Azərbaycan Respublikasından olan iştirakçıların
"1941-1945-ci illər Böyük Vətən
müharibəsində Qələbənin 65 illiyi"
yubiley medalı ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1941-1945-ci illər Böyük Vətən müharibəsində Azərbaycandan olan iştirakçıların ön və arxa cəbhələrdə göstərdikləri qəhrəmanlığı və fədakarlığı nəzərə alaraq, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" vahid yubiley medalı haqqında" MDB dövlət başçıları Şurasının 2008-ci il 10 oktyabr tarixli qərarına uyğun olaraq qərara alıram:
1. Aşağıdakı şəxslər "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı ilə təltif edilsinlər:
SSRİ Silahlı Qüvvələri sıralarında Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər;
Faşist işğalçılarına qarşı gizli mübarizə aparan şəxslər;
Böyük Vətən müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər;
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" və "Yaponiya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuş şəxslər;
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalının vəsiqəsi, yaxud müharibə iştirakçısı vəsiqəsi olan şəxslər;
Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə SSRİ ordenləri, "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "Əmək igidliyinə görə", "Əməkdə fərqlənməyə görə", "Leninqradın müdafiəsinə görə", "Moskvanın müdafiəsinə görə", "Odessanın müdafiəsinə görə", "Sevastopolun müdafiəsinə görə", "Stalinqradın müdafiəsinə görə", "Kiyevin müdafiəsinə görə", "Qafqazın müdafiəsinə görə", "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalları ilə təltif olunmuş şəxslər;
"Blokadada olan Leninqrad sakininə" nişanı, yaxud "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalının vəsiqəsi olan şəxslər;
Böyük Vətən müharibəsi dövründə altı aydan az olmayaraq əmək fəaliyyəti ilə məşğul olmuş şəxslər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalının və onun vəsiqəsinin hazırlanmasını;
- yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahılarının tərtib edilməsini və medalların təqdim olunmasını təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2010-cu il
Azərbaycan.- 2010.- 3 mart.- S. 1.