PA-da Ermənistanın beynəlxalq səviyyəli öhdəliklərini yerinə yetirməməsi haqqında yeni sənəd

 

İşğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməməsi, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə məhəl qoymaması, o cümlədən Avropa Şurasının (AŞ) Nizamnaməsinin tələblərini ardıcıl şəkildə pozması, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) tribunasından dəfələrlə tənqid atəşinə tutulması haqda çoxsaylı sənədlər hazırlanmışdır.

Ermənistanın beynəlxalq öhdəliklərə etinasız yanaşması yalnız bu dövlətin qonşu ölkələrə qarşı müxtəlif əsassız iddialarında, apardığı təcavüzkar siyasətində təzahür etmir. Ermənistan dövləti öz ölkəsinin vətəndaşlarına da həqarətli münasibət bəsləyir, mütəmadi olaraq onların hüquq və azadlıqlarını pozur, xalqın gələcəyinə zərbələr vurur.

AŞ PA-nın yay sessiyasının son günündə nəşr edilərək yayılmış yeni sənəd məhz bu barədədir. "Ermənistan beynəlxalq öhdəlikləri yerinə yetirməməkdə davam edir" adlanan 12323 saylı həmin sənədi Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovdan başqa daha 20 deputat imzalamışdır. Yazılı bəyannamə formasında hazırlanmış bu sənəddə qaldırılan məsələnin - Ermənistanın qəbul edilmiş AŞ qətnamələrinə nümayişkaranə şəkildə etinasızlıq göstərməsini pisləyərək ciddi tədbirlər görülməsini tələb edən deputatlar Hollandiya, Macarıstan, İsveçrə, İtaliya, Norveç, Polşa, Makedoniya və digər ölkələrin təmsilçiləridir.

Sənəddə qeyd olunur ki, Ermənistanda 2008-ci il martın 1-də baş vermiş qanlı hadisələrdən, prezident seçkilərində törədilmiş qanunsuzluqlara etiraz edən 10 nəfərin öldürülməsi, bir çox insanların siyasi motivlərə görə həbs edilməsi AŞ PA-da ciddi etiraz doğurmuşiki il əvvəl bununla bağlı 1609 saylı qətnamə qəbul edilmişdir. Lakin Ermənistan dövləti nəinki bu qətnamədə qaldırılmış tələbləri yerinə yetirmiş, ötən müddətdə öz vətəndaşlarına qarşı yeni zorakılıq tədbirləri həyata keçirmişdir.

AŞ PA qətnaməsində 2008-ci ildə baş vermiş hadisələrin obyektiv şəkildə araşdırılması, günahkarların cəzalandırılması, siyasi motivlərlə həbs olunmuş şəxslərin azadlığa buraxılmasının tələb edilməsinə baxmayaraq, Ermənistan indiyədək həmin tələblərin yerinə yetirilməsi istiqamətində heç bir görməmişdir.

Yazılı bəyannaməni şərh edən Rafael Hüseynov demişdir: "10 il əvvəl Ermənistan AŞ-a yeni üzv qəbul edildiyi vaxtlarda bu dövlətin təcavüzkar siyasəti və terrorçu mahiyyəti barədə hazırladığımız sənədlərə imza toplamaqda çox böyük çətinlik çəkirdik. Çünki birtərəfli qaydada aparılmış erməni təbliğatı nəticəsində bir çoxlarında Ermənistan və ermənilər haqqında yanlış təsəvvür yaranmış, onlar məsum və əzablara düçar olmuş xalq kimi təsəvvür edilmişdir. Lakin aparılan ardıcıl nəticəsində Ermənistan artıq AŞ PA-da tam ifşa olunmuşdur. Tək-tək muzdlu havadarları nəzərə alınmazsa, Parlament Assambleyasında bütün deputatlar Ermənistanın hansı məqsədə qulluq etdiyini yaxşı anlamışlar. Ona görə də bu dövlətin yürütdüyü qanunsuz siyasəti ifşa edən sənədlərə tərəddüdsüz imza atırlar. Elə son yazılı bəyannamə də bunun əyani sübutudur.

Ermənistan monitorinq altında olan dövlətdir və bu sessiyadan sonra həmin ölkədə gedən proseslər, eləcə də Ermənistanın təcavüzkar siyasətinin törətdiyi bütün fəsadlar daha artıq nəzarətdə olacaqdır. Çünki Ermənistandakı prosesləri və Ermənistanın çürük xarici siyasətini əvvəlki vaxtlardan fərqli olaraq daha obyektiv bir məruzəçi izləyəcəkdir. Biz isə öz növbəmizdə Ermənistanın həm öz xalqına, həm qonşularına qarşı yeritdiyi quduz siyasətin paxırını açmaqda, AŞ PA-da Ermənistanın və erməniçiliyin üzünü hamıya göstərən yeni sənədlər hazırlamaqda və çıxışlar etməkdə əvvəlkindən də qətiyyətli olacağıq".

Yazılı bəyannamə AŞ PA-nın yay sessiyasının axırıncı günündə rəyasət heyəti tərəfindən elan edilmiş, digər deputatlar da bu sənədə imza atmağa dəvət olunmuşlar.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2010.- 30 iyun- S.  6.