Azərbaycan Prezidenti
İlham Əliyev BMT-nin
Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkellanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkellanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Kandeh Yumkella bildirmişdir ki, ölkəmizə səfərinin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti və hökumət üzvləri ilə rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivlərinin müzakirə edilməsindən ibarətdir. O, qeyd etmişdir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi strategiyasının uğurla həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunda böyük inkişafa nail olunmuşdur və BMT-nin Sənayenin İnkişafı Təşkilatı Azərbaycan ilə bu istiqamətdə əməkdaşlıqda maraqlıdır.
Dövlətimizin başçısı Azərbaycanın bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də böyük uğurlar əldə etdiyini vurğulayaraq qeyri-neft sektorunun ölkəmiz üçün prioritet sahə olduğunu qeyd etmişdir. 2013-cü ilədək Azərbaycanda ikinci regional inkişaf proqramının həyata keçiriləcəyini qeyd edən Prezident İlham Əliyev bunun çox mühüm infrastruktur layihələrinin reallaşdırılması üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etmişdir. Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Sənayenin İnkişafı Təşkilatı ilə əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 30 iyun- S.
1.