Dövlət siyasətinin prioritet istiqaməti

 

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı və neft layihələrinin işə düşməsi nəticəsində artan maliyyə imkanları dövlətimizin sosial siyasətinin, xüsusən aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirib. Nəticələr göz qabağındadır. 2006-cı ildən aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsi, minimum əməkhaqqının, pensiyaların baza hissəsinin və digər sosial təyinatlı xərclərin mütəmadi olaraq artırılması respublikamızda həyata keçirilən uğurlu və çoxşaxəli sosial siyasətin bir hissəsidir.

 

Sosial siyasətin bir istiqamətini də aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir. Son illərdə qaçqın və məcburi köçkünlərin mənzil şəraiti sürətlə yaxşılaşdırılıb. Əvvəllər çadırlarda, yük vaqonlarında, yataqxanalarda dözülməz şəraitdə məskunlaşan məcbur köçkünlər yeni qəsəbələrdə, çoxmərtəbəli binalarda geniş mənzillərlə təmin olunublar.

Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün Azərbaycan dövləti son illərdə 2 milyard dollar vəsait xərcləyib. 63 yeni qəsəbə və fərdi evlər tikilib, 12 çadır şəhərciyi ləğv edilib. 100 min nəfərədək soydaşımız yeni evlərə köçürülüb. Yeni qəsəbələrdə 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisələri və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, zəruri infrastruktur yaradılıb.

Böhran ilinə baxmayaraq 2009-cu ildə də məcbui köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı bütün sosial layihələr uğurla icra olunub. Belə ki, ötən il Bakının Binəqədi rayonunun 2 saylı evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün tikilmiş 5 ədəd hər biri 63 mənzildən və 1 ədəd 54 mənzildən ibarət doqquzmərtəbəli yaşayış binaları və Goranboy rayonunun Veyisli kəndi yaxınlığında 596 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə istifadəyə verilib. Binaların və qəsəbənin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev iştirak edib.

Doqquzmərtəbəli 6 binada paytaxtda şəraiti dözülməz olan ictimai yerlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər, Goranboyun Veyisli kəndi yaxınlığındakı qəsəbədə isə Kəlbəcər rayonundan olan məcburi köçkünlər yerləşdiriliblər. Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binalarının istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev deyib: "Siz uzun illər çox ağır şəraitdə yaşamısınız. İctimai binalarda, yataqxanalarda, yararsız yerlərdə uzun illər ərzində əziyyət çəkmisiniz. Ancaq bu gün sizin həyatınızda yeni mərhələ başlayır, bu gözəl evlərdə siz yaşayacaqsınız. Ancaq bu da müvəqqəti bir yaşayış yeridir. Azərbaycan torpaqları işğalçılardan azad olunandan sonra sizin doğma torpaqlarınızda biz belə gözəl evlər tikəcəyik, şəhərləri yenidən quracağıq. İşğalçılardan azad olunacaq torpaqlarda bütün infrastruktur yenidən yaradılacaqdır".

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq ötən il Xocalı rayonundan olan məcburi köçkünlər üçün Goranboy rayonu ərazisində salınan 500 ailəlik 4 qəsəbədən ibarət olan Yuxarı Ağcakənd qəsəbəsində 120 ailəlik qəsəbənin, Göygöl rayonu ərazisində 26 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatdırılıb və məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi təmin edilib. Eyni zamanda, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayonunun Fatmayı qəsəbəsi ərazisində salınan qəsəbənin tikintisi başa çatıb və məcburi köçkünlər qəsəbədəki evlərə köçürülüblər. Bunlarla yanaşı, Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranmış obyektlərdən köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi üçün Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binası bu yaxınlarda istifadəyə veriləcək.

Ümumilikdə götürdükdə, təkcə 2009-cu ildə 5710 nəfərdən ibarət 1142 məcburi köçkün ailəsi yeni tikilmiş mənzillərə köçürülüb. 2009-cu ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə isə 309,9 milyon manat vəsait sərf edilib.

Ötən il İmişli rayonunda 983 məcburi köçkün ailəsi üçün evlərin tikilməsi məqsədilə 197 hektar, Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsinə çoxmərtəbəli binaların inşası üçün 10 hektar torpaq sahəsi ayrılıb, sənədlər Baş Ekspertiza İdarəsinə təqdim edilib. Mingəçevir şəhərində 502, Şəki şəhərində 423, Ağcabədi rayonunda 1108 məcburi köçkün ailəsi üçün ayrılmış sahənin texniki şərtləri müvafiq təşkilatlardan alınıb. Ağdamda 651 ailə üçün yeni qəsəbənin salınması və Balakən rayonunda məktəb binalarında məskunlaşmış 43 ailə üçün beşmərtəbəli evlərin tikintisi üçün də torpaq sənədləri alınıb. Qəbələdə isə 155 məcburi köçkün ailəsi üçün iki beşmərtəbəli bina tikilib istifadəyə verilib.

Qeyd edək ki, fevralın 17-də Prezident İlham Əliyev "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintiyə başlanması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulur.

2009-cu ildə digər kateqoriyalardan olan aztəminatlı ailələrin də mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Artıq neçə illərdir ki, ölkənin bir çox bölgələrində əlillər, veteranlar və şəhid ailələri üçün yaşayış binaları inşa olunmaqdadır. Ölkəmizin ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə, əmək prosesində fiziki sağlamlığını itirmiş vətəndaşların, müharibə veteranlarının və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsi Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Əlil və şəhid ailələrinə verilən mənzillərin ildən-ilə artması da bunu təsdiqləyir. Belə ki, 2000-ci ildə 126, 2001-ci ildə 148, 2002-ci ildə 140, 2003-cü ildə 151, 2004-cü ildə 165, 2006-cı ildə 434, 2007-ci ildə 943 və 2008-ci ildə 396 mənzil əlil və şəhid ailələrinə təqdim olunub. Ümumilikdə, Azərbaycan Respublikasında 1999-2008-ci illər ərzində 2763 mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilib.

2009-cu il ərzində isə əlil və şəhid ailələri üçün 707 mənzil istifadəyə verilib ki, bu da 2008-ci illə müqayisədə təxminən iki dəfə çoxdur.

2010-cu ilin də əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti uğurlu mərhələ olacağı şübhəsizdir. Artıq fevralın 23-də Bakının Lökbatan qəsəbəsində 81 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Binanın açılışı, həmçinin müharibə əlillərinə minik avtomobillərinin verilməsi mərasimində çıxış edən Prezident İlham Əliyev deyib: "Siz buna layiqsiniz. Siz Vətən uğrunda vuruşmusunuz, sağlamlığınızı itirmisiniz, yaxınlarınızı itirmisiniz. Azərbaycan dövləti hər şey etməlidir ki, sizin bütün məişət problemləriniz həllini tapsın".

Qaçqın və məcburi köçkünlərin, əlillərin mənzil şəraitinin yaxşılaşdırılması ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır. Çünki ilk növbədə bu kateqoriyadan olan aztəminatlı ailələrin sosial problemlərinə qayğı ilə yanaşılmalıdır. Fərəhli haldır ki, respublikamızın maliyyə imkanları çoxaldıqca aztəminatlı əhalinin yalnız mənzil şəraitini deyil, onlara dövlət qayğısını əks etdirən digər xidmətlərin də səviyyəsi keyfiyyətcə yüksəlir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.-3  mart.- S. 2.