Yevlaxda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir

 

Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq Yevlaxda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir.

Konfransda Prezident Administrasiyasının, Azərbaysan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, ətraf rayonların dövlət qurumlarının təmsilçiləri, bölgə qəzetlərinin redaktorları iştirak etmişlər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbiri açaraq iştirakçıları salamlamış, milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar ölkə miqyaslı tədbirlərə bu bölgədən başlanılmasını bütün yevlaxlılara göstərilən yüksək etimad kimi qiymətləndirmişdir.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev Prezidentin "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamından, milli mətbuatın keçdiyi yoldan, müstəqil mətbuatın yaranması və inkişafında ümummilli lider Heydər Əliyevin rolundan, KİV-lərə göstərilən dövlət qayğısından danışmışdır.

Konfransda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov 1875-ci il iyulun 22-də görkəmli alim, maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzetinin fəaliyyəti, Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yol barədə ətraflı məlumat vermişdir.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli fondun fəaliyyətindən, keçirdiyi müsabiqələr, konfranslar, seminarlar barədə danışmışdır.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı İlham Məmmədov respublikada söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən, müstəqil mətbuatın inkişafında ümummilli lider Heydər Əliyevin rolundan, ulu öndərin sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədi ilə həyata keçirilmiş tədbirlərdən danışmışlar.

Konfransda rayon qəzetlərinin redaktorları və yerli icra strukturlarının nümayəndələri çıxış edərək bölgə mətbuatının fəaliyyəti və problemlərindən bəhs etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 iyun- S.  2.