Sənətkar ömrünün
hesabatı
Memarların qəribə taleyi var. Başqa yaradıcı insanlardan (deyək ki, yazıçıdan, bəstəkardan, rəssamdan) fərqli olaraq, qurduğu abidənin, yaratdığı memarlıq komplekslərinin üzərlərində çox vaxt adları yazılmır. Seyrçinin də özünəməxsus qəribəlikləri var. Hansısa bir kitabın, musiqi əsərinin mütləq müəllifi ilə maraqlanır, yaradıcılığından xəbər tutmağa çalışır. Əzəmətinə, monumentallığına, ifadə etdiyi mənaya görə qarşısında heyrət kəsildiyi hansısa bir heykəlin, tarixi binanın kim tərəfindən layihə edildiyi yadına da düşmür. Əgər bu gün şəhərimizdə ucaldılmış tarixi binaların, abidələrin, bir sıra heykəltəraşlıq komplekslərinin yaradıcıları ilə əlaqədar oxucular arasında sorğu keçirsək, cavab heç də ürəkaçan olmayacaq. Halbuki təkcə bu abidələrin deyil, bütün mədəniyyət ocaqlarının, sarayların, teatr binalarının akustikasını, bədii tərtibatını, müxtəlif memarlıq üsullarını yaradanlar var.
Azərbaycan Dövlət mükafatı laureatı, Beynəlxalq Şərq Ölkələri Memarlıq Akademiyasının üzvü Ramiz Əbdülrəhimov memarlıq konstruksiyaları və abidələrin bərpası ilə məşğul olan memardır. O, 1940-cı il iyun ayının sonunda Bakıda ziyalı ailəsində doğulub. Onların nəsli dədə-babadan inşaatla məşğul olub. Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin memarlıq bölümünü bitirib. "Azərkəndlayihə" İnstitutunda texnik, baş texnik, memar vəzifələrində çalışıb. 1971-ci ildə Moskvada elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Bir müddət Azərbaycan Politexnik İnstitutunda çalışan Ramiz Əbdülrəhimov hələ sovet dövründə Almaniyanın Drezden və Berlin şəhərlərində elmi tədqiqatla məşğul olub. 1977-ci ildən indiki Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışır. 1981-1993-cü illərdə memarlıq fakültəsinin dekanı vəzifəsini icra edib. Dövlət müstəqilliyimizi qazandıqdan sonra bir müddət Türkiyənin müxtəlif universitetlərində gələcək memarların hazırlanmasında fəal iştirak edib. Türkiyədə dərs deməklə bərabər müxtəlif layihələr yerinə yetirmiş və memarlığın ayrı-ayrı sahələrinə aid altı kitab nəşr etdirmişdir. 1996-cı ildə memarlıq doktoru dissertasiyasını müdafiə edən Ramiz Əbdülrəhimov AMİU-nun professorudur.
Tanınmış memarın hazırladığı layihələrlə maraqlananda gördüyü işlərin genişliyi, layihələrinin əhatəsi heyrət doğurur. Təkcə Bakıda deyil, bölgələrimizin əksəriyyətində şəhərsalma və baş plan məhz ona məxsusdur. Lənkəran, Ağdaş, Şirvan, Şəki, Xaçmaz, Salyan və s. yerlərdə bu təcrübəli memarın baş planı əsasında müxtəlif layihələr həyata keçirilib.
Bakı şəhərinin teatr və tamaşa salonlarının, demək olar ki, əksəriyyətinin layihələri Ramiz Əbdülrəhimov tərəfindən hazırlanıb. Bakıda "Gülüstan" sarayı, "ÜNS" teatrı, "Yaşıl teatr", Azərbaycan Milli Akademik Teatrı, Opera və Balet Teatrı, Opera studiyası, Dənizkənarı parkda inşa olunması nəzərdə tutulan "Bahar" kinoteatrı, İstanbulda Lütfi Kırdar adına Konfrans Mərkəzi, həmçinin Trabzonda Beynəlxalq Konfranslar Mərkəzi və s. məkanlarda gözəl akustikanın olması, dinləyicilərin tam rahatlığı və xidməti üçün lazımi şəraitin yaradılması, müxtəlif məqsədlər üçün gərəkli məkanların inşası məhz Ramiz Əbdülrəhimova məxsusdur.
Ötənləri xatırlayarkən Azərbaycan Opera və Balet Teatrı ilə bağlı fikirlərini belə dilə gətirdi: "1911-ci ildə inşa edilmiş və əsasən modern stilində memarlığı ilə fərqlənən Bakıdakı Opera və Balet Teatrı 1980-ci ilin ortalarında bizim də iştirak etdiyimiz bərpa-layihə qrupu tərəfindən yenidən qurulmuşdur. Yenidənqurma işləri bitdikdə binanın damının izolyasiyasının aparılması zamanı erməni ustaların təxribatı nəticəsində damda yanğın baş vermiş və əsasən ağac element və konstruksiyaları olan bina qısa bir zaman ərzində tamamilə yanmışdı. Bu səbəbdən də bu qədim mədəniyyət ocağını təkrar qurmaq məcburiyyətində qaldıq. Bünövrədən başlayaraq yenidən inşa edilən binada səhnə qismi böyüdülmüş, səhnə avadanlığı, işıq texnikası yeniləşdirilmiş, salonun tavanının yüksəldilməsi nəticəsində yenidən salona bir sıra loja və ikinci balkonlar əlavə edilmişdir. Vestibül, qarderob və s. məkanlarda yerdəyişmələr, yeniliklər edilmişdir. Əsas fasada yeni qüllələr əlavə edilmişdir. Gözəl akustikası ilə hələ keçmişdə fərqlənən salonun bugünkü görünüşü mütəxəssislər, eləcə də ifaçılar və tamaşaçılar tərəfindən yüksək şəkildə dəyərləndirilir". Məhz Opera və Balet Teatrının yenidənqurulması və bərpa layihəsinə görə Ramiz Əbdülrəhimov və mərhum Əliş Ləmbəranski Azərbaycan Dövlət mükafatına layiq görülüblər.
2009-cu ildən başlayaraq Üzeyir Hacıbəyli adına Milli Musiqi Akademiyasında musiqi akustikası laboratoriyası yaradılmaqdadır. Ramiz müəllim söyləyir ki, biz burada qədim musiqi alətlərimizin bütün elementlərinin akustik xüsusiyyətlərinin öyrədilməsinə çalışırıq. İfaçıların öz səslərindən düzgün və səmərəli istifadə edə bilmələri üçün hər cür təbii şərait və son dərəcə yüksək səviyyədə, analoqu olmayan akustik şərait nəzərdə tutulub. Söhbət əsnasında yeni planlarından söz açan Ramiz Əbdülrəhimov bildirdi ki, dilləri, adət-ənənələri, dini inancları eyni olub, yaşam tərzləri bir-birinə bənzəyən türkdilli xalqların əksəriyyəti eyni coğrafi bölgədə yaşayır. Bu danılmaz bir faktdır ki, bu xalqların bir-birinə yaxınlaşmasında, əlaqələrin dərinləşməsində ümummilli lider Heydər Əliyevin böyük əməyi, əvəzsiz xidməti olub. Bu gün bu missiya ölkə başçısı cənab İlham Əliyev tərəfindən də davam etdirilir. Gündən-günə böyüməkdə və inkişaf etməkdə olan dövlətlərin bir-birinə yaxınlaşması və inteqrasiya olunması, həm siyasi, həm də mədəni əlaqələrin qurulması çox vacibdir. Bunlar müxtəlif birliklər şəklində də öz əksini tapır. Bir memar olaraq istəyirəm ki, türkdilli dövlətlər birliyinin bir mərkəzi binası olsun. Artıq bu layihə hazırdır. Belə bir mərkəzin Avropa ilə Asiyanı birləşdirən Türkiyənin İstanbul şəhərində inşası nəzərdə tutulub. Mərkəzin qurulması üçün lazım olan vəsaitin türkdilli dövlətlər tərəfindən ödənilməsi nəzərdə tutulub.
Ömrü boyu arzu və istəklərini daşlaşmış yaddaşlara yazan Ramiz Əbdülrəhimov həmişə gənclik həvəsi ilə işləyir. Olduqca nikbin bir şəxsiyyətdir. "Bir memar kimi mən bütün mükafatları, təltifləri almışam. Hazırda fəaliyyət göstərən iki memardan biriyəm ki, Dövlət mükafatına layiq görülmüşəm. Mən özümü xoşbəxt sanıram. Vətənimin hansı guşəsinə getsəniz, orada mənim yadigarlarım var. Bundan böyük səadət anlaya bilmirəm. Ömür-gün yoldaşım Ramidə xanımla (onlar həm də tələbə yoldaşı olublar) əl-ələ verərək həm həyatda, həm də sənətdə uğurlar qazandıq. Ailədə iki qızım var. Təranə biz oxuyan ali məktəbi bitirdi, amma yolumuzu, hiss edirəm ki, nəvələrimiz davam etdirəcək. Heç bilmədik illər necə keçdi. İndi dostlar söyləyəndə ki, 70 yaşın tamam olur, özüm təəccüblənirəm. Nə tez? Mənim görəcəyim işlər çoxdur".
Şair Nəriman Həsənzadənin gözəl bir sözü var: "Ömrün sevinci yaşa qalibdir". Bu mənada Ramiz Əbdülrəhimovun bir memar, pedaqoq və tərbiyəçi kimi qazandığı uğurlar ona həmişə sevinc və fərəh gətirib.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 30
iyun- S. 8.