Hamının mənəvi borcu

 

Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlətin daim ciddi nəzarətindədir və bu işin səmərəliyinin artırılması, profilaktikasının gücləndirilməsi məqsədilə ardıcıl zəruri tədbirlər görülür. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən başlanan, hazırda yeni müstəvidə davam etdirilən barışmaz mübarizə xətti dövlətimizin maraqlarının qorunmasının prioritet istiqamətlərindəndir. Bu sahədə fəaliyyətin səmərəsini artırmaq məqsədilə Prezident İlham Əliyev 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ı təsdiq etmişdir.

 

Proqramın icrası sayəsində son illər ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə əlaqədar aşkar edilən cinayətlərin və cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı, habelə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı əhəmiyyətli dərəcədə artmışdır. Əsrin bəlasına qarşı mübarizə ilə əlaqədar ölkənin müxtəlif qurumlarında demoqrafik təhlillər aparılmış, bu kateqoriyaya daxil olan cinayətlərin törədilməsinə görə məsuliyyətə cəlb edilmiş şəxslərin sosial tərkibi araşdırılmışdır.

Monitorinqlər göstərmişdir ki, 2009-cu ildə bu növ cinayətlərin törədilməsinə görə məsuliyyətə cəlb olunanların böyük əksəriyyətini işləməyənlər təşkil edir. Tüfeyli həyat tərzi narkomaniyanın yayılması və bununla bağlı digər sosial patologiyaların əmələ gəlməsi üçün əsas mənbədir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə kompleks tədbirlərin görülməsi, əldə olunmuş narkotik vasitələrin satılması yolları və üsullarının aşkar olunması, hüquq-mühafizə orqanları arasında həyata keçirilən informasiya mübadiləsinin daha da gücləndirilməsi, bu mübarizədə bütün dövlət orqanlarının və ictimaiyyətin gücünün birləşdirilməsi bir zərurət kimi ortaya çıxır.

Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının adıçəkilən problemin həlli ilə bağlı son illər həyata keçirdiyi tədbirlər təqdir olunmalıdır. Dövlət komissiyası işçi qrupunun rəhbəri Araz Əliquliyev "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"dan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı müvafiq nazirlik, komitə və təşkilatlarla birgə bir sıra qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirildiyindən söz açaraq dedi:

- Son dövrdə Təhsil, Gənclər və İdman, Səhiyyə nazirlikləri və Milli Elmlər Akademiyası ilə birgə təşkil edilmiş seminar və müşavirələrdə yeniyetmə və gənclər arasında narkomanlığın törətdiyi ağır fəsadlar barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Müəllimlər İnstitutunda "Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu" mövzusunda keçirilmiş müşavirədə ali və orta təhsil müəssisələrinin rəhbərləri, orta məktəb direktorları və psixoloqların iştirakı ilə müzakirələr aparılmışdır. Yeni metodik tövsiyələrin işlənməsi, ali təhsil ocaqlarının psixologiya kafedralarında çalışan müəllimlər və tələbələr üçün günün tələblərinə uyğun tədris proqramının hazırlanması bir vəzifə kimi qarşıya qoyulmuşdur. Yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi ilə bərabər, narkomanlığın dövlətə və cəmiyyətə vurduğu ziyana qarşı profilaktik tədbirlər Səbail, Nizami, Nəsimi, Binəqədi, Yasamal, Xətai, Sabunçu, Qaradağ rayonlarında, Lənkəran və Gəncə şəhərlərində keçirilmişdir. İşçi qrupunun əməkdaşları respublikanın cənub bölgəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində vəziyyətin gərginliyini nəzərə alaraq problemin araşdırılması üçün rayonlara ezam olunmuş və görülmüş işlərin nəticələri barədə dövlət komissiyasına ətraflı məlumat verilmişdir. Bu il mayın əvvəlində dövlət komissiyası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsi ilə birlikdə Lənkəran şəhərində ölkənin cənub rayonlarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə dair konfrans keçirmişdir.

Səhiyyə Nazirliyinin təqdim etdiyi məlumata əsasən, hazırda respublika üzrə narkotikdən istifadə edənlərin ümumi sayı 24 min nəfərdir. Respublikamıza narkotik vasitələr üç marşrutla daxil olur: Əfqanıstan-İran-Azərbaycan; Əfqanıstan-Pakistan-İran-Azərbaycan və Əfqanıstan-Orta Asiya-Türkmənistan-Azərbaycan. Ölkəmizdə bu sahədə dördüncü marşrutun da olduğu, lakin həmin marşrutun beynəlxalq təşkilatların hesabatlarına daxil edilmədiyi barədə fikir Lənkəranda keçirilən konfransda Baş nazirin müavini, dövlət komissiyasının sədri Əli Həsənov tərəfindən səsləndirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu problemin həllinə xüsusi diqqət yetirdiyini vurğulayan Əli Həsənov ölkəmizdə sosial bəlaya qarşı mübarizə sahəsində lazımi hüquqi bazanın yaradıldığını bildirmişdir.

"Ağ ölüm"ə qarşı mübarizənin uğurlu həlli üçün ölkədə narkotik maddələrə tələbatın azaldılması və satışının mümkünsüzlüyə çevrilməsi ilkin şərtlərdəndir. Bu məqsədə nail olunduğu halda cinayətlərin təşkilatçılarının və narkoişbazların respublikamıza olan marağı da aradan qalxacaq. Transmilli qruplaşmaların narkotik maddələri respublikamıza gətirmələrinə, eləcə də onların Avropaya daşınmasında Azərbaycanın ərazisindən tranzit dəhlizi kimi istifadə etmələrinə etibarlı sipər çəkilməsi də qarşıda duran başlıca vəzifələrdəndir.

2010-cu ilin beş ayı ərzində narkotiklərlə bağlı 350 cinayət işi üzrə qanunsuz dövriyyədən çıxarılmış və məhkəmə hökmləri ilə müsadirə edilmiş 1 ton 500 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr KİV əməkdaşlarının iştirakı ilə məhv edilmişdir. Bu da ötən illə müqayisədə 200 kiloqramdan çox narkotik vasitənin zərərsizləşdirilməsi deməkdir. Dövlət komissiyasının işçi qrupu hər il olduğu kimi, bu il də narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanla bağlı tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq sərəncamı ilə ekspert qrupları yaradılmış, Milli Strategiya və Fəaliyyət Planı və "Zərərin azaldılması proqramlarının genişləndirilməsi" üzrə milli proqram layihələri üzərində işlər aparılmaqdadır.

Narkotiklərdən asılılığın, bu sosial bəlaya düçar olmuş şəxslərin yüzlərlə başqa ailənin bədbəxtliyi üzərində əldə etdiyi gəlirlə özünə xoşbəxt və firavan həyat qura bilməsinin yolverilməzliyi ciddi nəzərə alınaraq bu cür ictimai təhlükəli əməllərlə insanların sağlamlığına, bütövlükdə milli genefondumuza zərbə vuranlara qarşı mübarizə müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə bərabər, hər bir sıravi vətəndaşın da mənəvi borcuna çevrilməlidir.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2010.- 26 iyun- S.  8.