İran-Azərbaycan əlaqələri:
dost və qardaş münasibətləri
Sevindirici haldır ki, müstəqil Azərbaycan artıq dünya birliyində öz layiqli yeri olan, sayılıb-seçilən, mövqeyini gündən-günə möhkəmləndirən ölkələr sırasındadır. Mədəni, mənəvi və humanitar cəhətdən ölkəmizə bəslənən rəğbət ilbəil artan və yüksələn iqtisadi qüdrət çərçivəsində Azərbaycana daha böyük nüfuz qazandırır. Bu təkcə Azərbaycan vətəndaşı olaraq bizim qürur hisslərimizin təcəssümü deyil. Bu faktlara söykənən elə bir reallıqdır ki, bunu bütün dünya qəbul edir. İndi artıq qətiyyətlə deyə bilərik ki, Azərbaycan hər cəhətdən bölgənin lider dövlətidir.
Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə tanınmış, məşhur şəxslərin dilindən dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən fikirlər isə hər birimizdə fəxarət hissi yaradır. Bəli, bu reallıqdır və dünya Azərbaycan reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərini düzgün müəyyənləşdirməsi, dünyanın ayrı-ayrı dövlətləri ilə yaratdığı əlaqələrin, beynəlxalq təşkilatlarla, bu qurumlara üzv olan dövlətlərlə əməkdaşlığın uğurlu nəticələri ölkəmizi dünya birliyi müstəvisində söz və nüfuz sahibi edib. Daxili və xarici siyasətin bütün məqamlarının zərgər dəqiqliyi ilə həyata keçirilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətin demokratik dəyərlərlə idarə olunmasına, xalqın sosial həyat səviyyəsinin yüksəlməsinə, bir sözlə, hüquqi, demokratik dövlət quruculuğuna xidmət edir.
Müstəqil Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar sadəcə, səsləndirildiyi qədər də asan bir iş deyil. Bu məsələ elmi əsaslarla təhlillər və araşdırmalar tələb etsə də bu nəhəng işin özəyində əsas bir amil dayanır: Müstəqilliyimizin memarı ümummilli lider Heydər Əliyevin dövlətçilik, dövləti idarəetmə təcrübəsi, dünya siyasətinə peşəkar baxa bilmək qabiliyyəti, qeyri-adi rəhbərlik istedadı, dünyada fenomen bir şəxsiyyət kimi qəbul edilməsi. Bir sözlə demək olar ki, müasir müstəqil Azərbaycanın gücü və qüvvəsi Heydər Əliyevin idarəçilik və dövlətçilik məktəbinə, ənənələrinə əsaslanır. Sevindirici haldır ki, bu ənənələr Prezident İlham Əliyevin rəhbərliyi ilə daha müasir çalarlarla ustalıqla, peşəkarcasına, ayrı-ayrı dövlətlərə nümunə ola biləcək tərzdə və qibtə ediləcək səviyyədə davam etdirilir. Azərbaycan dünya xəritəsində kiçik bir yer tutsa da ölkəmizə olan marağın miqyası onun coğrafi ölçülərindən qat-qat böyükdür. Dünya ölkələrinin Azərbaycana olan marağının əsasında isə dövlətimizə, xalqımıza hörmət və rəğbət hissləri dayanır. Dünyanın hansı ölkəsində olmuşuqsa, bu hissləri böyük ruh yüksəkliyi ilə müşayiət etmişik. Ölkə başçısının bu sahədəki fəal siyasəti hakimiyyətin mühüm qollarından biri olan ali qanunvericilik orqanı tərəfindən daim dəstəklənir, yüksək qiymətləndirilir və bu işə öz töhfəsini verməyə çalışır. Bu baxımdan Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin digər səfərləri kimi İran İslam Respublikasına səfəri də yaddaqalan oldu.
Səfər müddətində bu ölkədə keçirilən görüşlərdə, aparılan danışıqlarda, rəsmi və ya qeyri-rəsmi tədbirlərdə nümayəndə heyətimizə səmimi münasibət, doğmalıq, mehribanlıq, yüksək qonaqpərvərlik nümayiş etdirildi. Bunu Azərbaycan və İran əlaqələrinin inkişafına olan ikitərəfli maraqların nümunəsi kimi də qiymətləndirmək olar. İran Prezidenti Mahmud Əhmədinejadın təbirincə desək, İran-Azərbaycan əməkdaşlığı iki dost və qardaş ölkənin münasibətləridir. İran Prezidenti bu fikirləri Milli Məclisin Sədri Oqtay Əsədovla görüşü zamanı səsləndirdi. Onun nümayəndə heyətimizi səmimiyyətlə qarşılaması, ölkəmizlə bağlı fikir və düşüncələri, ikitərəfli münasibətlərin inkişafına qayğıkeş münasibəti deyilən sözlərin əməli təzahürünə dəlalət edirdi.
Əlaqələrimizin inkişafından məmnunluğunu bildirən Mahmud Əhmədinejad bu əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin xüsusi çəkiyə malik olduğunu söylədi. İran Prezidenti regionda sülhün və təhlükəsizliyin təmin olunmasının, problemlərin aradan qaldırılmasının və bu məsələdə region dövlətlərinin ciddi səylər göstərməsinin vacibliyini qeyd etdi.
Səmimi qəbula görə təşəkkür edən Milli Məclisin Sədri Oqtay Əsədov Prezident İlham Əliyevin salamlarını İran Prezidentinə çatdırdı. Qeyd etdi ki, Azərbaycan və İran xalqlarının dostluq və qardaşlıq münasibətlərinin kökləri tarixin dərinliklərinə gedib çıxır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər yeni məna kəsb etmişdir. Oqtay Əsədov qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Mahmud Əhmədinejadın birgə səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər yüksək səviyyəyə çatmışdır. Sonra Milli Məclisin Sədri parlamentlərarası əlaqələrdən danışdı. İran Prezidentinin diqqətinə çatdırdı ki, həmin əlaqələrin daha da inkişaf etdirilməsi üçün lazımi tədbirlər görülür. Görüşdə Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında xüsusi olaraq danışdı, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması üçün bir sıra beynəlxalq təşkilatların məlum sənədlərini xatırlatdı. Oqtay Əsədov vurğuladı ki, İran Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini dəfələrlə bəyan etmişdir və ümidvarıq ki, dost və qardaş İran bu mövqeyi axıradək davam etdirəcəkdir. Azərbaycanla İran arasındakı əlaqələr çox dərin tarixi köklər üzərində qurulub. Bu zəmində ədəbiyyat, mədəniyyət, incəsənət, sənətkarlıq, xalçaçılıq, musiqi və xalqlarımızı bir-birinə bağlayan digər tellər də inkişaf etməkdədir. Hər iki ölkənin bu sahələrdəki nümayəndələri tez-tez qarşılıqlı səfərlər edir, birgə mənəvi dəyərlərə söykənən əlaqələrə öz töhfələrini verir və yeni-yeni mədəniyyət nümunələri yaradırlar. Bu nümunələr əlaqələrimizin dünənindən bu gününə gələn yola işıq salır, bu gündən sabaha aparan yolun müəyyənləşməsinə öz töhfələrini verir. Təbii ki, mədəni münasibətlər dövlətlərarası əlaqələrdə çox vacib bir həlqə təşkil edir. Azərbaycanla - İran əlaqələrinin bu məqamı da nümunə ola biləcək səviyyədədir. Bu özünü rəsmi dəvətlərdə, görüş və danışıqlarda xüsusilə nəzərə çarpdırır. Bunu həm də İran İslam Respublikasında səfərdə olarkən nümayəndə heyətimizin hər bir üzvü müşahidə edə bilirdi. Ümumilikdə nümayəndə heyətinin üzvlərinin müşahidələri və səfərin digər məqamları barədə təəssüratları bir daha bölüşmək istəyirik. Hərçənd ki, səfərlə bağlı rəsmi informasiyalar həm Azərbaycan, həm də İran mətbuatında geniş işıqlandırılıb. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bu səfərə hər iki ölkənin kütləvi informasiya vasitələri çox böyük maraq göstərirdilər. Beləliklə, təəssüratlarımızın digər məqamlarına keçməzdən əvvəl İran İslam Respublikası haqda bəzi məlumatları yada salaq. Orta Şərqdə, Asiya qitəsinin cənub-qərbində yerləşən bu dövlət 1979-cu il fevralın 11-də baş vermiş İran-İslam inqilabından sonra İran İslam Respublikası adlanır. Şimaldan Azərbaycan, Türkmənistan və Ermənistanla həmsərhəddir. Ölkəmizlə İran arasında quru sərhədin uzunluğu 765 kilometr, dəniz sərhədi isə 201 kilometrdir. Paytaxtı Tehran olan bu ölkənin ərazisi 1648 min kvadratkilometr, əhalisinin sayı isə 70 milyon nəfərə yaxındır. Milli tərkibinə gəldikdə isə rəsmi sənədlərdə farslar 51 faiz göstərilir, ölkənin ən böyük etnik vahidlərindən birini azərbaycanlılar təşkil edir (rəsmi sənədlərdə 24 faiz). Qalan digər hissəni isə ayrı-ayrı etnik qruplar bölüşdürür. Milli bayramı fevralın 11-də İslam inqilabı günü qeyd edilir. Iranda prezidentlik institutu 1979-cu ildən fəaliyyətə başlayıb və prezident dörd illiyə seçilir. İranda Parlament, yəni qanunverici orqan funksiyasını ölkənin Konstitusiyasına əsasən İslam Şurası Məclisi yerinə yetirir.
Xatırladırıq ki, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin fevralın 20-dən 22-dək olan səfəri məhz İran parlamentinin rəhbəri Əli Laricaninin dəvəti ilə həyata keçirildi. Milli Məclisin komitə sədrləri Eldar İbrahimovun, Şəmsəddin Hacıyevin, Hadi Rəcəblinin, deputatlardan Əli Əhmədovun, Asəf Haciyevin, parlament aparatının rəhbəri Səfa Mirzəyevin və digər rəsmi şəxslərin daxil olduğu nümayəndə heyətinin ilk görüşü də məhz İran parlamentinin Sədri ilə oldu. Bu görüş rəsmi çalarları ilə bərabər çox səmimi və mehriban ab-havası ilə də yadda qaldı. Ümumiyyətlə, nümayəndə heyətimiz dostluq və qardaşlıq münasibətlərini bu ölkəyə ayaq basdığı andan, yəni hava limanında qarşılanmadan tutmuş ta Vətənə yola düşənədək hiss etdi və məmnun qaldı.
Parlament sədrlərinin görüşündə Əli Laricani bu səfəri İran-Azərbaycan münasibətləri üçün əhəmiyyətli hadisə adlandırdı. Parlamentlərarası əlaqələr bu münasibətlərin çox əhəmiyyətli istiqamətlərindən biridir.
İran parlamentinin Sədri ölkələrimiz arasında münasibətlərin ən yaxın tarixindən söz açaraq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə İranla əlaqələrini xatırladı, Prezident İlham Əliyevin Azərbaycanın dövlət başçısı kimi Azərbaycan - İran münasibətlərinə verdiyi önəmdən bəhs etdi. Daha sonra Əli Laricani parlamentlərarası əlaqələrin indiki vəziyyəti və perspektivləri, bölgədəki vəziyyət, bir sıra aktual regional problemlər və onların həlli yolları barədə mülahizələrini söylədi, İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin daha səmərəli və qarşılıqlı faydalı olması üçün İran tərəfinin təkliflərini bildirdi.
İran parlamentinin başçısı Dağlıq Qarabağ probleminə xüsusi olaraq toxundu və qeyd etdi ki, İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmiş və bu mövqeyində qətidir. Əli Laricani hesab edir ki, region ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri artırmalıdırlar. İran buna həmişə hazırdır. O bildirdi ki, Azərbaycan rəhbərliyi bu münaqişənin həlli üçün çox səylər göstərir.
Milli Məclisin Sədri Oqtay Əsədov rəsmi dəvətə və səmimi qəbula görə İran parlamentinin Sədrinə təşəkkürünü bildirdi və qeyd etdi ki, Azərbaycan dövləti özünün xarici siyasətində İranla münasibətlərə xüsusi əhəmiyyət verir. Bu münasibətlər dövlət başçılarının müəyyənləşdirdiyi prinsiplər əsasında uğurla davam edir, ilbəil genişlənir və inkişaf edir. Milli Məclisin Sədri Azərbaycanın İranla münasibətlərində parlamentlərarası əməkdaşlığın istiqamətlərindən biri kimi parlament dostluq qrupları arasında əlaqələrin zəruriliyini vurğuladı. Qeyd etdi ki, hər iki parlamentdəki komitələrin əlaqələrinin canlandırılması faydalı olardı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesindəki son duruma toxunan Oqtay Əsədov məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu məsələnin düyünə düşdüyünü Əli Laricaninin diqqətinə çatdırdı və xüsusi olaraq vurğuladı ki, Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistan regiondakı digər ölkələrə qarşı ərazi iddialarını da gizlətmir. Milli Məclisin Sədri belə bir cəhəti də xüsusi olaraq önə çəkdi ki, Azərbaycan heç vaxt öz torpaqlarında başqa bir dövlətin yaradılmasına imkan verməyəcəkdir.
Azərbaycan parlament nümayəndə heyətinin səfər çərçivəsində keçirdiyi digər görüşlər də Azərbaycan-İran əlaqələrində dəyərli və yaddaqalan məqamlara çevrildi. Milli Məclisin Sədri Oqtay Əsədovun İran xarici işlər naziri Mənuçehr Mottəki və bu ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının baş katibi Səid Cəlili ilə görüşlərində ikitərəfli əlaqələrin inkişaf perspektivləri, parlamentlərarası münasibətlərin daha da inkişafı və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu. Ümumiyyətlə, keçirilən görüşlərin hər birində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı fikirlər ön planda oldu. Bununla bağlı müzakirələr aparılarkən bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsində İranın qəti mövqeyi bu ölkənin bütün rəsmiləri tərəfindən ortaya qoyuldu. Problemin həll olunmamasının səbəblərinin məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı olduğu konkret misallarla əsaslandırıldı. Qeyd olundu ki, Ermənistan bir sıra beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri sənədlərə məhəl qoymur və işğalçılıq siyasətindən əl çəkmir.
Ümumiyyətlə, keçirilən bütün görüşlər və danışıqlar onu deməyə əsas verir ki, Azərbaycanla İran arasında tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr gündən-günə inkişaf etməkdədir və ölkə başçılarımızın səyi ilə bu əlaqələr daha genişmiqyaslı xarakter almaqdadır. Bunu nümayəndə heyətimizin səfər çərçivəsində həyata keçirdiyi və qatıldığı qeyri-rəsmi tədbirlərdə də müşahidə etmək mümkündür. Səfərin bir çox yaddaqalan qeyri-rəsmi nüanslarını da diqqətə çatdırmaq zənnimizcə, söylənilən fikirləri təsdiq edər. Tehran metrosu ilə tanışlıq bu nüanslardan biri kimi maraq doğurdu. İran üçün yeni və nisbətən gənc olan bu nəqliyyat infrastrukturu 10 il əvvəl Çin mütəxəssisləri ilə birgə tikilmişdir. Təbii ki, Tehran kimi çoxmilyonlu bir şəhər üçün bu nəqliyyat növünün əhəmiyyəti çox böyükdür. Sadəcə olaraq, belə ifadə etmək mümkündürsə, iranlılar metronu xarici qonaqlara göstərməkdən qürur duyurlar. Bunu nümayəndə heyətimizin üzvlərinin metro ilə tanışlığı zamanı müşahidə etmək olurdu.
Tehranda maraqlı və tarixi yerlər xeyli saydadır desək, yəqin ki, yanılmarıq. Belə maraqlı yerlərdən və tikililərdən biri İranın keçmiş şahının sarayıdır. Bu saray Səədabad sarayı adlanır. Hazırda muzey kimi istifadə olunan bu saray Şərq memarlıq üslubunda tikilmiş nümunə kimi qorunur. Muzeylə tanışlığa gələnlər üçün diqqətçəkən məqamlardan biri burada olan sərgi salonudur. Bu salonda məşhur bir iranlı rəssamın akvarellə çəkdiyi, rəssamlıq sənəti baxımından çox maraqlı rəsm əsərləri nümayiş etdirilir. Verilən məlumata görə, həmin əsərlərdəki təsvirlər əsasında xalça toxunur və həmin xalçalar xarici ölkələrdə çox yüksək qiymətləndirilir. Ölkənin Mərkəzi Bankın Təla və Cəvaherat muzeyi ilə tanışlıq isə tamaşaçılara xüsusi bir zövq bəxş edirdi. Bu muzeyin əsas eksponatlarını olduqca zəngin qızıl və digər qiymətli daşlardan ibarət kolleksiyalar təşkil edir. Bu kolleksiyaların tərkibinə isə əsasən İran şahlarının və onların sülalələrinin digər nümayəndələrinə məxsus qiymətli daş-qaşlardan ibarət şəxsi əşyalar, xarici dövlət başçılarının İran şahlarına verdiyi qiymətli hədiyyələr və digər zinət əşyaları daxildir. Burada bir maraqlı məqam da ondan ibarətdir ki, muzeydəki qiymətli əşyalarla İran tarixinin bu və ya digər mərhələləri və anları ilə bağlılığı görmək mümkündür.
Ümumilikdə, Tehran şəhəri ilə tanışlıq nümayəndə heyətimizdə xoş təəssüratlar yaratdı. Bu təəssürat Azərbaycanın İrandakı səfirliyi ilə tanışlıq zamanı daha da zənginləşdi. Səfirliyin binası Tehranın mərkəzində yerləşir. Bura gələrkən Milli Məclisin Sədri Oqtay Əsədov və nümayəndə heyətinin üzvləri səfirliyin binasında təşkil olunmuş ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə ilə tanış oldular, ulu öndərin büstü önünə əklil qoyuldu.
Milli Məclisin Sədri səfirliyin işçiləri ilə görüşü zamanı onların fəaliyyəti, qayğı və problemləri ilə maraqlandı. Görüşlər zamanı səfirliyimiz üçün bina tikilməsinə torpaq sahəsinin ayrılması ilə bağlı spikerin qaldırdığı məsələyə İran rəsmilərinin müsbət yanaşması isə səfirliyin əməkdaşları tərəfindən minnətdarlıq hissi ilə qarşılandı və yüksək qiymətləndirildi.
Azərbaycan parlament nümayəndə heyətinin İrana səfəri çərçivəsində Təbriz şəhərinə gəlişi və buradakı görüşlər səfər proqramında xüsusi çalarlara malik xətt kimi yaddaqalan tarixi məqamlara çevrildi. Öz gözəlliyi ilə gözoxşayan füsunkar Təbriz nümayəndə heyətimizi mehribanlıqla qarşıladı. Təbriz Şərqi Azərbaycan ostanının inzibati mərkəzidir. Dəfələrlə güclü zəlzələlər və dağıntılara məruz qalmış bu şəhər hər dəfə özündə güc taparaq yenidən dirçəlmiş, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlər əldə etmişdir.
Bu gün Təbriz nəinki bölgənin, dünyanın diqqətini özünə cəlb edən tarixi maddi və mədəni sərvətləri ilə məşhurdur. Nümayəndə heyətimiz Təbrizdə İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əhməd Əlirza Beygi, ölkənin dini rəhbərinin buradakı nümayəndəsi, Təbriz cümə namazının rəhbəri Ayatulla Möhsün Müctəhid Şəbustəri ilə görüşdü. Görüşdə Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, eyni zamanda, həmsərhəd bölgələrdə iqtisadi, ticarət və mədəni əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıldı.
Nümayəndə heyətinin üzvləri Təbrizdə böyük söz ustadı Şəhriyarın məqbərəsini ziyarət etdilər. Bu məqbərə həm də burada uyuyan Xəqani, Şirvani, Qətran Təbrizi, Sadıq bəy Əfşar, Qövsi Təbrizi, Saib Təbrizi və digər azərbaycanlı söz sərraflarının şərəfinə, onların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılmışdır. Ətraf ərazidə Şərq aləmində və dünyada tanınmış şairlər, ictimai-siyasi xadimlər uyuyur. Nümayəndə heyətimizin üzvləri ustada ruhun şad olsun deyib, şəhərin ən qədim və məşhur tarixi yerlərindən biri olan Təbriz bazarı ilə tanışlığa gəldilər. Şərq bazarları ticarət mərkəzi olaraq dünyanın diqqətini cəlb edən qədim tarixi abidələrdir. Bu baxımdan Təbriz bazarı da möhtəşəm tarixi memarlıq kompleksi kimi bura gələn hər kəsin yaddaşına həkk olunur. Nümayəndə heyətimizin üzvləri də tarixin o tayından bugünümüzə xəbər verən və ənənələri qoruyub saxlayan bu memarlıq abidəsi ilə tanışlıqdan məmnun qaldılar. Digər bir tanışlıq isə Təbriz traktorqayırma zavodu ilə oldu. Bu zavod çox böyük bir istehsalat sahəsini əhatə edir və İranın ən böyük sənaye müəssisələrindən biri hesab olunur. Burada müasir texnologiya nümunələri istehsalın yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilməsinə imkan yaradır.
Bütün bunları yekunlaşdıraraq belə bir qənaətə gəlirik ki, Azərbaycan parlament nümayəndə heyətinin İran İslam Respublikasına səfəri uğurlu və yaddaqalan oldu. Bu səfər Azərbaycan-İran münasibətlərinin perspektivi ilə bağlı xoş əhvali-ruhiyyə bəxş etməklə bərabər, həm də belə bir inam yaradır ki, ölkələrimiz arasındakı tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr bundan sonra daha da inkişaf edəcək, müasir mərhələdə qonşu, dost və qardaş münasibətlərin nümunəsinə çevriləcək.
Akif TƏvƏkküloğlu,
Milli Məclisin
mətbuat katibi
Azərbaycan.- 2010.- 2 mart.- S. 3.