Yüksək döyüş
qabiliyyətli ordu
Növbəti hərbi təlimlər
Azərbaycan Ordusunun qarşıda duran bütün vəzifələri
yerinə yetirmək iqtidarında olduğunu
bir daha təsdiqlədi
Hər il iyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Qəlbində vətən, yurd sevgisi olan, ordusu ilə daim qürur duyan, onun uğuruna ürəkdən sevinən hər bir vətəndaş üçün bu tarix son dərəcə əlamətdardır. 1918-ci il iyunun 26-da - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi altında ilk əlahiddə Azərbaycan korpusunun yaradılması ilə bu şanlı tarixin əsası qoyulmuşdur. Şərqin təkcə ilk demokratik cümhuriyyətinin deyil, həm də hərbi nizamnamə və əsasnamə əsasında formalaşan ilk nizami ordusunun Azərbaycanda yaranması xalqımız üçün fəxarət doğuran haldır. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə bu əlamətdar tarix Silahlı Qüvvələr Günü elan olunmuşdur. Milli-tarixi varislik baxımından əvəzsiz dəyəri olan bu fərman həm də Azərbaycan hərbçilərinin vətən və xalq qarşısındakı xidmətlərinə verilən yüksək qiymətdir.
Nizami ordu quruculuğu spesifik bir sahə, uzun sürən və gərgin səy göstərilməsini tələb edən mürəkkəb proses olsa da, müstəqil Azərbaycanın son 17 ildə bu sahədə qazandığı nailiyyətlər dövlətin etibarlı müdafiə sisteminin formalaşdığından xəbər verir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra bu sahədə tamamilə yeni mərhələ başlanmış, ordumuzun elmi əsasda qurulması, peşəkar kadr potensialının hazırlanması, nizam-intizamın gücləndirilməsi, maddi-texniki təchizatının yüksəldilməsi baxımından bir sıra vacib işlər həyata keçirilmişdir. 1993-cü il noyabrın 2-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa müraciət edən Heydər Əliyev ictimai ruh düşkünlüyünün qarşısını almış, hamını bir nəfər kimi düşmənə qarşı mübarizədə fəal iştirak etməyə çağırmışdır.
Ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını başlanmışdır. Bu müraciət ictimaiyyətin ayrı-ayrı zümrələri tərəfindən dəstəklənmiş, vətəndaşlar, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr ictimai müdafiə prosesinə fəal şəkildə qoşulmuş, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alınmışdır. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan "Bişkek protokolu"nu imzalamağa məcbur olmuşdur.
Atəşkəsdən sonra ordu quruculuğu istiqamətində ciddi addımlar atılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin ən müasir texnika və avadanlıqlarla təchiz edilməsi, eləcə də bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsi dövlət siyasətinin ən mühüm vəzifələrindən birinə çevrilmişdir. Ordu quruculuğuna dair bütün mühüm tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə, mövcud siyasi kursun tələblərinə uyğun şəkildə yerinə yetirilir.
Ümummilli lider Heydər Əliyevin vaxtilə ordu hissələrində şəxsi heyətlə müntəzəm keçirdiyi görüşlərin nəticələri zaman keçdikcə ordunun əzmkarlığının artmasında özünü büruzə verir. Ulu öndərin hərbi hissələrdəki vəziyyətlə, əsgər və zabitlərin problemləri, qayğıları ilə maraqlanması, hərbi təhsil sisteminin müasirləşməsinə və hərbi biliklərin tədrisinin yüksəlməsinə böyük diqqət yetirməsinin səmərəsi ordunun bugünkü səviyyəyə yüksəlməsində təzahür edir. Eyni kursu bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də inamla davam etdirir, müntəzəm olaraq hərbi hissələrə baş çəkir, zabit və əsgərlərlə görüşür.
Azərbaycan Ordusunun beynəlxalq əməkdaşlığı məsələsi də dövlətin xarici siyasətində aktuallıq kəsb edir. Bu əlaqələrin yüksək səviyyədə qurulması hərbi sahədə peşəkarlığın artırılmasına və təlim-tədris sisteminin modernləşməsinə ciddi təsir göstərmişdir. Respublikamız hələ 1994-cü ilin may ayında NATO-nun "Sülh naminə tərəfdaşlıq" (SNT) proqramına qoşulduğunu çərçivə sazişi ilə təsdiqləmiş, son 10 ildə alyansın Cənubi Qafqaz regionunda ən etibarlı, sınanılmış müttəfiqinə çevrilmişdir. Ötən müddətdə NATO ilə münasibətlər qarşılıqlı maraqlar əsasında, uğurla inkişaf etdirilmişdir. Rəsmi Bakı alyansla münasibətlərini regionun geosiyasi özəlliklərini nəzərə almaqla inkişaf etdirmək niyyətini gizlətmir və bu yöndə əməli addımlar atır. SNT proqramı çərçivəsində əməkdaşlıq ölkəmizə alyansın hərbi-siyasi strukturları ilə yaxından əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək və digər imkanları yaratmışdır. Ölkəmiz NATO-ya yeni dəvət almış dövlətlərin modern ordu quruculuğu sahəsindəki addımlarını yaxından izləyir, bundan praktiki surətdə bəhrələnir. Bu əməkdaşlıq qlobal planda sülh və sabitliyə xidmət etməklə, regionun nəhəng enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə də əsaslı təminat yaradır.
Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir. Həyata keçirilən uğurlu islahatlar sayəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi Prezident İlham Əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan vermişdir. "Sülh istəyirsənsə müharibəyə hazırlaş" tezisindən çıxış edən dövlət başçısı ölkəmizdə hərbi potensialın daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin təcrübəsinə istinad olunması kimi mühüm məsələləri diqqət mərkəzində saxlamışdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan etmişdir.
Xatırlatmaq yerinə düşər ki, hələ 2008-ci ildə - 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən möhtəşəm parad bir daha təsdiqləmişdir ki, ordumuz üzərinə düşən tarixi missiyanın öhdəsindən gəlməyə tam qadirdir. Milli ruhda köklənən, tarixi təməl üzərində sürətlə inkişaf edərək regionun ən qüdrətli silahlı qüvvələrinə çevrilmiş Azərbaycan Ordusu 90 illik yubileyini böyük ruh yüksəkliyi şəraitində keçirmiş, xalqın böyük inam və etimadını hiss etmişdir.
Milli Orduya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə artırılır və bu da paralel olaraq maddi-texniki təminatın, döyüş əhvali-ruhiyyəsinin, nizam-intizamın güclənməsinə səbəb olur. Azərbaycan Prezidentinin 23 iyun 2010-cu il tarixli "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" sərəncamı da hərbçilərə dövlət qayğısının daha bir əyani nümunəsidir. Bu sənəd Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək, sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədinə xidmət edir. Sərəncam əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan həqiqi hərbi xidmət qulluqçuları üçün Bakı şəhərində xidməti yaşayış evlərinin tikintisinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə bu ilin aprelində Müdafiə Nazirliyində keçirilmiş müşavirə göstərdi ki, rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin keyfiyyətcə yeni mərhələyə transformasiyasına və hərbi-siyasi yolla həllinə çalışır. Təcavüzkar ölkə Azərbaycanın çox güclü, mobil və peşəkar orduya malik olduğunu aşkar duymalı və bu psixoloji təsir amili aparılan danışıqların pozitiv məcrada getməsini təmin etməlidir. Bununla yanaşı, Azərbaycan haqlı mövqeyini bundan sonra da müxtəlif beynəlxalq təşkilatlarda müdafiə etmək, Ermənistanın təcavüzkar siyasətinin daha qlobal miqyasda ifşasına nail olmaq, ideoloji-təbliğati sahədə psixoloji üstünlüyü ələ almaq üçün diplomatik fəaliyyətini davam etdirir.
Paralel olaraq Azərbaycan Silahlı Qüvvələrinin taktiki döyüş hazırlığının gücləndirilməsi istiqamətində tədbirlər də uğurla davam etdirilir. İyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təliminin keçirilməsi məhz bu məqsədə xidmət etmişdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləmiş, xüsusi təyinatlıların döyüş fəaliyyətinin nümayişinə baxmış, hərbi texnika və silah nümunələri ilə tanış olmuşdur. Müxtəlif atıcı silahlar, çoxfunksiyalı əməliyyat-idarəetmə sistemi, telegörüntülü müşahidə vasitələri, mina əleyhinə sistemlər, müxtəlif teplovizual və lazer ballistik nişangahlar, gecə nişangahları, hədəfləri müəyyən etmək üçün optik cihazlar, tank əleyhinə raket kompleksləri, minaatanlarla tanış olan Ali Baş Komandan daşınan çoxfunksiyalı kəşfiyyat robotunun fəaliyyətini də izləmişdir.
Təlim zamanı Prezident İlham Əliyev, həmçinin, ən yüksək tələblərə cavab verən, qoşunların manevr imkanlarını və atəş gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan yaradan T 72 M-1 əsas döyüş tankına, 82 millimetrlik avtomatik minaatana, "Qrad" və "LAR" döyüş maşınlarına, avtomatlaşdırılmış idarəetmə sistemləri kompleksinə, düşmənin artilleriyasını, minaatanlarını, texnikasını, canlı qüvvəsini və idarəetmə məntəqələrini məhv etmək, müdafiə qurğularını dağıtmaq qabiliyyətinə malik 122 millimetrlik özüyeriyen minaatan qurğuya, reaktiv mərmilərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, piyadaların modernləşdirilmiş döyüş və zirehli kəşfiyyat-dozor maşınlarına, ön müşahidə sistemlərinə baxmışdır.
Hərbçilər qarşısında çıxış edən Ali Baş Komandan, Prezident İlham Əliyev Silahlı Qüvvələrə bundan sonra lazımi diqqət və qayğının göstəriləcəyini bildirmişdir: "Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi vardır. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılmışdır. Ordumuzun bütün tələbatını ödəmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Sadəcə bir rəqəmi demək kifayətdir ki, son bir neçə il ərzində, daha doğrusu, 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artmışdır. Bu gün 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Yəni bir neçə il bundan əvvəl qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərindən çox olmalıdır. Artıq bu məqsəd reallaşıb. Biz bundan sonra da hərbi gücümüzü artıracağıq, ordumuz üçün lazım olan bütün silah-sursatı və texnikanı alacağıq".
Ümumilikdə, bu gün Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə, mövcud siyasi kursun tələblərinə uyğun şəkildə yerinə yetirilir. Ölkədə hərbi xarakterli cinayətlərin, xüsusən də fərarilik hallarının azalması da məhz ordumuzun gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin, hərbi-vətənpərvərlik əhvali-ruhiyyəsinin nəticəsidir. Azərbaycan Ordusunun mütəşəkkilliyi sahəsində görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən də razılıqla qarşılanır. Ölkə vətəndaşları, o cümlədən yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlər yürüdülən düzgün siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə ürəkdən inanırlar.
Samir ELMANOĞLU
Azərbaycan.- 2010.- 30 iyun- S.
3.