10. Azərbaycanın iqtisadi yüksəlişində sənaye amili

 

"Biz Azərbaycanda çox güclü sənayeləşmə siyasətini aparırıq və bildiyiniz kimi, bu sahəyə diqqət günü-gündən artır. Biz həm yerli investorları ruhlandırırıq, həm də xarici sərmayələri alqışlayırıq. Elə etmək istəyirik ki, Azərbaycana qoyulan vəsait ölkəmizdə çox güclü sənaye potensialı yarada bilsin"

 

İlham ƏLİYEV

 

Tarixi təcrübə sübut edir ki, istənilən dövlətin inkişaf göstəricilərində mühüm uğurlar əldə olunmasını, ümumi tərəqqinin bütün sahələr üzrə dinamik artımını şərtləndirən əsas amil möhkəm bazisə malik güclü iqtisadiyyatın qurulmasıdır. Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu mənada, Azərbaycanın əsas aparıcı sahələr üzrə nümayiş etdirdiyi yüksək və dinamik inkişafın özülündə duran başlıca məqamlardan biri kimi məhz ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin çıxış etdiyi danılmaz faktdır. Həmçinin iqtisadi və siyasi sahədə islahatların paralel şəkildə həyata keçirilməsi, görülən digər işlər ümumilikdə Azərbaycanın kompleks inkişafını təmin edir, onun tərəqqi dinamikasına görə nəinki MDB, eləcə də dünya miqyasında birincilər sırasında yer almasına səbəb olur.

 

Azərbaycanı sənaye dövlətinə çevirən lider

 

Son bir neçə ildə artım göstəricisi baxımından dünyada ilk yerin sahibi kimi çıxış edən Azərbaycan iqtisadiyyatını xarakterizə edən əsas göstəricilərdən biri onun konkret bir sahəni yox, digər mühüm iqtisadi sferaları da əhatə etməsidir. Bunun nəticəsidir ki, karbohidrogen ehtiyatları ilə zəngin olan ölkəmizdə iqtisadi inkişaf təkcə enerji sferası ilə məhdudlaşmayaraq başqa sahələr üzrə də özünü qabarıq büruzə verir. Belə sahələrdən danışarkən sənayenin payı xüsusi qeyd olunmalıdır. Çünki bu gün ölkəmizdə əhəmiyyətli dərəcədə inkişaf edən, istehsal göstəriciləri daim yüksəlməkdə olan və kifayət qədər böyük bir potensiala malik sənaye mövcuddur. Ölkə iqtisadiyyatında xüsusi çəkiyə malik olan sənayenin möhkəm dayaqlar üzərində qurulması ötən ilin yekunlarında da özünü aydın göstərdi. Belə ki, dünyanın əksər dövlətlərində, o cümlədən sənayeləşmiş dövlətlərdə bu sahədə ciddi tənəzzül yaşandığı halda, Azərbaycanda sənaye istehsalında 8,6 faizlik bir artım qeydə alındı. Məhz bu, bir daha Azərbaycan sənayesinin inkişaf strategiyasının nə dərəcədə düzgün müəyyən olunduğunu və uğurla həyata keçirildiyini əyani nümayiş etdirdi.

O da danılmaz reallıqdır ki, bir vaxtlar keçmiş SSRİ-də kənd təsərrüfatı ölkəsi kimi qəbul olunan Azərbaycanın sənayeləşmiş bir dövlətə çevrilməsi ümummilli lider Heydər Əliyevin 1969-cu ildə ölkəyə rəhbər seçilməsindən sonra baş verdi. İndi uğurla inkişaf edən sənayenin əsasları məhz o illərdə yaradıldı. Heydər Əliyevin birbaşa iştirakı və təşəbbüsü ilə Ümumittifaq səviyyəsində qəbul edilən qərarlara əsasən, qabaqcıl texnologiyaya uyğun sənaye bazasının təməli qoyularaq inkişaf etdirildi. Bununla yanaşı, sənayenin strukturunun təkmilləşdirilməsi siyasəti həyata keçirildi, iri cihazqayırma, radiotexnika, elektrotexnika, dəzgahqayırma və avtomobil sənayesi müəssisələri yaradıldı. Fəaliyyətdə olan zavodların yenidən qurulması və genişləndirilməsi reallaşdırıldı. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində vacib rol oynayan neft-kimya sənayesinin tamamilə modernləşdirilməsi məhz Heydər Əliyevin gördüyü işlər sayəsində mümkün oldu. Digər sənaye sahələri, o cümlədən xeyli sayda yeni fabriklərin, zavodların təməli də ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə qoyuldu.

Ötən əsrin 90-cı illərində SSRİ-nin dağılması ilə ikinci dəfə dövlət müstəqilliyini əldə edən Azərbaycan ilk dövrdə siyasi həyatı ilə yanaşı, iqtisadiyyatında da xaotik bir dönəm yaşamalı oldu. Yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra buna son qoyuldu, həmçinin Azərbaycanın iqtisadi inkişafında, o cümlədən sənayesində yeni dövr başlandı.

Xüsusən də, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" kontraktı neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə böyük təkan verdi. Özü də Azərbaycanda təkcə hasilat yox, emal sənayesinin də ümumi iqtisadiyyatda payı əhəmiyyətli dərəcədə artmağa başladı. Bunun nəticəsi idi ki, neft və qaz sektoru ilə yanaşı, kimya, maşınqayırma, qara və əlvan metallurgiya, sement və başqa tikinti materialları, ağac və kağız məhsulları sənayesi sahələrində məcmu istehsal çoxaldı. Yüngül və yeyinti sənaye məhsullarının ölkə daxilində istehsalında mühüm nailiyyətlər əldə olundu. Digər tərəfdən, sənaye ilə bağlı sahələrin inkişafı da bu dövrdə özünü qabarıq şəkildə büruzə verməyə başladı. Sənayenin belə inkişafı Azərbaycanda ümumi daxili məhsulun artımında əhəmiyyətli rol oynamaqla yanaşı, işsizlik probleminin aradan qaldırılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə də öz töhfəsini verirdi. Burada mühüm bir statistik göstəricini qeyd etmək vacibdir ki, 1993-2003-cü illər ərzində 3 mindən artıq yeni sənaye müəssisəsi açılmış və 2004-cü ilin yanvarın 1-nə olan məlumata görə, onların sayı 5536-ya çatmışdı. Əsası ümummilli lider tərəfindən qoyulan və indi də uğurla həyata keçirilməkdə olan "açıq qapı" siyasəti nəticəsində isə 1993-cü ildən etibarən Azərbaycanda xarici və müştərək müəssisələrin sayı çoxalmaqdadır.

 

Regionlarda yaradılan yeni sənaye müəssisələri

 

Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin 2003-cü ildə xalqın yekdil iradəsi ilə dövlət başçısı seçilməsindən sonra Azərbaycanda digər sahələr kimi sənayedə də inkişaf tempi qorunub saxlandı və istehsal göstəriciləri daha böyük rəqəmlərlə ifadə olunmağa başladı. Bununla yanaşı, Azərbaycanda yeni sənaye müəssisələri də yaradıldı ki, onları da fərqləndirən əsas xüsusiyyətlərdən biri istehsal güclərinin kifayət qədər böyük olması idi. Qeyd edilənlərə misal olaraq Şamaxıda yerləşən və respublikamızın sənaye sektorunun ən nəhəng strukturlarından biri hesab olunan "Azərelektronika" məişət cihazları istehsalı zavodunun adını çəkmək olar. İllik istehsal gücü 600 min kondisioner olan bu zavod respublikamızda sənayeləşmənin formalaşmasında başlıca rol oynayır və onun soyuducu, tozsoran, həmçinin digər məişət avadanlıqlarının buraxılması istiqamətində fəaliyyəti göstərilən məhsullara yerli tələbatı ödəməklə yanaşı, ixrac üçün də potensial yaradır. Eyni sözləri Gəncədə yerləşən polad kompleksi və "Dür-al" alüminium, eləcə də digər bölgələrdə yeni inşa olunan, yaxud fəaliyyət dairəsi genişləndirilən sənaye müəssisələri barədə də söyləmək mümkündür. Bu kimi amillər ümumilikdə Azərbaycanın sənaye məhsullarının da ixrac həcmini genişləndirməsinə münbit şərait yaradan əsas faktorlardandır. Daha bir önəmli məqam isə sənaye müəssisələrinin təkcə ölkənin iri şəhərlərində yox, regionlarında da qurulmasıdır. Bununla da, indi Azərbaycanda sənaye istehsalının bütün ölkə üzrə paylanmasına nail olunub.

Əlbəttə ki, əldə olunan nailiyyətlərə baxmayaraq, Azərbaycan üçün prioritet təşkil edən vacib məqamlardan biri sənaye sahəsində qazanılan uğurların daha da artırılmasına nail olmaqdır. Bunlardan biri də enerji sektoruna köklənmiş sənaye üzrə nailiyyətlərin miqyasının genişlənməsi, davamlı inkişafın təmin olunması ilə bağlıdır. Məlumdur ki, ölkəmizdə iqtisadiyyatın və əhalinin enerji daşıyıcılarına olan tələbatının ödənilməsi istiqamətində əhəmiyyətli işlər görülməkdədir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqətinin bariz nümunəsi kimi isə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji daşıyıcılarına artan tələbatların daha səmərəli surətdə ödənilməsinin təmin edilməsi məqsədilə Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2004-cü il tarixli 635 ¹-li fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nı göstərmək olar. Ümumiyyətlə, sənaye sahəsində Azərbaycanın qazandığı ən mühüm uğurlardan biri də ölkədə elektrik enerjisinin istehsal gücünün artırılması istiqamətində görülən işlərdir. Araşdırmalar göstərir ki, ölkənin elektrik stansiyalarında ildə orta hesabla 21milyard kilovat-saat elektrik enerjisi istehsal olunur və bu, respublikada elektrik enerjisinə olan tələbatın tam təmin edilməsinə kifayət edir. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 19 milyard kilovat-saata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 2,2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsalı düşür. Hazırda respublika iqtisadiyyatının elektrik enerjisinə olan tələbatı 12 istilik elektrik stansiyası hesabına tamamilə ödənilir. Onların ümumilikdə gücü 5900 meqavata (MVt) yaxındır. Hələlik elektrik enerjisi istehsalının 90 faizi İES-lərin, 10 faizi isə SES-lərin payına düşür.

Real şəraitdə energetika sənayesinin inkişafı məqsədilə aşağıdakı istiqamətlərdə işlərin aparılmasının davam etdirilməsi nəzərdə tutulur: alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi; yeni stansiyaların və ötürücü şəbəkələrin tikintisi; stansiyalarda və enerji ötürmə sistemində yenidənqurma işlərinin aparılması; yanacaq sərfinin azaldılması; enerji istehsalında və ötürmədə texniki və texnoloji itkilərin azaldılması; energetika sektorunda struktur dəyişikliklərinin aparılması və idarəetmə sisteminin təkmilləşdirilməsi; energetika sektorunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi.

Bütün bunlar Azərbaycanda energetika sənayesinin qarşıdakı dövr ərzində daha da güclənəcəyindən xəbər verir. Ümumi sənaye istehsalının energetikadan olan asılılığı nəzərə alınarsa, bunun ölkəmiz üçün nə dərəcədə vacib əhəmiyyət kəsb etməsi bir daha aydın görünər. Onu da bildirək ki, energetika sektorunda mühüm rol oynayan neft və qaz hasilatı sənayesinin inkişafı məqsədilə aşağıdakı istiqamətlərdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur: yeni yataqların axtarışı və kəşfiyyatı; aşkar edilmiş yataqların tammiqyaslı işlənməyə cəlb edilməsi; işlənmədə olan yataqlarda yeni quyuların qazılması və fəaliyyətsiz quyuların bərpası; işlənmədə olan yataqlar üzrə neftvermə əmsalının artırılması məqsədilə yeni texnika və texnologiyaların tətbiqi; neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması və modernləşdirilməsi; elm və texnikanın nailiyyətlərindən və qabaqcıl təcrübədən geniş istifadə edilməsi.

 

Azərbaycan postsənaye dövrünə hazırdır

 

Lakin energetika ilə yanaşı, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələri də Azərbaycanda bu gün böyük sürətlə inkişaf etməkdədir. Konkret strategiya və proqramlarla müəyyən olunan bu inkişaf ümumi iqtisadiyyatda sənayenin çəkisinin artmasına əhəmiyyətli təsir göstərir. Bunun nəticəsidir ki, son illərdə ölkəmizdə kassa aparatlarının, mikrokalkulyatorların, telefon aparatlarının, məişət elektrik cihazlarının, plastik qapı və pəncərə bloklarının, neftin nəqli üçün xüsusi boruların və digər məhsulların istehsalı mənimsənilib, əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qismi artıq Azərbaycanda istehsal olunmağa başlanıb. Həyata keçirilən "açıq qapı" siyasətinin nəticəsində isə sənayedə xarici və müştərək müəssisələrinin sayı 3 dəfədən çox artıb, bu sahədə minlərlə yeni iş yerləri açılıb.

Bununla yanaşı, yeni formalaşan təsərrüfat strukturlarının nəzərə çarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur. Qeyd olunan faktorlar isə illər üzrə sənayenin ümumi artımına və burada qeyri-dövlət sektorunun oynadığı rola da təsirsiz ötüşmür. Belə ki, sənaye məhsulunun ümumi istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 1995-ci ildəki 5,5 faizdən 2008-ci ildə 75 faizədək artıb. Ötən il isə qlobal maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, sənaye istehsalında artım 8,6 faiz təşkil edib.

Sadalananlar fonunda ortamüddətli perspektivdə sənaye sahəsində dövlət siyasətinin əsas məqsədləri sənaye istehsalının dayanıqlı və yüksək artım templərinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması olacaq. Bu sahədə əsas tədbirlər istehsal avadanlığının yüksək mənəvi və fiziki aşınmasının aradan qaldırılmasından, milli məhsulun rəqabət qabiliyyətliliyinin, sənayedə investisiya və innovasiya fəallığının artırılmasından, qeyri-neft sektorunun daha sürətli inkişafının və emal fəaliyyət növlərinin stimullaşdırılmasından ibarətdir.

Bilindiyi kimi, ölkəmizdə neft sektorunun dinamik inkişafı qeyri-neft sahələrinin tərəqqisinin daha da sürətləndirilməsi üçün möhkəm zəmin yaradır. Bununla yanaşı, qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi və digər islahatlar növbəti illər ərzində qeyri-neft sahələrinin daha intensiv inkişafını təmin edəcək əsas faktor kimi çıxış edir.

Bununla belə, qeyri-neft sektorunun, o cümlədən neftdən asılı olmayan sənayenin daha da inkişafı üçün qarşıdakı dövrdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: restrukturizasiya və özəlləşdirmə prosesinin sürətləndirilməsi; satış bazarı olan və yenidən qurulması iqtisadi cəhətdən məqsədəuyğun olan sənaye müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi; müasir texnologiyalara əsaslanan sənaye müəssisələrində beynəlxalq standartların tətbiqinə keçidin sürətləndiriməsi; azad rəqabət mühitinin inkişaf etdirilməsi; investisiyaların təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi; ənənəvi milli sənətkarlıq sahələrinin inkişafı; elmtutumlu istehsalın inkişaf etdirilməsi məqsədilə tətbiqi elmlərin, müasir şəraitdə bazar konyunkturunun tələblərinə uyğun elmi-tətqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsi.

Qarşıdakı illərdə sənaye sektorunun inkişaf etdirilməsində əsas məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi hesabına sənayenin davamlı inkişafına nail olmaqdan ibarətdir.

Sənaye sektorunda qarşıya qoyulan əsas məqsədlərə nail olmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; sənaye strukturunun seçilmiş inkişaf istiqamətlərinə uyğun olaraq yenidən qurulması və onun investisiya tələblərinə uyğunlaşdırılması; dövlət mülkiyyətində olan və ya səhmlərin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması; istehsalın texnoloji cəhətdən yenidən qurulması; investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması; güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi; vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, ixracın dəstəklənməsi və daxili bazarın qorunması; ixtisaslı işçi qüvvəsinin hazırlanması; sənaye şəhərciyinin yaradılması ilə rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsalların yaradılmasının təşviqi və bu sahədə regional və dünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi və dünyada mövcud olan elmi texniki innovasiya proseslərinə qatılması.

Beləliklə, qarşıdakı illər ərzində Azərbaycanda sənaye istehsalının miqyasının əhəmiyyətli dərəcədə genişlənməsi və qabaqcıl dünya təcrübəsi əsasında bu sahədə yeni nailiyyətlər əldə olunması əsas prioritet təşkil edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Modernləşdirmə xətti yenə də gündəlikdədir" adlı əsərində bununla bağlı yazır: "2008-2013-cü illər güclü sənaye istehsalının yaradılması və sənayenin şaxələndirilməsi dövrüdür. İntensiv iqtisadi inkişaf imkan yaradır ki, sənaye potensialının artması bizim üçün ölkənin inkişafının mühüm prioritet istiqamətinə çevrilsin, sənayeləşmə prosesi yüksək sürətlə getsin. Bunun üçün zəruri valyuta ehtiyatları vardır. Sonrakı illərdə təzə iş yerləri açılacaq, postindustrial cəmiyyətə keçid üçün yeni zəmin yaradılacaqdır". Qarşıdakı illər ərzində ölkəmizdə yüksək inkişaf etmiş sənaye məhsullarının istehsalı və ixracı sayəsində ölkənin postsənaye erasına qədəm qoyması üçün isə Azərbaycan artıq zəruri potensial yarada bilib.

 

Müdafiə sənayesinin ölkənin təhlükəsizliyinə töhfəsi artır

 

Əlbəttə ki, Azərbaycanda iqtisadiyyatın aparıcı bölmələrindən biri olan sənayedən danışarkən ölkəmizin müdafiəsi məqsədilə yaradılan və ya fəaliyyəti yenidən qurulan müəssisələrinə xüsusi toxunmaq lazım gəlir. Müdafiə Sənayesi Nazirliyinin balansında olan bu müəssisələr sənayenin inkişafında, həmçinin ölkəmizin daha etibarlı şəkildə qorunmasında zəruri rol oynayır. Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılıb. Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün nazirliyin müəssisələrində xeyli sayda istehsal sahələri formalaşdırılıb. Onlar sırasında "İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Elektron Hesablayıcı Maşınlar" zavodu, Gəncə "Maşınqayırma zavodu", Tərtər "Elektromexanika"zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi, "Radioquraşdırma" zavodu, "Araz" zavodu, "Telemexanika" zavodu, Bakı "Cihazqayırma" zavodu, "Azon" zavodu, "Alov" zavodu və digərlərinin adlarını qeyd etmək olar. 2008-ci illə müqayisədə ötən il nazirlik üzrə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi 3 dəfə, mülki məhsulların həcmi isə 20 faiz artıb. Ümumilikdə 586 adda məmulat istehsal edilib ki, bunun da 350-si müdafiə təyinatlı məmulatlardır.

Beləliklə, bir çox xarici dövlətlərdən fərqli olaraq Azərbaycan Silahlı Qüvvələrin maddi-texniki təminatının artıq xeyli hissəsini öz potensialı hesabına ödəməkdədir. Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin buraxdığı məhsullarının çeşidinin daha da çoxalacağı gözlənir. Bu, silahlı qüvvələrin texniki ehtiyacının əsas etibarlı ilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir. Hazırda Ermənistan tərəfini narahat edən əsas məqamlardan biri Azərbaycanın məhz yerli istehsal hesabına ordunun texniki ehtiyaclarını təmin etməsidir. Çünki Ermənistan ordusu Azərbaycandan fərqli olaraq, texniki ehtiyacların ödənilməsi baxımından da sırf xarici dövlətlərdən asılıdır. Azərbaycanın hərbi-sənaye potensialını bundan sonra da gücləndirmək istiqamətində məqsədyönlü siyasətini davam etdirməsi isə görünür, ermənilərin bu sahədə yaşadıqları narahatlığı daha da artıracaq. Artıq ölkənin hərbi-sənaye kompleksində yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur və onların növlərinin daha da artırılması nəzərdə tutulur.

Bu məsələ ilə bağlı daha bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan ölkədə hərbi təyinatlı məhsulların istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur şirkətlərlə, eləcə də dünyada müdafiə texnikasının ən yaxşı istehsalçısı kimi tanınan dövlətlərlə sıx əməkdaşlıq qurur. Məsələn, ölkəmizdə zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə razılaşmalar əldə olunub və artıq belə maşınlar istehsalı həyata keçirilir. "Matador" adlanan bu zirehli maşının göstəriciləri olduqca yüksəkdir. Belə ki, bu maşınlar hazırlanmasına və texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. 14 nəfərlik tutumu olan "Matador"un yükgötürmə qabiliyyəti 4500 kiloqramdır.

Bundan başqa, ölkəmizdə PDM (piyadaların döyüş maşını) və ZTR-lərin (zirehli transportyor) modernləşdirilməsi də həyata keçirilir. Həmçinin müxtəlif qoşun növlərində istismar müddəti başa çatan hərbi maşınlar təhvil alınaraq modernləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu isə külli miqdarda vəsaitə qənaət deməkdir. Perspektivdə Azərbaycan istehsalı olan hərbi vertolyotların istifadəyə verilməsi də planlaşdırılır. Bu isə silahlı qüvvələrin maddi-texniki imkanlarının daha da böyüməsi deməkdir.

Qeyd edilənlər onu göstərir ki, indi ölkəmizdə böyük imkanlara malik istehsal müəssisələri, sənaye obyektləri mövcuddur. Həmin obyektlərin istehsal potensialından səmərəli istifadə etməklə istər daxili, istərsə də xarici bazarda rəqabət qabiliyyətli, beynəlxalq standartlara uyğun məhsul realizə olunur. İqtisadi sferada islahatların davam etdirilməsi və həyata keçirilən digər tədbirlər sənayenin inkişafına müsbət təsir göstərməkdədir. Bu səbəbdən Azərbaycan dünyada həm də sənayenin inkişaf tempi baxımından seçilən dövlətlərdən biri kimi qəbul olunmaqdadır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 2 mart.- S. 2.