Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası ölkədə QHT-lərin
vəziyyəti haqqında ilk milli hesabatını təqdim
etmişdir
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasında QHT-lərin mövcud vəziyyətinə dair ilk Milli Hesabatını təqdim etmişdir.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, yerli və xarici QHT-lərin, beynəlxalq təşkilatların, Bakıda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qeyd etmişdir ki, Milli Hesabat ölkənin QHT sektorunun tarixini, inkişaf mərhələlərini və mövcud durumunu obyektiv əks etdirən mühüm sənəddir. Hesabatda QHT-lərin fəaliyyətinin on ildən artıq bir dövrü hərtərəfli təhlil edilmiş və bölmələr üzrə zəruri nəticələr çıxarılmışdır.
Milli Hesabatın Azərbaycanın QHT sektoru haqqında beynəlxalq arenada da obyektiv təsəvvürün yaranmasına töhfə verəcəyini vurğulayan A.Quliyev sənədin ingiliscəyə tərcümə edilərək, hər iki dildə ictimaiyyətə təqdim olunacağını bildirmişdir.
Qeyd edilmişdir ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması bu sektora dövlətin qayğı göstərməsi işini xeyli asanlaşdırmışdır. 2008-ci ildən etibarən QHT-lərin maliyyələşməsinə dövlət yardımı əhəmiyyətli dərəcədə artmışdır. Şuranın xətti ilə 2008-ci ildə 1,2 milyon, 2009-cu ildə 2,068 milyon, bu il isə 2,1 milyon manat maliyyə vəsaiti müsabiqə əsasında QHT-lər arasında bölüşdürülmüşdür.
Ölkədə
QHT-lərin fəaliyyəti və inkişafı
üçün əlverişli şəraitin
yaradıldığını bildirən şura sədri
ötən il QHT sektorunun maliyyə dövriyyəsinin 21 milyon
638 min manat olduğunu diqqətə
çatdırmışdır. Bu ilin 6 ayı ərzində isə bu rəqəm 12
milyon 738 min manat təşkil edir.
Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov tədbirdə
çıxış edərək bildirmişdir ki, ölkədə
QHT-lərin vəziyyəti haqqında Milli Hesabatın təqdim
olunması və müzakirəsi Azərbaycan cəmiyyətində
QHT sektorunun inkişafının göstəricisidir.
QHT-lər və dövlət
münasibətlərinin tarixindən danışan Ə.Həsənov
Azərbaycanda qeyri-hökumət təşkilatlarının
yaranması mərhələsindən 1995-ci ilədək olan
dövrün mürəkkəb ictimai-siyasi vəziyyətdə
keçdiyini bildirmişdir. Şöbə müdiri 1995-ci ilədək
olan dövrü Azərbaycanda siyasi fəaliyyətin, QHT-lərin
əsaslarının və dövlətin siyasi təşkilatlarla,
QHT-lərlə bağlı fəaliyyətinin
formalaşması mərhələsi kimi dəyərləndirmişdir.
1995-ci ildə
Konstitusiyanın qəbulu və parlamentin
formalaşdırılmasından sonra cəmiyyətdəki
debatlar parlamentə keçirilərək QHT-lərə və
siyasi partiyalara öz mövqelərini göstərmək, beynəlxalq
təcrübənin öyrənilməsi və Azərbaycanda
tətbiq edilməsi mərhələsi
başlanmışdır. 2000-ci ilədək QHT-lərin fəaliyyəti
siyasi fəaliyyətlə qarışdırılmış,
onlar fəal siyasətə qoşulmuş və Azərbaycanda
hakimiyyət uğrunda mübarizə aparmışlar.
2000-ci ildən etibarən Azərbaycan
dövlətinin beynəlxalq təcrübəyə əsaslanan
QHT siyasətinin formalaşmağa
başladığını deyən Ə.Həsənov qeyd
etmişdir ki, bu gün dövlət QHT-ləri tərəfdaş
kimi dəyərləndirir. Azərbaycan hökumətinin
reallaşdırdığı siyasətin mahiyyəti ondan
ibarətdir ki, cəmiyyətin idarə edilməsindən
dövlətin daxili və xarici siyasətinin
formalaşmasınadək bütün məsələlərdə
vətəndaşların istəyi, arzusu və təşəbbüsləri
nəzərə alınsın. Odur ki, 2000-ci ildən bu
günədək olan dövr Azərbaycanda QHT-lər ilə
dövlətin, siyasi partiyaların və vətəndaşların
münasibətlərinin konseptual əsaslarının
formalaşması dövrü kimi dəyərləndirilə
bilər.
Şöbə müdiri bildirmişdir ki, bu gün QHT-lərin bütün qanadlarının iştirakı ilə hesabatın hazırlanması və təqdimatı sevindirici haldır. Dövlətin QHT-lərə verdiyi dəstəyi Azərbaycanın bugünkü vəziyyətində bunu qənaətbəxş hesab etmək olar. QHT-lərə Azərbaycan dövlətinin dəstəyi bilavasitə şura vasitəsilə həyata keçirilir. Bundan əlavə, Azərbaycanın mərkəzi və yerli icra hakimiyyəti orqanları da QHT donorları funksiyasında çıxış edirlər.
Ə.Həsənov bildirmişdir ki, ölkə QHT-lərinin dünyadakı müsbət təcrübəni mənimsəyərək öz fəaliyyətlərində əks etdirməsi, yeni təşəbbüslərlə çıxış etməsi, dünya miqyasında rəqabət apara bilməsi, sosial fəallığın artırılması, dövlətin daxili və xarici fəaliyyətində fəal iştirakı Azərbaycan dövlətinin marağında olan məsələlərdir.
Digər
çıxışlarda bildirilmişdir ki, ilk Milli Hesabat QHT
sektorundakı mövcud vəziyyətin öyrənilməsi və
çətinliklərin müəyyən edilərək aradan
qaldırılması baxımından çox mühüm sənəddir.
Çıxışlarda, həmçinin ölkənin QHT həyatının
inkişaf dinamikasının reallığa uyğun şəkildə,
dəqiq faktlarla Milli Hesabatda əks olunmasının ictimai
sektorun bundan sonrakı tədqiqatçıları
üçün əhəmiyyəti vurğulanmış, fikir
və təkliflər səsləndirilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 26
iyun- S. 4.