Prezident İlham Əliyev AzərTAc-ın 90 illik yubiley mərasimində MDB ölkələri Milli İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir

 

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir.

Görüşdə Prezident İlham Əliyev Bakıda keçirilən tədbirin uğurlu olacağına əminliyini bildirdi. Qeyd etdi ki, AzərTAc-ın yubileyi çərçivəsində keçirilən ənənəvi tədbir qonaqlara Azərbaycanla daha yaxından tanış olmaq imkanı yaradır. Dövlətimizin başçısı belə görüşlərin, aparılan fikir mübadilələrinin ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaya daha geniş imkanlar açdığını vurğulayaraq dedi ki, bu baxımdan informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin fəaliyyətindən çox şey asılıdır. Həqiqi məlumatın vaxtında verilməsi operativ qərarların qəbulu, proseslərin düzgün şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol oynayır.

Azərbaycanın MDB məkanında inteqrasiya proseslərində fəal iştirak etdiyini bildirən dövlətimizin başçısı Bakı görüşünü KİV-lər arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm hadisə kimi səciyyələndirdi.

Prezident İlham Əliyev son illər Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilən uğurlardan da danışdı. Ötən ilin bütün dünya üçün sınaq ili olduğunu söyləyən dövlətimizin başçısı, buna baxmayaraq, Azərbaycanda nəzərdə tutulan layihələrin hamısının uğurla həllini tapdığını diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın ikitərəfli əlaqələrdə əməkdaşlıq potensialından maksimum istifadə etməyə bu əməkdaşlığı uzunmüddətli, qarşılıqlı hörmət maraq əsasında qurmağa çalışdığını dedi. Qeyd etdi ki, ölkəmiz xarici siyasət sahəsində böyük uğurlar əldə edibdir.

Daha sonra dövlətimizin başçısı bu yaxınlarda Bakıda keçirilən humanitar əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Forumunun əhəmiyyətindən danışdı. Rusiyanın siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrini təmsil edən nümayəndə heyətinin forumda iştirakının önəmini vurğuladı.

Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin ölkələr arasında münasibətlərin genişlənməsindəki roluna toxunaraq dedi:

- Buna baxmayaraq, kütləvi informasiya vasitələri daha yaxşı qarşılıqlı anlaşmaya, yaxınlaşmağa əməkdaşlığın genişləndirilməsinə fəal kömək edə bilərlər. Lakin təəssüf ki, bəzən əksinə olur. Bəzən hansısa yoxlanılmamış ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya ikitərəfli münasibətlərə müəyyən dərəcədə zərər vura bilər. Buna görə biz hamımız - həm siyasətçilər, həm KİV nümayəndələri, həm ictimai qurumlar əlbəttə, ilk növbədə, qarşımızda duran vəzifələrə məsuliyyətlə yanaşmalıyıq.

Onu da deməliyəm ki, sizin təmsil etdiyiniz informasiya orqanları bu baxımdan məhz özlərinin məsuliyyəti, ədalətliliyi, düzgün təhlil, eləcə qərəzsiz olmaları ilə bütövlükdə müsbət mənada çox fərqlənir. Ona görə ki, müxtəlif KİV-lərin, o cümlədən informasiya agentliklərinin informasiya siyasəti, əlbəttə, müxtəlifdir. Bəziləri, bəlkə çoxları informasiyanı yaymaqla kifayətlənmir. Bütün bunlar, o cümlədən analitik materiallar, xüsusən həqiqətən analitik xarakter daşıyan, tarixi həqiqətə əsaslanan materiallar çox vacibdir əlbəttə böyük maraq doğurur. Onda əlbəttə düzgün təhlil aparmaq daha asan olur.

Azərbaycanda bir çox informasiya agentlikləri, yüzlərlə qəzet, elektron kütləvi informasiya vasitələrinin fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı bu istiqamətdə mühüm keyfiyyət dəyişikliklərinin baş verdiyini vurğuladı. Prezident İlham Əliyev Bakıda keçirilən növbəti tədbirin səmərəli olacağına yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı MDB məkanında informasiya mübadiləsini gücləndirmək barədə yeni formalar üzərində düşünməyi tövsiyə etdi.

 

* * *

 

Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Vitali İQNATENKO Bakı görüşünün kütləvi informasiya vasitələri sahəsində mövcud məsələləri müzakirə etmək üçün yaxşı imkan olduğunu bildirərək dedi:

- Zati-aliləri, cənab Prezident!

Hörmətli İlham Heydər oğlu!

Sizinlə burada görüşmək bizim üçün böyük şərəfdir, çünki MDB Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının növbəti iclasının Azərbaycanın paytaxtı Bakıda keçirilməsinin təşəbbüskarı Siz olmusunuz. Çox yaxşı haldır ki, bu iclas bizim qardaşlarımızın - AzərTAc informasiya agentliyinin bu gün qeyd etməyə başladığımız yubileyi ilə eyni vaxta düşmüşdür. Zənnimcə, bu hadisələrin eyni vaxta düşməsi təsadüfi deyildir. Bu, bizim üçün çox xoşdur. Odur ki, biz öz həmkarlarımızı, dostlarımızı yubiley münasibətilə təbrik etmək ümumi işlərimiz, ümumi ovqatımız, ümumi informasiya məhsullarımız barədə danışmaq imkanı əldə etmişik. Mənim fikrimcə, bu gün həmin məhsulların təkmilləşdirilməsinə, onların daha zəngin məzmun kəsb etməsinə həqiqətən ehtiyac vardır.

Biz çox şadıq ki, MDB Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının formatı genişlənmişdir. Bu, AzərTAc agentliyinin nüfuzunu təsdiq edir. Xüsusən son illərdə AzərTAc nüfuzlu orqana çevrilmişdir, bütün dünya Azərbaycanda baş verənlərdən AzərTAc vasitəsilə xəbər tutur. Əlbəttə, nümayəndələri burada iştirak edən ölkələrin hər biri haqqında bizim daha çox bilməyimiz, onların uğurlarına görə qürur duymağımız, nöqsanlarına görə mütəəssir olmağımız, bir-birimizə kömək etməyimiz üçün biz hələ çox işləməliyik. Əlbəttə ki, ilk addımlar atılmışdır. Bizim bu görüşlər həqiqətən ənənəvi hal almışdır. Biz ildə iki dəfə bu cür böyük informasiya qardaşlığında görüşürük. Bizim müştərək layihələrimiz, müştərək portalımız vardır. Biz müştərək təqvimlər buraxırıq.

İndi ən mühüm mövzu Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinin bayram edilməsidir. Burada da çox görülmüşdür. Lakin ən başlıcası Sizin qeyd etdiyiniz məsələdir - hər bir ölkə haqqında birlikdə hamımız haqqında ətraflı, səmimi, düzgün obyektiv söhbət aça bilmək üçün yeni yollar tapmalıyıq.

Çox sağ olun.

 

* * *

 

Türkiyənin Anadolu agentliyi idarə heyətinin sədri baş direktoru Hilmi BENGİ görüşdə çıxış edərək dedi:

- Hörmətli Prezident, icazənizlə mən bir neçə kəlmə söyləmək istəyirəm.

Azərbaycan Respublikasının hörmətli Prezidenti, bundan 18 ay əvvəl Asiya Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının - OANA-nın toplantısına gəldiyimiz zaman yenə bizi qəbul etmişdiniz. İndi təkrar hüzurunuzda olduğum üçün təşəkkürlərimi bildirmək istəyirəm. Həqiqətən bizi qəbul etməyiniz böyük alicənablıqdır. Çox təşəkkür edirik.

Keçən 18 aydan sonra bu səfərimdə müşahidələrim bundan ibarət oldu ki, hava limanından şəhərə gələrkən tamamilə başqa bir Azərbaycan, tamamilə başqa bir Bakı gördüm. Əminəm ki, digər yoldaşlar da eyni qənaətdədirlər. Həqiqətən Azərbaycan çox böyük inkişafa nail olmuş, modern bir ölkə olmuş, Bakı müasir şəhər olmuşdur. Bunun üçün Sizə çox böyük təşəkkürlərimi bildirmək istəyirəm.

Qardaşımız Aslan Aslanovun dəvətinə əsasən Azərbaycanın, AzərTAc-ın dostları burada bir yerdəyik. AzərTAc-ın qurulmasının 90-cı ildönümünü təbrik edirik.

Səhərki tədbirdə ifadə edildi ki, milli xəbər agentliklərinin taleləri ilə millətlərin taleləri eynidir. Milli xəbər agentlikləri müstəqillik mübarizələrinin rəmzləridir. AzərTAc da Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. Eyni şəkildə Anadolu agentliyi Türkiyə Respublikası hətta ondan daha əvvəl yaradılmış Türkiyə Böyük Millət Məclisi ilə eyni yaşdadır. Biz 90-cı ildönümümüzü qeyd edirik. Bu səbəblə AzərTAc-ın 90-cı ilini təkrar təbrik edirik. Azərbaycana AzərTAc-a neçə belə müvəffəqiyyətli illər diləyirik.

Hörmətlərimi ifadə edirəm!

 

* * *

 

Prezident İlham Əliyev tədbir iştirakçılarına uğurlar arzuladı. Bildirdi ki, artıq 20 ildir ölkələrimiz müstəqilliyini bərpa etmişdir MDB məkanında münasibətlər inkişaf edir, əməkdaşlığın formaları təkmilləşir. Bu, özünü KİV- göstərir. Humanitar əməkdaşlığın vacibliyindən danışan dövlətimizin başçısı bu sahədə əlaqələrin dinamikliyinin saxlanmasının vacibliyini bildirərək dedi: İnanıram ki, MDB ölkələri qonşu dövlətlər əməkdaşlıqda maraqlıdırlar.

Prezident İlham Əliyev bir daha tədbir iştirakçılarına uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 mart.- S.1.