Ölümdən qorxmayan igid
Onlar Vətən - torpaq uğrunda bir göz qırpımında özlərini tankın altına atan, top gülləsinə sinələrini verən oğullardır. Dünyaya bunun üçün gəldilər, vəzifələrini yerinə yetirdilər və getdilər. Şəhidliyi şirin kimi, şərbət kimi, dərdə dərman kimi içdilər. Belə oğullarımız birdimi, beşdimi, mindimi? Ən doğru sayı Vətənimizin hər yerində salınan şəhid məzarlıqları və bir boy məzarlarından, ölümlərindən uca olan şəhidlər özləri bilir...
İgidliyi və cəsarəti ilə qəlblərdə özünə əbədi abidə ucaltmış azadlığa doğru gedən oğullarımızdan biri də baş leytenant Nazim Cəbrayılov idi. O, ölümdən ucada dayandı, nə məzarı qaldı, nə başdaşı, şəhidliyini tankın altında qarşıladı. Sonralar torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi şücaət və qəhrəmanlıq ölkənin ali mükafatı - "Azərbaycan bayrağı" ordeni ilə dəyərləndirildi. Nazim Cəbrayılov 1994-cü ildə şəhid oldu, cənazəsi də düşmən əhatəsində qaldı. Amma Nazimin əbədi ünvanı canından artıq sevdiyi və uğrunda şəhid olduğu Azərbaycanın hər daşında, hər qayasında, xalqının ürəyindədir. Bu da onun sözləridir: "Bu torpaq bizimdir, onu biz də qorumalıyıq. Bizi bir-birimizə bu torpağa məhəbbət və düşmənə nifrət hissi birləşdirir. Azərbaycan torpağından erməniləri tamam təmizləyənə qədər silahımızı yerə qoymayacağıq".
Müdafiə Nazirliyinin əmri ilə taqım komandiri təyin edilən baş leytenant Nazim Cəbrayılov 1949-cu il martın 2-də Ağdamda doğulmuşdu. Ağdam şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 1966-cı ildə Xalq Təsərrüfatı İnstitutuna (indiki ADİU) daxil olmuş, ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra təyinatla Türkmənistanın paytaxtı Aşqabada göndərilmişdi.
O, Aşqabadda işləyə-işləyə Kalininqrad milis məktəbində də ikinci ali təhsil aldı. Bir müddət Vətəndən kənarda yaşayıb işlədikdən sonra doğma yurda döndü və hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində işləməyə başladı. 1988-ci ilin məlum hadisələri başlananda Nazim torpaqlarımızın müdafiəsi üçün sinəsini irəli verən ilk oğullarımızdan biri oldu. Dəfələrlə ağır döyüşlərdə oldu, düşmənlə üz-üzə gəldi. 1994-cü il aprelin 13-də göstərdiyi böyük hünər və şücaətə görə Nazim Cəbrayılova vaxtından əvvəl kapitan rütbəsi təqdim edildi. Lakin bu rütbəni daşımaq xalqımızın qəhrəman oğluna nəsib olmadı. Çünki qismətinə şəhid "rütbəsi" daşımaq yazılmışdı. Bu "rütbə"nin məqamı daha uca, daha ali idi, Nazimin özünə layiq.
Həmin döyüşdən sağ qalan əsgərlər danışır ki, zirehli texnika ilə hücuma keçən düşmən qüvvəcə üstün imiş. Xeyli döyüşlərdən sonra Nazimin rotası geri çəkilməli olur. Komandir özü isə səngərdə qalaraq şəxsi heyətin itkisiz yeni mövqelərə keçməsinə imkan yaratmağa çalışır. Baş leytenant Cəbrayılov düşmən tankının ona tərəf gəldiyini görəndə təkbətək döyüşə atılır, irəli şığıyaraq qumbaraatandan iki dəfə atəş açır. Lakin bu atəş düşmənin T-80 tankının qalın zirehinə təsir göstərmir. Düşmənlə tək döyüşən komandir yaralanır və birtəhər səngərə tərəf sürünür. Fürsəti fövtə verməyən qatil düşmən ağır tankı səngərin üstünə sürür və bir neçə dəfə dövrə vurub irəliləyir... Əsgər dostları danışır ki, çox nikbin və zarafatcıl olan komandir Nazim Cəbrayılov torpaqlarımızda müharibə başlayandan hər il doğum gününü-martın 2-ni səngərdə bizimlə qeyd edərdi. Heç vaxt ümidsiz danışmaz, bizi də qələbəyə ruhlandırardı. Baş leytenant həmişə qələbədən və o günü necə qarşılayacağımızdan danışardı.
Bu şəhid oğulun 3 gül balası - Jalə, Fidan və Orxan ömür-gün yoldaşı Rəhilə xanım Cəbrayılovaya əmanət qaldı. Fədakar qadın Rəhilə xanım bu yadigarları minbir əzabla da olsa böyütdü, oxutdu, ev-eşik, oğul-uşaq sahibi etdi. Sonra da həyat yoldaşının əziz xatirəsinə "Ölməzliyə abidə" kitabını yazdı. Bu kitab ziyarət etmək üçün heç olmasa bir qəbri belə olmayan Nazim Cəbrayılova hədiyyə idi. İndi onun həyata keçməyən bircə arzusu qalıb. Uğrunda şəhid olduğu Vətənini düşmən tapdağından azad görmək.
R.RZALI
Azərbaycan.- 2010.- 2 mart.- S. 7.