Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm cənab Prezident!
Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubileyi münasibətilə kollektivimizin üzvlərinin bir qrupunun fəxri adlara və mükafatlara layiq görülməsi haqqında sərəncamlarınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Çox hörmətli cənab Prezident!
Sizin yüksək diqqət və qayğınızdan sonsuz qürur və iftixar hissi keçirən AzərTAc-ın kollektivi qarşıda duran vəzifələri, üzərinə düşən böyük məsuliyyəti dərindən dərk edir. Agentliyimizin əməkdaşları müdrik, uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində dünya miqyasında ən sürətlə inkişaf edən ölkəyə çevrilən, beynəlxalq aləmdə söz və nüfuz sahibi olan Azərbaycanımız haqqında həqiqətləri daha geniş coğrafiyada yaymağı özləri üçün şərəfli vəzifə, eyni zamanda, Vətən, xalq qarşısında, cənab Prezident, Sizin qarşınızda vətəndaşlıq borcu hesab edir. Sizi əmin edirik ki, Azərbaycan dövlətçiliyinə, ulu öndərimiz Heydər Əliyev ideallarına sadiq olan AzərTAc-ın kollektivi bu missiyanı yüksək səviyyədə yerinə yetirəcək, etimadınızı layiqincə doğruldacaqdır.
Əziz Prezidentimiz!
Sizin rəhbərliyinizlə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, ölkədə fikir, söz və mətbuat azadlığının inkişafı ilə bağlı qəbul edilmiş demokratik məzmunlu qanunlar, həyata keçirilən mütərəqqi islahatlar, faydalı layihələr AzərTAc-ın da qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı dünya informasiya məkanında layiqli yer tutmasında mühüm rol oynamışdır. Son illərdə AzərTAc ikitərəfli əməkdaşlıq əsasında 23 ölkənin milli xəbər agentlikləri ilə informasiya mübadiləsi aparır, 6 nüfuzlu regional qurumda təmsil olunmuşdur, onlardan birinin rəhbər orqanının üzvü, digərinin isə baş məclisinin sədridir. Bütün bu uğurlarımız məhz Sizin sayənizdə dünya birliyinin sayılıb-seçilən üzvünə çevrilən, sivilizasiyalararası dialoqa layiqli töhfələr verən müstəqil Azərbaycan dövlətinə, onun həyata keçirdiyi çevik informasiya siyasətinə beynəlxalq aləmdə artan etimadın və etibarın təzahürüdür.
Zati-aliləri, Sizə bir daha ən səmimi minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar diləyirik.
Dərin hörmətlə,
AzərTAc-ın kollektivi adından
Aslan ASLANOV,
Baş direktor
Bakı şəhəri,
1 mart 2010-cu il
Azərbaycan.- 2010.- 2 mart.- S.4.