Şəkidə "İpək
yolu" I Beynəlxalq Musiqi Festivalı keçirilir
Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki şəhərində "İpək yolu" I Beynəlxalq Musiqi Festivalı keçirilir.
Beş gün davam edəcək musiqi bayramında şəkililər Koreya Respublikasının folklor kollektivinin, "Sarı gəlin" Norveç-Azərbaycan ansamblının, Qara Qarayev adına kamera orkestrinin, Bəstəkarlar İttifaqının simli kvartetinin, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin xor kollektivi və simfonik orkestrinin, yerli və Bakıdan gəlmiş musiqi kollektivlərinin, habelə Azərbaycan Dövlət Opera və Balet Teatrının konsert və tamaşalarını izləmək imkanı əldə edəcəklər.
Festivalın gündəliyinə uyğun olaraq iyunun 27-də axşam saatlarında Şəki xanları sarayının həyətində Qara Qarayev adına kamera orkestrinin konserti olmuşdur. Xatırladaq ki, orkestr Azərbaycan musiqisinin klassikləri Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə 1964-cü ildə yaradılmışdır. Kollektivin ilk baş dirijoru və bədii rəhbəri respublikanın xalq artisti, dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. Kamera orkestri 40 ildən artıq davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak etmişdir. Orkestrin repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. 1998-ci ildən orkestrə respublikanın xalq artisti Teymur Göyçayev rəhbərlik edir.
T.Göyçayevin dirijorluğu ilə keçən konsert Üzeyir Hacıbəylinin "Arazbarı" simfonik muğamı ilə açılmışdır. Konsertdə həmçinin Motsart, Qara Qarayev, Pyotr Çaykovski, Aqşin Əlizadə, Zakir Bağırov, Süleyman Ələsgərov, Fikrət Əmirov və digər bəstəkarların əsərləri səsləndirilmişdir. Konsert tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanmışdır. Konsertin sonunda şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov şəkililər adından kamera orkestrinin kollektivinə təşəkkür etmiş, kollektivə icra hakimiyyətinin fəxri fərmanı və xatirə hədiyyəsi təqdim olunmuşdur.
Festivalın ikinci günü, iyunun 28-də Azərbaycan Bəstəkarlar İttifaqının "Oazis" simli kvarteti Kiş kəndindəki qədim alban məbədinin həyətində, Koreya Respublikasının folklor ansamblı isə qədim tarix-memarlıq abidəsi olan "Yuxarı Karvansaray" mehmanxana kompleksində konsert proqramı ilə çıxış etmişlər.
Konsertdən əvvəl festival iştirakçıları Şəki "Sənətkarlar evi"ndə yerli sənətkarların əl işləri ilə tanış olmuşlar.
Festivalın proqramına uyğun olaraq Kiş kəndindəki qədim alban məbədinin həyətində Bəstəkarlar İttifaqının "Oazis" simli kvartetinin təqdimatı və konserti olmuşdur. Məlumat verilmişdir ki, simli kvartet 2010-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində yaradılmışdır. Kvartetin yaradılmasının təşəbbüskarı Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir. "İpək yolu" I Beynəlxalq Musiqi Festivalındakı konserti kollektivin ilk çıxışıdır.
Sonra simli kvartet tamaşaçılar qarşısında konsert vermişdir. Proqrama Motsartın "Kiçik gecə" serenadası, Firəngiz Əlizadənin "Oazis", Qara Qarayevin "Kvartet", Ejen İzelin "Ballada" - solo violino üçün, Arnold Şönberqin "Andante", Dmitri Şostakoviçin "Yumoreska" əsərləri daxil idi. Konsert çox uğurlu keçmişdir.
Festival daha sonra qədim tarix-memarlıq abidəsi olan "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində davam etdirilmişdir. Tamaşaçılar əvvəlcə Şəki 3 nömrəli uşaq musiqi məktəbinin "Qönçə" ansamblının çıxışını izləmişlər. Sonra Koreya Respublikasının "Samuinori" folklor ansamblının üzvləri öz məharətlərini göstərmişlər. Bu ansambl hazırda ölkənin ən tanınmış folklor kollektivlərindən biri hesab olunur. Ansamblın üzvləri böyük məharətlə Şərq alətlərində təbiət çalarlarını səs rəngləri ilə təqlid edirlər. Sa-mooi-no-r (Koreya dilində) 4 ənənəvi Koreya alətindən ibarətdir: kiçik qonq, böyük qonq, qum saatına bənzər zərb aləti və zərb aləti. Alətlərdən hər biri sanki müxtəlif hava şəraitini - yağışı, ildırımı, küləyi və buludu təsvir edir. Bütün bunlar ənənəvi Koreya musiqi mədəniyyəti əlamətlərinin göstəricisidir. Musiqiçilərin milli geyimləri və ifa tərzi onların çıxışlarına qeyri-adi kolorit bəxş edir.
Folklor ansamblının çıxışı musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanmışdır. Mərasimdə çıxış edən AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Şəkidə belə bir mötəbər musiqi bayramının təşkilinə görə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadəyə, habelə konsertin gerçəkləşməsinə göstərdiyi dəstəyə görə Koreya Respublikasının Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirmişdir.
"İpək
yolu" I Beynəlxalq Musiqi Festivalı iyulun 2-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 30
iyun- S. 6.