Milli Məclisdə görüş

 

İyunun 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Albaniya Respublikası parlamentinin sədri xanım Jozefina Topalli ilə görüşmüşdür. Səmimilik şəraitində keçən söhbət zamanı Oqtay Əsədov dedi ki, belə səfərlər ikitərəfli münasibətlərin, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində mühüm rol oynayır: Biz digər tədbirlər çərçivəsində də görüşlər keçiririk. Məsələn, bundan öncə Strasburqda, Kiprdə görüşlərimiz olub. Şübhəsiz ki, belə görüşlər də qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə öz təsirini göstərir.

Milli Məclisin Sədri dövlət, hökumət başçıları səviyyəsində keçirilən görüşlərin ölkələr arasında əlaqələrin daha geniş miqyas almasına, dərinləşməsinə mühüm töhfə verdiyini xüsusi vurğuladı. Buna misal olaraq ötən il keçirilən Davos İqtisadi Forumunda Prezident İlham Əliyevlə Albaniya Nazirlər Şurasının sədri Sali Berişanın görüşünü xatırlatdı. Albaniya parlamenti sədrinin Azərbaycana ilk dəfə rəsmi səfərə gəldiyini qeyd edən Oqtay Əsədov daha sonra hər iki dövlət arasında qarşılıqlı münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin daha sürətli inkişafı üçün böyük potensial olduğunu bildirdi.

Azərbaycana rəsmi səfər üçün edilən dəvətə görə Milli Məclisin Sədrinə təşəkkürünü bildirən Jozefina Topalli ölkəmiz barədə yaxşı təəssüratları olduğunu söylədi. O da belə bir fikrə tərəfdar çıxdı ki, hər iki ölkənin parlament sədrlərinin, deputatlarının, işçi qruplarının qarşılıqlı səfərləri, görüşləri dövlətlərarası əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir. Azərbaycanla Albaniyanın ATƏT-də, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiyini vurğulayan Jozefina Topalli ölkələr arasında əməkdaşlığının daha da dərinləşəcəyinə ümid etdiyini bildirdi.

Azərbaycanın sürətli inkişafından, iqtisadi tərəqqisindən söz açan xanım Topalli dedi ki, ölkənizdə gedən kompleks inkişaf çərçivəsində infrastruktur əhəmiyyətli dərəcədə yenilənib. Məsələn, mən deyərdim ki, dünyada ən gözəl parlament binası Azərbaycandadır. Siz bununla fəxr edə bilərsiniz. Burada deputatların əməli fəaliyyəti üçün gözəl şərait yaradılıb. Rəqəmsal texnologiyanın nailiyyətlərindən istifadə edilib hazırlanan qanun layihələri və digər sənədləri deputatlar birbaşa kompüterlərdən izləyir. Yüksək texnologiyalar zamanında yaşadığımızı nəzərə alsaq, bütün bunlar çox yaxşıdır.

Görüşdə tərəfləri maraqlandıran müxtəlif məsələlər ətrafında da ətraflı fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2010.- 30 iyun- S.  2.