Azərbaycan Dövlət Teleqraf
Agentliyinin - AzərTAc-ın 90 illik yubileyi təntənəli
şəkildə qeyd edilmişdir
Martın 1-də Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubileyi Gənc Tamaşaçılar Teatrında təntənəli şəkildə qeyd edilmişdir.
Yubiley mərasimində Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, KİV rəhbərləri ilə yanaşı, Bakıya 13 ölkənin nüfuzlu kütləvi informasiya vasitələrinin yüksək səviyyəli nümayəndə heyətləri, media nümayəndələri gəlmişlər.
Onlar arasında Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko, agentliyin baş direktorunun birinci müavini Mixail Qusman, Türkiyənin Anadolu agentliyi idarə heyətinin sədri və baş direktoru Hilmi Bengi, Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev, Ukrinform agentliyinin baş direktoru Viktor Çamara, Xorvatiyanın HİNA agentliyinin baş direktoru xanım Smilyana Hrınkeviç, İtaliyanın ANSA agentliyinin direktor müavini Ciulio Pekora, Yaponiyanın Kyodo agentliyi direktorunun müavini Masaru Savanişi, Çinin Sinxua agentliyinin Asiya-Avropa departamentinin rəhbəri Zhanq Cinha, Qazaxıstanın "Kazinform" agentliyinin prezidenti Dauren Diyarova, Belarusun BELTA agentliyinin baş direktoru Dmitri Juk, baş direktorun birinci müavini İqor Lutski, Moldovanın "Moldpress" agentliyinin baş direktoru Vladimir Darie, Qırğızıstanın "Kabar" agentliyinin baş direktoru Narın Ayıp, Tacikistanın "Xovar" agentliyinin baş direktoru Sadriddin Şamsuddinov, habelə yubiley tədbirləri çərçivəsində AzərTAc-ın ev sahibliyi ilə MDB ölkələri Milli İnformasiya Agentlikləri Rəhbərləri Şurasının 11-ci iclasında iştirak etmək üçün Azərbaycana gələn MDB İcraiyyə Komitəsi analitik informasiya departamentinin direktoru Aleksandr Zavarzinin başçılıq etdiyi nümayəndə heyəti, Moskva Şəhər Jurnalistlər İttifaqının sədri, "Moskovski Komsomolets" qəzetinin baş redaktoru Pavel Qusev, MDB məsələləri üzrə Federal Agentliyin direktor müavini Yevgeniy Kojoki, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktorunun müavini Tatyana Bubnova vardır.
Yubiley mərasiminin iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmışdır.
Daha sonra mərasim iştirakçıları Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üstünə güllər düzmüşlər.
Yubiley mərasimi Azərbaycanın dövlət himninin səslənməsi ilə başlamışdır.
AzərTAc-ın kollektivini dövlətimizin başçısı İlham Əliyevin adından təbrik edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV çıxış edərək bildirmişdir ki, Xalq Cümhuriyyəti hökumətinin yadigarı olan AzərTAc ötən 90 ildə zəngin və şərəfli yol keçmişdir.
Şöbə müdiri diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə agentliyin bir qrup əməkdaşı fəxri adlara və təltiflərə layiq görülmüşdür. AzərTAc-ın baş direktoru, Azərbaycanın tanınmış jurnalisti Aslan Aslanov isə milli mətbuatın inkişafındakı xüsusi xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Fəxri adlara və mükafatlara layiq görülmüş əməkdaşları da təbrik edən Ə.Həsənov əmin olduğunu bildirmişdir ki, AzərTAc-ın çox zəhmətkeş, yaradıcı kollektivi etimadı layiqincə doğruldacaqdır.
Ə.Həsənov demişdir ki, umummilli liderimiz Heydər Əliyev AzərTAc-ın fəaliyyətinə həmişə yüksək qiymət vermişdir. AzərTAc-ın dünyanın ən nüfuzlu agentliklərdən birinə çevrilməsi ulu öndərin ən böyük azrularından biri idi. Ümummilli liderin bu arzusu artıq reallığa çevrilmişdir.
Bilirsiniz ki, qlobal dünyada informasiya sərhədləri şəffafdır. İndi dünyanın istənilən nöqtəsində baş verən hadisə barədə xəbərlər qısa müddətdə transmilli internet şəbəkəsi ilə bütün ölkələrə yayılır. Biz dünya hadisələrinə həmişə əhatəmizdəki böyük dövlətlərin informasiya vasitələrinin gözü ilə baxmışıq. Vaxtilə dünyada baş verən hadisələrdən rusdilli mətbuat vasitəsilə xəbər tutmuşuq. Müstəqilliyimizi bərpa edəndən sonra informasiya sərhədlərinin şəffaflaşması və Türkiyə ilə yaranan kifayət qədər yüksək münasibətlər ölkəmizdə türkdilli informasiya vasitələrinin imkanlarından istifadə etmək şansı yaratmışdır.
Belə geniş imkanların olduğu bir vaxtda nəyə görə ümummilli liderimiz məhz AzərTAc-ın dünya informasiya məkanına inteqrasiyasını, ölkəmiz haqqında xəbərlərin bu agentlik vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılmasını istəyirdi?! Ona görə ki, AzərTAc Azərbaycan dövlətinə sədaqətli və azərbaycançılıq ideallarını təbliğ edən insanların çalışdığı bir qurumdur.
Azərbaycan tarixinin 90 illik bir mərhələsinin ən böyük şahidinin AzərTAc olduğunu vurğulayan Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, agentliyin bülletenlərində ölkəmizdə, respublikamızın ətrafında baş verən hadisələrin təkcə xronikası deyil, eyni zamanda, xalqımızın milli yaddaşına, dövlətçilik ənənələrinə dair məlumatlar da yer almışdır. Biz AzərTAc-ın xaricdə fəaliyyət göstərən müxbirlərini təkcə peşəkar jurnalistlər, dünyada baş verən hadisələrlə Azərbaycan ictimaiyyətini tanış edən xəbər daşıyıcıları deyil, həm də beynəlxalq informasiya məkanında ölkəmizi təmsil edən diplomatlar hesab edirik.
Dünyanın aparıcı ölkələrini təmsil edən milli agentliklərlə sıx əməkdaşlıq quran AzərTAc müstəqil Azərbaycan dövlətinin inkişaf dinamikasının, xalqımızın tarixinin sənədli xronikasını yaradır. Bu gün AzərTAc-ın informasiya bazası ölkəmizin hər bir vətəndaşının yararlana biləcəyi ən mükəmməl mənbədir.
AzərTAc-la bərabər bu gün Azərbaycan Televiziyasının xidmətləri əvəzolunmazdır və bu mənada heç bir informasiya agentliyi, özəl televiziya bu fəaliyyəti əvəz edə bilməz. AzərTAc-ın əməkdaşları qədər işdən gec gedib, işə tez gələn ikinci bir jurnalist qurumu tanımıram. Rəsmi qurumların fəaliyyəti yekunlaşanda AzərTAc-ın fəaliyyəti başlayır. Bilirsiniz ki, jurnalist əməyi çətin və şərəflidir, amma AzərTAc-da işləmək daha çətindir.
Prezident Administrasiyasının şöbə müdiri əlamətdar yubiley münasibətilə agentliyin kollektivini bir daha təbrik edərək demişdir: Arzu edirəm ki, AzərTAc-ın 100 illik yubileyi daha geniş miqyasda keçirilsin. Agentliyin bütün əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayıram.
Mərasim iştirakçılarını salamlayan baş direktor Aslan ASLANOV AzərTAc-ın keçdiyi tarixi yola nəzər salaraq bildirmişdir ki, 1920-ci il martın 1-də fəaliyyətə başlamış agentlik ötən 90 ildə mürəkkəb, eyni zamanda şərəfli bir yol keçmişdir. Agentliyin təkcə adının yeddi dəfə dəyişdirilməsinin özü keçilmiş tarixi yolun mürəkkəbliyini təsdiq edən faktlardan biridir. Bütün çətinliklərə baxmayaraq, AzərTAc həmişə Azərbaycan xalqına xidmət etmişdir.
Yetmiş il keçmiş SSRİ-nin tərkibində SİTA-nın filialı kimi fəaliyyət göstərmiş agentliyin kollektivləşmə, sənayeləşmə, İkinci Dünya müharibəsi illərində və müharibədən sonrakı quruculuq dövründə fəaliyyətindən ətraflı söhbət açan A.Aslanov demişdir ki, AzərTAc-ın bugünkü səviyyəyə gəlib çatması, dünya informasiya məkanına çıxması bilavasitə görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev AzərTAc-a həmişə yüksək diqqət və qayğı göstərmişdir.
Cəsarətlə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində digər sahələrdə olduğu kimi, insan hüquqları və azadlıqlarının, onun tərkib hissəsi olan mətbuat və söz azadlığının təmin edilməsi sahəsində də bir çox ölkələrdən xeyli öndədir və dünyanın ən qabaqcıl dövlətləri sırasına çıxmaq əzmindədir.
Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatının bütün sahələrinin agentliyin xəbərlərində müntəzəm olaraq öz əksini tapdığını deyən baş direktor diqqətə çatdırmışdır ki, AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. 2004-cü ilin sentyabrında AzərTAc Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvü olmuşdur. 2007-ci il dekabrın 12-də isə OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən iclasında AzərTAc bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin idarə heyətinin üzvü seçilmişdir. Hazırda AzərTAc TKA Baş Məclisinin sədridir, 23 ölkənin milli xəbər agentlikləri ilə imzalanmış müqavilələr əsasında informasiya mübadiləsi aparır. 2008-ci ildən AzərTAc Asiya Xəbər Agentlikləri Konsorsiumunun (AsiaPulse) üzvüdür. AzərTAc-ın Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilməsi agentliyimizin həyatında ən mühüm hadisələrdən biridir. Beləliklə, agentliyimiz postsovet məkanında İTAR-TASS və Ukrinformdan sonra EANA-ya qəbul edilmiş üçüncü informasiya agentliyi və həmin təşkilatın sayca 31-ci üzvü olmuşdur.
A.Aslanov xüsusi qeyd etmişdir ki, Prezident İlham Əliyevin AzərTAc-ın 19 nəfər əməkdaşını agentliyimizin 90 illiyi münasibətilə Azərbaycan Respublikasının fəxri adları və mükafatları ilə təltif etməsi hər birimizin qəlbində böyük qürur və iftixar hissi doğurur. Biz bu yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk. Əmin edirik ki, xalqımızın xoşbəxt gələcəyi, müasir müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gərgin və səmərəli fəaliyyətində Prezidentimizin ən fəal köməkçiləri olacağıq.
İTAR-TASS agentliyinin baş direktoru Vitali İQNATENKO mərasimdə çıxış edərək vurğulamışdır ki, AzərTAc Azərbaycan dövlətçiliyinin təşəkkülündə çox böyük rol oynamışdır. O qeyd etmişdir ki, hələ Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə AzərTAc xalqın azadlıq haqqında arzusunun carçısına çevrilmişdir. Sonrakı illərdə də AzərTAc bu missiyanın icrasını davam etdirmişdir. "AzərTAc-ın bioqrafiyası ölkənin bioqrafiyası ilə ayrılmaz şəkildə bağlıdır və AzərTAc kanalları ilə buraxılımış materialları bir yerə toplasaq, onlar Azərbaycanın salnaməsi ola bilər", - deyən İqnatenko vurğulamışdır ki, AzərTAc respublikanın aparıcı agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi informasiyanın yeganə mənbəyi, təkcə Azərbaycan və Rusiya üçün deyil, bütün dünya üçün ölkənin həyatı haqqında məlumatlandırmanın mühüm vasitəsidir.
V.İqnatenko altı il bundan əvvəl AzərTAc və İTAR-TASS arasında əməkdaşlıq haqqında saziş imzalandığını xatırladaraq vurğulamışdır ki, bütün bu illər ərzində agentliklərin əlaqələri daha da güclənmişdir. İTAR-TASS-ın baş direktoru demişdir: "Biz altı il bundan əvvəl Azərbaycan və Rusiya prezidentlərinə verdiyimiz vədlərə sadiq qalmışıq". O qeyd etmişdir ki, rəhbərlik etdiyi agentlik həmişə AzərTAc-ın etibarlı dostu olaraq qalacaqdır.
Azərbaycan dövlətinin taleyi ilə AzərTAc-ın, türk dövlətinin taleyi ilə Anadolu Agentliyinin talelərinin bir olduğunu vurğulayan Anadolu agentliyinin baş direktoru Hilmi BENGİ söyləmişdir ki, hər iki informasiya qurumu xalqlarımızın müstəqillik mübarizəsinin məhsuludur. Hər ikisi də bu il yaradılmalarının 90-cı ildönümünü qeyd edir. Hər ikisi də bu gün çağdaş medianın texniki imkanlarından bəhrələnərək ölkələrinin səslərini dünyaya bəyan edirlər.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamını xatırladan H.Bengi vurğulamışdır ki, biz birliyimizi qoruduğumuz, əməkdaşlığımızı davam etdirdiyimiz təqdirdə gələcək bizimdir.
Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim MİNÇEV vurğulamışdır ki, müasir dövrdə AzərTAc kimi təcrübəli informasiya agentliklərini barmaqla saymaq olar. O qeyd etmişdir ki, bu agentliyin uzun illər boyu informasiya sahəsində lider olmasında AzərTAc-ın hər bir işçisinin xidməti vardır.
Son onilliklərdə dünya dəyişmiş, başqalaşmışdır. Özü də bu, təkcə iqtisadiyyata aid deyildir. Maksim Minçev demişdir ki, bu gün biz nadir bir hadisənin şahidiyik: dünyanı əslində idarə edən kütləvi informasiya vasitələridir. Buna görə də biz hamımız - informasiya istehsal edənlərin hamısı öz üzərimizə düşən böyük məsuliyyəti dərk etməliyik.
AzərTAc ilə Bakı Dövlət Universitetinin (BDU) Xalq Cümhuriyyətinin yadigarı olduğunu diqqətə çatdıran BDU rektoru, akademik Abel MƏHƏRRƏMOV hər iki dövlət qurumu arasında sıx əməkdaşlığın mövcud olmasından danışmışdır.
Akademik A.Məhərrəmov demişdir ki, AzərTAc-ın genişmiqyaslı, səmərəli fəaliyyəti ilə öyünməyə tam haqqı vardır. Sevindirici haldır ki, bu gün dünyanın tanınmış xəbər agentlikləri AzərTAc ilə əməkdaşlığa maraq göstərir və nəticə etibarı ilə Azərbaycanın bu qocaman informasiya təşkilatı mötəbər beynəlxalq tədbirlərin iştirakçısı və ev sahibi olur.
Agentlikdə çalışan əməkdaşların əksəriyyətinin BDU-nun məzunu olmalarını qürur hissi ilə qeyd edən rektor əminliklə vurğulamışdır ki, universitetlə AzərTAc-ın 100 illik yubileyləri də bu cür yüksək səviyyədə qeyd ediləcəkdir.
Xorvatiyanin HİNA agentliyinin 20 illik fəaliyyətinin AzərTAc-ın 90 illik fəaliyyəti ilə müqayisədə olduqca az bir dövrü əhatə etdiyini söyləyən baş direktor xanım Smilyana HRİNKEVİÇ bildirmişdir ki, ölkəsində Azərbaycanı tanımayan yoxdur.
Təmsil etdiyi agentliyin yaranma tarixi haqqında məlumat verən S.Hrinkeviç bildirmişdir ki, qarşılıqlı əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin daha da yaxınlaşmasına gözəl töhfə olacaqdır.
ANSA ilə AzərTAc arasında yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq münasibətlərindən danışan İtaliyanın ANSA agentliyinin baş direktorunun müavini Ciulio PEKORA bildirmişdir ki, 2005-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə səfəri zamanı agentliklərimiz arasında əməkdaşlıq və informasiya mübadiləsi haqqında müqavilə imzalanmışdır. Biz bu əməkdaşlığı yüksək səviyyədə davam etdiririk. Mən bu fürsətdən istifadə edərək AzərTAc-ın baş direktoru, dostum Aslan Aslanovu, agentliyin bütün kollektivini təbrik edirəm.
Yaponiyanın Kyodo agentliyinin xarici əlaqələr departamentinin direktoru Masaru SAVANİŞİ təbrik nitqində demişdir: Bu gün bizim hamımız AzərTAc-ın yarandığı 90 il bundan qabaqkı dünyadan fərqli bir dünyada yaşayırıq. 90 il bundan qabaq internet, mobil telefon xidməti və televiziya yayımı yox idi. 90 il sonra, bu gün dünya xalqları sərhəd tanımayan qloballaşma dövrünə daxil olublar. Medianın rolu və öhdəlikləri kommunikasiya texnologiyalarının sürətli və mükəmməl inkişafı fonunda get-gedə artmaqdadır.
Ümid edirəm ki, Azərbaycan Dövlət Teleqraf Agentliyi yeni imkanlardan bəhrələnərək daha böyük uğurlar qazanacaqdır.
AzərTAc ilə Çinin Sinxua agentliyi arasında əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini söyləyən agentliyin Asiya-Avropa departamentinin rəhbəri Zhanq CİNHA bildirmişdir ki, AzərTAc 90 il ərzində öz peşəkar əməkdaşları ilə birgə şərəfli bir yol keçmişdir.
Ümummilli lider Heydər Əliyevin "AzərTAc fəaliyyətə başladığı gündən Azərbaycan xalqının azadlıq arzusunun carçısına çevrilmişdir" sözlərini xatırladan qonaq agentliyin yubiley tədbirinə qatıldığından qürur duyduğunu söyləmişdir.
Sinxua agentliyinin AzərTAc ilə eyni taleyi yaşadığını deyən natiq iki qurum arasında informasiya sahəsində mövcud əməkdaşlıqdan danışmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Tarix İnsititunun direktoru Yaqub MAHMUDOV çıxış edərək bildirmişdir ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin gündəlik qayğısı sayəsində mətbuatımız, bütövlükdə informasiya sistemimiz, o cümlədən AzərTAc yeni - daha yüksək inkişaf dövrünü yaşayır, qloballaşan dünyaya uğurla inteqrasiya edir.
AzərTAc-ın beynəlxalq əlaqələrinin
daha da genişlənməsini arzu edən alim bildirmişdir ki,
digər KİV-lərdən fərqli olaraq, xəbər
agentliklərinin fəaliyyətinin başlıca istiqaməti
dünya informasiya məkanına çıxmaqdır.
Qloballaşan dünyamızda, insan fəaliyyətinin
bütün sahələrində inteqrasiyanın getdikcə dərinləşməkdə
olduğu indiki dövrdə bu, xüsusilə aktualdır. Fərəhləndirici
haldır ki, biz bu gün AzərTAc-ın fəaliyyətində
bunun şahidi oluruq. AzərTAc qloballaşan dünyanın
informasiya məkanında Azərbaycanı layiqincə təmsil
edir.
* * *
Mərasimdə
yubiley münasibətilə AzərTAc-ın ünvanına bir
sıra ölkələrin nüfuzlu informasiya agentliklərinin,
beynəlxalq qurumların rəhbərləri tərəfindən
təbrik məktubları oxunmuşdur.
Dünyada ən böyük regional informasiya
qurumlarından biri olan Avropa Xəbər Agentlikləri
Alyansının (EANA) prezidenti, Macarıstan Milli İnformasiya
Agentliyinin prezidenti Matyas Vins, Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri Təşkilatının (OANA)
prezidenti, İndoneziyanın Antara agentliyinin baş
icraçı direktoru Əhməd Muxlis, Frans Press agentliyinin
direktoru Pyer Loet, qədim Şərqin ən
nüfuzlu agentliklərindən biri olan Misirin MENA agentliyinin
prezidenti və baş direktoru Abdulla Hassan, Koreya
Respublikasının Yonhap agentliyinin prezidenti Park Cunq-Çan,
Rusiyanın RİA-Novosti agentliyinin baş direktoru Nikolay
Biryukov və başqaları azərbaycanlı həmkarlarını
səmimi qəlbdən təbrik edərək onlara
yeni-yeni yaradıcılıq uğurları arzulamışlar.
* * *
Sonra mərasimdə
Azərbaycan Prezidenti İlham Əliyevə AzərTAc-ın
kollektivinin müraciəti oxunmuşdur. (Müraciətin
mətni qəzetin bugünkü nömrəsində dərc
olunur).
Yubiley mərasimi
geniş konsert proqramı ilə davam etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 2 mart.- S. 4.