Azərbaycan böyük səs çoxluğu ilə YUNESKO-nun hökumətlərarası komitəsinə üzv seçilmişdir

 

Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, iyunun 22-24-də qurumun qərargahında Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı olan dövlətlərin (124 üzv dövlət) Baş Assambleyasının növbəti 3-cü sessiyası keçirilmişdir.

Sessiyada Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyaya aid məsələlər, o cümlədən əvvəlki sessiyanın məruzəsi, Hökumətlərarası Komitənin hesabatları dinlənilmiş və Qeyri-maddi mədəni irs fondunun fəaliyyəti və mexanizmləri müzakirə edilmişdir. Ölkəmizi iclasda Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi E.Hüseynova, mədəniyyət və turizm nazirinin müavini S.Məmmədəliyeva, musiqişünas ekspert S.Bağırova və başqaları təmsil etmişlər.

Sessiyanın sonuncu günündə 24 üzvdən ibarət Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə yeni 12 üzvün seçkiləri keçirilmişdir. Ölkəmizin üzv olduğu II seçki qrupuna ayrılmış üç yerə altı ölkə öz namizədliyini təqdim etmişdir: Azərbaycan, Albaniya, Ermənistan, Latviya, Moldova, Çexiya. Qeyd etmək lazımdır ki, namizədliyimizin irəli sürülməsinin ilk günündən ölkəmizin YUNESKO yanında daimi nümayəndəliyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən intensiv təşviqat işi, ölkəmizin dəstəklənməsinə nail olmaq üçün üzv dövlətlərlə yazışma və səmərəli danışıqlar aparılmışdır.

Qeyd edək ki, görüşlər zamanı ölkəmizin qədim mədəni irsə sahib olması və bu irsin qorunmasında Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşmərarmlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri xüsusi vurğulanmışdır. İclas zamanı sessiyanın iştirakçılarına ölkəmizin zəngin qeyri-maddi mədəni irs nümunələri olan xalça və aşıq sənəti üzrə bukletlər, disk və suvenirlər paylanmışdır.

Gizli səsvermə nəticəsində Azərbaycan 72 səs toplayaraq komitəyə 2010-2014-cü illər müddətinə üzv seçilmişdir. Albaniya 86 səs, Çexiya 75 səs əldə edərək həmin komitəyə dördillik müddətə üzv seçilmişlər. Latviya 40 səs, Ermənistan 19 səs, Moldova 13 səs toplamışlar.

Komitənin növbəti iclası bu il noyabrın ortalarında Nayrobidə (Keniya) keçiriləcəkdir. Həmin iclasda digər məsələlərlə yanaşı, qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya daxil edilməsi üçün ölkəmizin təqdim etdiyi Azərbaycan xalçası dosyesinə baxılması nəzərdə tutulur.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Strasburq

 

Azərbaycan.- 2010.- 26 iyun- S.  6.