Real gücə söykənən diplomatiya
Mövcud olduğu regionun
lideri, sarsılmaz daxili sabitlik, son illərdə
dünyanın ən sürətli iqtisadi inkişaf
dinamikasına malik dövlət, qlobal enerji təhlükəsizliyinin
təminatında artan rol, geosiyasi mövqeyinə görə
beynəlxalq sferada getdikcə daha çox diqqət mərkəzinə
çevrilən ölkə və sözügedən qəbildən
olan digər amillər bu gün Azərbaycanı xarakterizə
edən əsas cəhətlərdəndir. Bütün bunlar
həm də beynəlxalq miqyasda Azərbaycanın ən
nüfuzlu dövlətlərdən biri olmasını şərtləndirib.
Ölkəmiz dünya səviyyəsində
mövqeyini hər keçən gün daha da gücləndirir.
İndi təkcə Cənubi Qafqazda yox, onun sərhədlərini
əhatə edən daha böyük coğrafi məkanda
geosiyasətin konturları müəyyən edilərkən,
xüsusən də yeni enerji layihələri, marşrut
yolları cızılarkən mütləq Azərbaycanın
maraq və istəkləri nəzərə alınır.
Çünki Azərbaycan artıq bu geosiyasi məkanda obyekt
olmaqdan çıxaraq aparıcı subyektlərdən biri
kimi çıxış edir.
Qeyd olunanlar 20 ildən
çoxdur ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
hadisələrin inkişaf istiqamətinə də təsirsiz
ötüşməyərək yeni bir situasiyanın
yaranmasına səbəb olub. Məsələyə
diplomatiya, beynəlxalq hüquq kontekstindən
yanaşıldıqda aydın olur ki, Ermənistan sözün
əsl mənasında küncə
sıxışdırılmış vəziyyətdədir və
Azərbaycanın apardığı siyasət nəticəsində
işğalçı gövlətin Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar dünyanı
aldatmağa xidmət edən yalançı manevrlərinə
yer qalmayıb. İndi dünya birmənalı şəkildə
Ermənistanın Azərbaycan ərazilərini işğal
etməsi faktını qəbul edir, beynəlxalq hüquq
normalarına uyğun olaraq onu zəbt etdiyi əraziləri
azad etməyə çağırır. BMT, Avropa
Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların
qəbul etdikləri müvafiq qətnamələrdə, o
cümlədən münaqişənin dinc yolla
çözülməsi üçün vasitəçilik
missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli
sürdüyü həll variantlarında da Ermənistanın
işğalçı dövlət kimi təqdim olunması
düşmən ölkənin diplomatiya müstəvisində
artıq nokaut vəziyyətinə düşdüyünü
təsdiq edən faktorlardır. Prezident İlham Əliyev Qəbələdə
məcburi köçkünlər və rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşündə səsləndirdiyi
fikirlər də bunu bir daha əyani surətdə təsdiq
edir: "Biz çalışırıq və
çalışmalıyıq, ölkəmizi hərtərəfli
inkişaf etdirək, gücləndirək ki,
danışıqlarda, ümumiyyətlə, Ermənistanla
qarşıdurmada mövqelərimiz daha da güclənsin. Beynəlxalq
müstəvidə buna nail ola bilmişik. Beynəlxalq
hüquq bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq təşkilatlar
məsələnin ərazi bütövlüyü və beynəlxalq
hüquq normaları əsasında həll olunmasını təsdiqləyir.
Bunu təsdiqləyən çoxsaylı beynəlxalq sənədlər
vardır".
O da danılmaz həqiqətdir
ki, Ermənistanın beynəlxalq hüquqi sənəd və
normalara, dünya miqyasında olan tələblərə əhəmiyyət
verməyərək Azərbaycan ərazilərini bu vaxta qədər
işğal altında saxlaması yalnız sözügedən
ölkəyə bəzi xarici havadarlarının hələ
də davam edən dəstəyi sayəsində mümkün
olmuşdur. Ancaq bu sahədə də vəziyyət artıq
fərqli məcraya doğru dəyişməkdədir.
Çünki Azərbaycanın apardığı məqsədyönlü
siyasətin nəticəsi olaraq Ermənistana himayədarlıq
edən bir sıra ölkələr artıq mövqe dəyişikliyi
etməyə məcburdurlar. İndi onlar
işğalçı dövlətdən ən azı öz
varlığını qorumaq üçün zəbt etdiyi əraziləri
tədricən azad etməyi tələb kimi qarşıya qoyurlar.
Bunu şərtləndirən əsas amillərdən biri də
Dağlıq Qarabağ münaqişəsi ətrafında
status-kvonun bütün region üçün təhlükəli
xarakter daşımasına, buranın dünyanın siyasi xəritəsində
hələ də qaynar nöqtə kimi qalmasına səbəb
olmasıdır. İndi dünya belə bir həqiqəti tam
qəbul edir ki, sözügedən münaqişə həll
edilmədən digər regional miqyaslı problemləri həll
etmək mümkün olmayacaq. Prezident İlham Əliyev bununla
bağlı Lökbatan qəsəbəsində Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün inşa olunmuş yaşayış
binasının açılışı, müharibə əlillərinə
minik avtomobillərinin verilməsi mərasimində
çıxışı zamanı bildirib: "Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi bölgənin ən
böyük problemidir. Bu problem həll olunmadan heç bir
başqa problem öz həllini tapa bilməz".
Bütün bunlar onu göstərir
ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında
mövcud vəziyyətin dəyişmədən qalması
mümkünsüzdür və Ermənistanın buna sadəcə
olaraq müqavimət gücü tam tükənmiş
haldadır. Digər tərəfdən münaqişənin
davam etməsi hazırda Ermənistan cəmiyyətində
böyük parçalanmalara yol açan tətikləyici
faktorlardan biri olaraq qalır. İndi Ermənistanda
böyük əksəriyyət ölkənin üzləşdiyi
ağır sosial-iqtisadi durumun, regional təcridə yol
açan vəziyyətin, müstəqillyin əzəldən
formal xarakter daşımasının ən ümdə səbəblərindən
biri olaraq məhz Dağlıq Qarabağ münaqişəsini
görürlər. Bu səbəbdən Ermənistanda
Dağlıq Qarabağ iddialarından vaz keçməyi
düşünənlərin, Azərbaycan və Türkiyə
ilə normal münasibətlərin yaranmasını istəyənlərin
sayı artır. Bu mövqedən çıxış edənlərlə
əks düşərgədə duranlar arasında yaranan
uçurum getdikcə daha çox dərinləşməkdədir.
Azərbaycanda isə vəziyyət tamam fərqli xarakter
daşıyır və xalqın münaqişə ilə
bağlı mövqeyi yekdildir. Bu məqama toxunan Prezident
İlham Əliyev qeyd edir: "Mən əminəm ki, biz
bütün səylərimizi gücləndirməklə, ordu
quruculuğu, siyasi fəaliyyətin möhkəmləndirilməsi
istiqamətində atılacaq növbəti addımlar
hesabına, iqtisadi inkişafın hesabına və cəmiyyətdə
bütün vətəndaşların bu milli ideya uğrunda
birləşməsi sayəsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsi öz həllini
tapacaq və ərazi bütövlüyümüz bərpa
olunacaqdır".
Beləliklə, ümumi vəziyyətin
təhlili göstərir ki, Dağlıq Qarabağ
münaqişəsinin iştirakçı tərəfləri
olan Ermənistan və Azərbaycan arasında kifayət qədər
böyük fərqlər mövcuddur. İndi bir tərəfdə
güclü, qüdrətli, sürətlə inkişaf edən
Azərbaycan durursa, digər tərəfdə çökməkdə
olan, cəmiyyətində parçalanmalar yaşanan, idarəsi
başqa dövlətlərin əlində olan Ermənistan
dayanır. İki ölkənin ordusu arasında da vəziyyət
tamamilə fərqli xarakterə malikdir. Bu gün Azərbaycanın
hərbi xərcləri işğalçı dövlətin
demək olar ki, ümumi dövlət büdcəsinə bərabərdir.
Digər tərəfdən o da nəzərə
alınmalıdır ki, ordunun şəxsi heyətlə təmin
olunması baxımından Azərbaycanda heç bir problem
yaşanmadığı halda, Ermənistan indi əksər hərbi
hissələrini komplektləşdirməkdə ciddi çətinliklərlə
üz-üzə qalıb. Ordunun döyüş və mənəvi
hazırlığı sahəsində isə iki ölkənin
nümayiş etdirdiyi göstəricilər artıq müqayisəolunmaz
həddə çatıb. Bu gün Ermənistan ordusu
üçün mənəvi deqradasiya, ruh
düşkünlüyü, hərbi xidmətdən
yayınma halları daha çox xarakterikdirsə, Azərbaycanda
vəziyyət tam əksinədir.
Ümumiyyətlə isə,
regionun ən güclü ordusuna malik Azərbaycanın hərbi
qüdrətinin günü-gündən artması,
işğalçı Ermənistanla müqayisədə
ordunun maddi-texniki təminatında və digər göstəricilərində
dəfələrlə böyük üstünlüyə
malik olması ermənilər tərəfindən də
açıq bildirilir.
Təbii olaraq belə durumda
Azərbaycan münaqişənin indiki vəziyyətdə
qalmasına yol verə bilməz və status-kvonun dəyişməsi,
ərazi bütövlüyünün bərpası
üçün ölkəmiz diplomatiya ilə yanaşı,
artıq güc amilindən istifadəni də istisna etmir.
Prezident İlham Əliyevin bununla bağlı mövqeyi qətidir:
"Biz istəyirik ki, məsələ sülh yolu ilə həll
olunsun, biz istəmirik ki, müharibə yenidən
başlasın. Ancaq eyni zamanda, özümüzü gücləndiririk,
ölkəmizin hərbi-iqtisadi potensialını gücləndiririk
və hər an torpaqlarımızı istənilən yolla
düşməndən azad etmək üçün hazır
olmalıyıq".
Deməli, Ermənistanın
danışıqlar prosesində indi çox az vaxtı var. Əgər
Ermənistan bu vaxtdan səmərəli istifadə edərək
danışıqlarda konstruktiv mövqedən
çıxış etməsə, ərazilərimizi
işğal altında saxlamaqda davam etsə, onda Azərbaycan əsgəri
ilə üz-üzə gəlməsi qaçılmaz olacaq. İşğalçı
ölkənin özündə də yaxşı bilirlər
ki, müharibənin başlanması təkcə Ermənistan
silahlı qüvvələrinin Azərbaycan ərazilərindən
qovulması ilə nəticələnməyəcək, eyni
zamanda bu dövlətin çöküşünü daha da
sürətləndirəcək. Çünki Ermənistanın
Azərbaycanla yenidən müharibə aparmağa nə
iqtisadi, nə də hərbi gücü var. Bu səbəbdən
Azərbaycanın lazım gələrsə Dağlıq
Qarabağ münaqişəsinin hərbi müstəvidə
çözümünə əl ata biləcəyinə dair
fikirlərin səslənməsi Ermənistanda əsl dəhşət
kimi qarşılanır. Azərbaycan ərazi bütövlüyünün
bərpası üçün bir dövlət, cəmiyyət,
xalq olaraq müharibəyə tam hazırdır. Azərbaycan
ordusu Ali Baş Komandanın "İrəli!" əmrini
gözləyir.
Ali Baş Komandan zor
gücünə işğal edilən ərazilərin
düşməndən təmizlənəcəyinə dair Ermənistana,
eyni zamanda dünya birliyinə konkret mesaj verir.
Danışıqlarda tezliklə dönüş
olmayacağı, Ermənistanın konstruktiv mövqe
nümayiş etdirməyəcəyi təqdirdə, ordunun
gücündən istifadə olunacağını bildirir:
"Bir tərəfdən bizə deyilir ki, məsələ
sülh yolu ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq.
Amma heç kim unutmamalıdır ki, ermənilər o
torpaqları sülh yolu ilə zəbt etməyiblər. Bizim
torpaqlarımız müharibə yolu ilə, başqa ölkələrin
dəstəyi ilə işğal olunubdur. Baxmayaraq ki, o hadisələrdən
artıq 20 ilə yaxın vaxt keçir, bunu heç kim
unutmamalıdır. Azərbaycan vətəndaşları, gənclər,
gənc nəsil bunu daim yadda saxlamalıdır. Yəni, ermənilər
bunu zor gücü ilə ediblərsə, bizə nə
üçün daim tövsiyə edilir ki, sülh yolu ilə
həll olunsun".
Bütün bunlar onu göstərir
ki, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Azərbaycanın həyata keçirdiyi
diplomatiyanın arxasında həm də real güc dayanır.
İndi Azərbaycan həm diplomatiya, həm hərbi, həm
iqtisadi, həm də digər vasitələrlə Ermənistanı
təzyiq məngənəsində boğmaqdadır. Əgər
belə vəziyyətdən Ermənistan tezliklə lazımi
nəticə çıxarmasa, işğal etdiyi əraziləri
azad etməsə, onda hərbi təzyiq metodları
açıq şəkildə özünü göstərəcək
və bununla da Dağlıq Qarabağ, onun ətrafında olan
digər Azərbaycan əraziləri birdəfəlik
düşmən tapdağından qurtulacaq.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 3 mart.- S. 2.