AMEA Dilçilik İnstitutunun və
Mətbuat Şurasının təşkil etdikləri
konfransda "Kütləvi informasiya vasitələrinin
dili" məsələsi müzakirə olunmuşdur
İyunun 25-də AMEA Nəsimi
adına Dilçilik İnstitutunun və Azərbaycan Mətbuat
Şurasının birgə təşəbbüsü ilə
"Kütləvi informasiya vasitələrinin dili"
mövzusunda respublika elmi konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə açan AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Ağamusa Axundov bildirmişdir ki, belə bir tədbirin respublika forumları səviyyəsində keçirilməsi təsadüfi deyildir. Cəmiyyətlə həmişə qırılmaz tellərlə bağlı dil, eyni zamanda, millətin varlığını əks etdirən ən əhəmiyyətli, ən zəruri ictimai hadisələrdən birincisidir. Təbii, özümüzə məxsus, yəni millətin ruhunu, fikrini, hissini, dünyagörüşünü ifadə edən və etməli olan bu dili qorumaq, onun inkişafına xidmət göstərmək, həmin dili özünə ana dili seçmiş hər bir vətəndaşın - ilk növbədə də dilçilərin və jurnalistlərin borcu, vəzifəsidir. Gündəlik ünsiyyət vasitəsi olan dilin müqəddəratı faktiki olaraq daha çox jurnalistlərin əlindədir. Qiymətləndirəni, istiqamətləndirəni isə dilçilərdir.
Dil dəyişməyə ən az meyilli ictimai hadisədir. Dil qrammatik quruluşunun köməyi ilə varlığını bir qayda olaraq qoruyub saxlaya bilir. Ölkəmizin müstəqillik illərində dilimiz simasını saxlamaqla bərabər, xeyli zənginləşmişdir. Bununla belə, bəzi problemlərlə də qarşılaşmalı olmuşdur. Konfransın məqsədi də məhz həmin problemlərin təhlili və həllidir.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu vurğulamışdır ki, tədbirdə səslənəcək fikir və təkliflər məhz jurnalistlərimiz tərəfindən diqqətdə saxlanılacağı, əməli işdə tətbiq olunacağı təqdirdə konfransımız səmərəliliyi ilə yadda qalacaq, yeni birgə müzakirələrin zəruriliyini şərtləndirəcəkdir. Hazırda ən çox narahatlıq doğuranlar sırasında kütləvi informasiya vasitələrində (KİV), rəsmi yazışmalarda, kargüzarlıqda və digər sahələrdə Azərbaycan dilinin normalarına lazımınca əməl olunmamasıdır. Mətbuat Şurasının da apardığı monitorinqlər həmin problemlərin bu gün üçün aktuallığını aşkara çıxarmışdır.
Tədbirdə "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun "Mətbuat və dil", Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın "Milli mətbuatda söz yaradıcılığının inkişaf istiqamətləri", filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin "KİV-də alınma sözlərin işlənmə məqamları", BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru Sənubər Abdullayevanın "Mətbuat dilində gedən morfoloji proseslər" və digər mövzularda məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Konfransda
ölkədə KİV sahəsində fəaliyyət
göstərən tanınmış alim və mütəxəssislər,
nüfuzlu media qurumlarının rəhbərləri, ictimaiyyət
nümayəndələri iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 26
iyun- S. 7.