Prezident İlham Əliyev
Lerikdə Uzunömürlülər Muzeyinin
açılışında iştirak etmişdir
İyunun 25-də Prezident İlham Əliyev Lerikdə Uzunömürlülər muzeyinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, muzeylə yaxından tanış oldu.
Məlumat verildi ki, bu muzeyin məhz Lerikdə yaradılması təsadüfi deyildir. Bu rayon dünyada uzunömürlülər diyari kimi şöhrət qazanmışdır. Dağlar qoynunda yerləşən Lerik rayonunda vaxtilə 500 nəfərdən çox uzunömürlü insan yaşamışdır. Hazırda rayonun yaşı 100-ü keçmiş 20-dən çox sakini vardır.
Dünyada yeganə olan bu muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunmuşdur. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer almışdır. Muzeydəki 40-dək fotoşəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop bu əsərlərini Parisdə təşkil etdiyi "Uzunömürlülər diyarına səyahət" sərgisində nümayiş etdirmişdir. Muzeydə planetin ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid guşələr yaradılmışdır. Muzey böyük turizm potensialına malik Lerikə əlavə səyahət həvəskarlarının gəlməsinə səbəb olacaqdır.
AzərTAc
Azərbaycan.- 2010.- 26 iyun- S.
4.