BMT qərarlarının icra mexanizmləri təkmilləşdirilməlidir

 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq aləmə inteqrasiya yolu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa mühüm önəm vermişdir. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatı ilə münasibətlərdə əldə etdiyi nəticələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 1992-ci il martın 2-də bu mötəbər təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olunan Azərbaycan dövlət müstəqilliyinin siyasi-hüquqi təminatını gücləndirmək, eləcə də beynəlxalq səviyyədə maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazanmışdır.

 

BMT-yə üzv olmaqla Azərbaycan, ilk növbədə, özünün beynəlxalq hüququn bərabərhüquqlu subyekti olduğunu təsdiqləmişdir. Təşkilata üzvlükdən dərhal sonra respublikamız qurum çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə, BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələri qəbul etmişdir. Bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı faktı təsbit olunmuşdur. Təşkilat respublikamızın ərazi toxunulmazlığını önə çəkmiş, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür.

BMT Baş Assambleyası Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsindən, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsindən dərin narahatlıq hissi keçirərək 1993-cü ildə - 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdir. Ümumilikdə, 1992-1996-cı illərdə BMT Təhlükəsizlik Şurasının sədri və BMT Baş katibi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyən bir sıra bəyanatlar yaymışdır. 1996-cı ildə BMT Baş Assambleyası qəbul etdiyi "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiqləmişdir.

1994-cü ildə BMT Baş Assambleyasının sessiyalarında ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Ümummilli lider ilk dəfə Azərbaycan Respublikasının Prezidenti kimi həmin tribunadan istifadə edərək Azərbaycanın haqq səsini dünyaya çatdırmış, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etmişdir. Ulu öndər Heydər Əliyev 2000-ci ilin sentyabrında BMT-nin Minillik zirvə toplantısına qatılmış, dərin məzmunlu çıxışında qloballaşma prosesinə toxunmuş, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusi vurğulamışdır.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir statusunda BMT Baş Assambleyasının sessiyasında iştirak etmiş, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdır. Cənab İlham Əliyev demişdir ki, beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslər BMT-nin yenidən strukturlaşması, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklərin edilməsi məsələsini ön plana çıxarmışdır.

Uzun müddət dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən, habelə beynəlxalq təhlükəsizlik sisteminin formalaşmasını təmin edən BMT-nin hazırkı durumu - cərəyan edən qlobal proseslərə təsir imkanlarının məhdudluğu, qətnamələrini icra edə bilməməsi təşkilata üzv dövlətlərin böyük əksəriyyətində ciddi narahatlıq doğurur. Bu, əsasən təşkilatda çıxarılan qərarların həyata keçirilməsi mexanizmlərinin müasir tələblərə cavab verməməsi ilə şərtlənir. BMT-nin hansısa ciddi qərarlar qəbul etməsi Təhlükəsizlik Şurasının 15 daimi üzvünün konsensusa gəlməsindən asılıdır ki, bu da təşkilatın çevik və dinamik fəaliyyətini əngəlləyir. BMT qərarlarının kifayət qədər səmərəli təsir gücünə malik olmadığını konkret olaraq təşkilatın Ermənistanın təcavüzkar siyasəti ilə əlaqədar qəbul etdiyi 4 qətnamənin kağız üzərində qalması bir daha təsdiqləyir.

Azərbaycan BMT-nin bir çox qurum və orqanları ilə də fəal əməkdaşlıq edir. Bu sırada BMT-nin İnkişaf Proqramı (BMT İP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və digər qurumları göstərmək olar.

Azərbaycanın BMT-nin İnkişaf Proqramı (BMT İP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələri var. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir. BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) inkişaf etdirilməsi, onların maliyyələşdirilməsi yolu ilə işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinə böyük yardım göstərmişdir.

Son illərdə Azərbaycan BMT çərçivəsində terrorizmə qarşı aparılan mübarizəyə də fəal dəstək vermişdir. Respublikamız BMT Təhlükəsizlik Şurasının Terrorizmə qarşı Mübarizə Komitəsi ilə yaxından əməkdaşlıq edərək həmin quruma Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir. Respublikamız beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Rəsmi Bakı BMT-nin XXI əsrdə təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün təşkilat daxilində islahatlar aparılması ideyasını dəstəkləyir. Azərbaycan mütəmadi olaraq erməni təcavüzünün acı fəsadları ilə bağlı BMT-də məsələ qaldırır və əksərən təcavüzkarın ifşasına nail olur.

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 2009-cu ilin oktyabrında keçirilmiş 64-cü sessiyasının yekunları göstərdi ki, Azərbaycan bu mötəbər beynəlxalq təşkilatda maraq və mənafelərini layiqincə təmsil edir. Xatırladaq ki, hələ 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamənin qəbulu rəsmi Bakının mühüm diplomatik nailiyyəti sayıla bilər. 9 bənddən ibarət bu qətnamə BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyini bir daha ifadə etmişdir. Sənəd Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını özündə əks etdirir. Bu qətnamə təşkilatın ənənəvi mövqeyində hansısa dəyişikliyin baş verməməsi anlamına gəlir.

BMT Baş Məclisinin 64-cü sessiyasında çıxış edən Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov münaqişənin mərhələli həllinin yeganə mümkün yol olduğunu bir daha vurğulamışdır. "İşğal olunmuş bütün ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılması, həmin ərazilərin bərpası və qaçqın və məcburi köçkünlərin doğma yurdlarına - Dağlıq Qarabağa və ətraf rayonlara geri qayıtması, qarşılıqlı istifadə üçün bütün kommunikasiyaların açılması kimi bir sıra vacib işlər görülməlidir. Bu, müharibənin nəticələrini aradan qaldırmağa, regionun azərbaycanlı və erməni icmalarının qarşılıqlı razılığı nəzərə alınmaqla Azərbaycan daxilində Dağlıq Qarabağ regionunun hüquqi statusunun işlənib hazırlanmasına, regionda davamlı sülhün və sabitliyin təşəkkül tapmasına zəmin yaradacaqdır" - deyən xarici işlər naziri əlavə etmişdir ki, danışıqlar prosesinin gedişi münaqişənin həllində "pat vəziyyəti"nin aradan qalxacağına ümidləri artırır.

Bu gün dünya ictimaiyyəti insan hüquqlarını ali dəyər kimi qəbul etdiyi halda, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ölkəmizdə insan hüquqlarının tam bərqərar olmasında obyektiv çətinliklər yaradır. Bu işğal nəticəsində insanların təhlükəsiz yaşamaq hüququ pozulmuş, mülkiyyətinə qəsd edilmişdir. Azərbaycandan qabaqcıl Avropa ölkələri səviyyəsində demokratik, azad, hüquqi vətəndaş cəmiyyəti tələb edən beynəlxalq təşkilatlar, ilk növbədə, Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək barədə düşünməlidir. Ən başlıcası, münaqişənin həlli ilə bağlı qəbul edilmiş qətnamələrin icrası istiqamətində konkret addımlar atılmalıdır.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 2 mart.- S. 5.