarası, kəndlərarası yollar tamamilə yenidən qurulmuş, asfaltlaşdırılmışdır. Dörd il bundan öncə Sizin tapşırığınızla rayonumuza təbii qaz çəkildi. İndi Lerik şəhəri tam qazlaşdırılmışdır. İndi hər bir leriklinin evində yanan qaz ona istilik gətirir, qəlbini iftixar hissi ilə doldurur.
Cənab Prezident, bu gün Sizin qayğınızla rayonumuzun bir problemi də öz həllini tapmışdır. Əsaslı təmirdən çıxmış, hər cür müasir tibbi avadanlıqla təmin olunmuş mərkəzi xəstəxanadan rayon sakinləri istifadə edə biləcəklər. Yaxın vaxtlarda şəhər statusu almış Lerik həqiqətən də tanınmaz dərəcədə dəyişmiş, doğrudan da şəhərə çevrilmişdir.
Cənab Prezident, bir təhsil işçisi kimi onu da qeyd etmək istəyirəm ki, Sizin diqqət və qayğınızla son 7 ildə rayonumuzda 22 məktəb binası tikilmiş, 7 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində rayonumuzda 6 müasir məktəb kompleksi tikilmiş, hər cür avadanlıqla təmin edilmişdir. Fürsətdən istifadə edib, icazənizlə, respublikamızda təhsilin inkişafına, milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya leriklilərin dərin minnətdarlığını çatdırmaq istəyirəm.
Cənab Prezident, biz Sizin uğurla həyata keçirdiyiniz Heydər Əliyev siyasi kursunun təntənəsinə inanırıq. İnanırıq ki, Sizin sayənizdə, rəhbərliyiniz altında dövlətimizin taleyüklü məsələləri yaxın vaxtlarda öz həllini tapacaqdır. Bir daha bütün leriklilər adından Sizə rayonumuza və onun sakinlərinə göstərdiyiniz diqqətə görə dərin minnətdarlığımızı bildirir, ölkəmizin inkişafında, titanik fəaliyyətinizdə Sizə uğurlar diləyirik. Sizə Lerik uzunömürlülüyü, möhkəm cansağlığı diləyirik, cənab Prezidentimiz. Tanrı Sizi qorusun!
Prezident İlham ƏLİYEV:
- Sağ olun, minnətdaram. Sizi əmin edirəm,
mən bundan sonra da fəaliyyətimdə əlimdən gələni
edəcəyəm ki, Azərbaycanı daha da gücləndirək.
Bizim bir məqsədimiz var ki, ölkəmiz daha
da güclənsin. Həm dünyadakı
mövqelərimiz daha da güclü olsun, həm də ölkə
daxilində bütün proseslər müsbət istiqamətdə
davam etsin. Bu gün bunu etmək
üçün bütün imkanlar vardır. Mən tam əminəm ki, gələcək
inkişafımız çox uğurlu olacaqdır. Çünki bunu etmək üçün
bütün əsaslar vardır.
Azərbaycan
dövlətçiliyi möhkəm təməl üzərində
qurulubdur. Baxmayaraq ki, biz müstəqilliyi əldə edəndə
gələcək müstəqil həyatımız, demək
olar ki, şübhə altında idi. O illəri
hamımız yaxşı xatırlayırıq. Həm daxili çəkişmələr, həm Ermənistanın
Azərbaycana qarşı işğalçılıq siyasəti,
vətəndaş müharibəsi, hakimiyyət uğrunda
mübarizə - bütün bu hadisələr müstəqilliyimizi
sarsıdırdı. Sual yaranırdı
ki, Azərbaycan müstəqil ölkə kimi yaşaya biləcək,
yoxsa yox? Çünki müstəqilliyimizin
əvvəlki dövrlərdə tarixi uzun
olmamışdır. Rus imperiyasının
dağılmasından sonra 1918-ci ildə Azərbaycan Demokratik
Respublikası yaranmışdı və cəmi iki il yaşadı. Ondan sonra müstəqilliyimiz
müxtəlif səbəblər üzündən əlimizdən
alındı. Sovet İttifaqının
dağılması nəticəsində Azərbaycan yenidən
müstəqilliyə qovuşdu. Yenə də iki il keçəndən sonra müstəqilliyimiz
şübhə altında idi, əldən gedə bilərdi.
Azərbaycan xalqı o vaxt həmişə olduğu kimi,
öz müdrik sözünü dedi. Ulu öndəri
hakimiyyətə dəvət etdi və 2003-cü ilə qədərki
bütün xoşagəlməz hadisələrə onun fəaliyyəti
nəticəsində son qoyuldu, sabitlik bərpa olundu,
inkişaf başladı.
İndiki
dövr o dövrün davamıdır. İndiki
dövrün əlbəttə ki, öz xüsusiyyətləri
vardır. Çünki həyat yerində
durmur, ölkə qarşısına yeni
çağırışlar, yeni məsələlər
çıxır. Həm beynəlxalq
müstəvidə, həm bölgədə yeni hadisələr
baş verir. Biz bütün bu hadisələrə
hazırıq. Bütün hadisələrə
münasibətimizi bildiririk. Ona görə
Azərbaycan bu gün beynəlxalq aləmdə çox
böyük hörmətə malik olan bir ölkədir.
Nəyin hesabına? Ona
görə ki, bizim siyasətimiz çox səmimidir,
açıqdır və birmənalıdır. İstər daxili, istərsə də xarici siyasətdə
bizim öz siyasi xəttimiz vardır. O xətt bizə
imkan verir ki, istədiyimizə nail olaq.
Ölkə
daxilində gedən proseslər bizi gücləndirir. Əgər
güclü iqtisadiyyatımız olmasaydı, biz necə
müstəqil siyasət apara bilərdik? Daxili
imkanlar səfərbər olundu. Enerji sektorundakı təşəbbüslər
real nəticələr verdi. Biz enerji sektorunda əldə edilmiş nailiyyətlərin
nəticələrini, yəni maliyyə resurslarını digər
sektorlara yönəltdik. Kənd təsərrüfatı,
qeyri-neft sektoru, sahibkarlıq, kənd təsərrüfatının
müxtəlif istiqamətlərində aparılan islahatlar
özünü bu gün göstərir. Ölkəmizin
hərtərəfli inkişafına nail ola
bildik. Bu proses - ölkəmizin gücləndirilməsi və
Azərbaycan xalqının rifah halının
yaxşılaşdırılması, bütün sosial məsələlərin
həlli davam edəcəkdir.
Bax, bu gözəl
xəstəxana indi xidmət göstərəcəkdir. Düzdür,
leriklilər çox sağlamdırlar və onların səhhətində
heç bir problem yoxdur. Onlar dünya miqyasında məşhurdurlar,
uzunömürlüdürlər, - fiziki cəhətdən
çox sağlamdırlar. Amma hər ehtimala
qarşı xəstəxana da olmalıdır. Burada da bütün lazımi avadanlıq
quraşdırılıb. Ən müasir
aparatlar, texnika - yəni burada bütün tibbi xidmət
göstərilməlidir. Mən tövsiyə
edirəm ki, hər bir vətəndaş ildə bir dəfə
müayinədən keçsin və beləliklə, biz
insanlarımızın sağlamlığını təmin
edəcəyik. Uşaqlıq, körpəlik
dövründən bu məsələlərə fikir verilməlidir.
Azərbaycanda
bu sahədə də böyük işlər
görülür. Bütün bölgələrdə
müasir xəstəxanalar, diaqnostika mərkəzləri
tikilibdir. İndi doğum evlərinin
tikintisi sürətlə gedir. Bunun nəticəsində
Azərbaycanda uşaq ölümünün səviyyəsi
aşağı düşübdür. İnsanlarımızın
sağlamlığını təmin edən tədbirlərin
sayı çoxdur - həm tibbi xidmət, eyni zamanda, təmiz
ekoloji vəziyyət. Leriklilərin bu cəhətdən
bəxti gətirib. Onlar çox gözəl
təbii şəraitdə yaşayırlar. Ancaq başqa müxtəlif yerlər vardır ki,
orada ekoloji vəziyyət o qədər də yaxşı
deyil, xüsusilə neftlə çirklənmiş ərazilərdə.
Biz indi böyük proqramlar icra edirik ki,
çirklənmiş gölməçələri qurudaq, təmizləyək,
abadlaşdıraq, Abşeron yarımadasında da ekoloji vəziyyət
bizi qane etsin. Bütün işlər
görülür. Böyük proqram icra
olunur. Həm Xəzər dənizinin təmizlənməsi,
kanalizasiya sisteminin quraşdırılması, həm də
ağacəkmə kampaniyası davam etdirilir. Azərbaycan əhalisi bu və ya digər bölgədən
asılı olmayaraq, təmiz ekoloji şəraitdə
yaşamalıdır.
Ona görə
bir daha demək istəyirəm ki, bax, bu gün Lerikdə
açılan obyektlərin - xəstəxananın, gözəl
mərkəzin, muzeyin, mədəniyyət mərkəzinin əhəmiyyəti
və kəmiyyəti böyük bir göstəricidir. İndi siz
qeyd etdiniz, son illər ərzində 22 məktəb tikilibdir.
Bu, böyük bir işdir. Hələ
bəlkə 22 məktəb də tikilməlidir. Çünki hələ çox da yaxşı vəziyyətdə
olmayan məktəblər vardır. Ancaq
son 7 ildə Azərbaycanda iki min məktəb tikilib. Azərbaycanda bütün dövrlərdə cəmi
4500 məktəb tikilibdir. Demək olar ki, əsasən
ən bərbad vəziyyətdə olan məktəblər
dağıdıldı, yerində yeniləri tikildi. Ancaq hələ ki, qəzalı vəziyyətdə
məktəblər vardır. Bütün bu işləri
biz plan üzrə aparırıq.
Bölgələrdə
tibbi xidmət yaxşılaşdırılır. İndi hər
bir bölgədə, rayonlarda gözəl mərkəzlər
vardır. İndi tibbi yardım almaq
üçün heç yerə getmək lazım deyildir.
Bu, hər rayonda olmalıdır. Hər kənddə şərait olmalıdır.
Kənd yolları tikilməlidir ki, əhali rahat
gedib-gələ bilsin. Hər rayon üzrə
konkret proqram vardır. Lerik rayonu üzrə
də konkret proqram vardır və dövlət tərəfindən
həmişə diqqət göstəriləcəkdir. Əmin
ola bilərsiniz ki, mən də həmişə
leriklilərə öz diqqətimi əsirgəməyəcəyəm.
Bir daha demək istəyirəm ki, Lerikə
üçüncü dəfədir, gəlirəm. Bu gözəlliyi görəndə ürəyim
sevinir. Bütün uğurlarla sizi təbrik
edirəm.
* * *
Sonra rayon
ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevlə
xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 26 iyun- S.
3.