Bakıda Azərbaycan-Polşa
işgüzar görüşü keçirilmişdir
İyunun 29-da Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Polşanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Polşa işgüzar görüşü keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan və Polşa tərəfdən rəsmi şəxslərlə yanaşı, tikinti, sənaye, enerji, neft-kimya və digər sahələrdə fəaliyyət göstərən 20-dən çox iş adamı iştirak etmişdir.
Görüşdə Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və Polşanın xarici işlər nazirinin müavini Pavel Voyçieçovski çıxış etmiş, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat vermiş, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini diqqətə çatdırmışlar.
Tədbirdə AZPROMO-nun vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanın iqtisadi imkanları barədə təqdimat etmiş, ölkəmizin biznes və investisiya mühiti haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
İş adamları arasında keçirilmiş ikitərəfli görüşlərdə iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Tədbirdə, həmçinin Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski iştirak etmişlər.
Azərbaycan.- 2010.- 30
iyun- S. 6.