Türkiyə hökuməti ABŞ-da qondarma "erməni soyqırımı" qanun layihəsinə qarşı geniş tədbirlərə başlamışdır

 

Birləşmiş Ştatlar Konqresinin qondarma "erməni soyqırımı" iddialarını ehtiva edən qanun layihəsini Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin gündəliyinə salması Türkiyə hökumətini hərəkətə gətirmişdir.

Bu məsələ Türkiyə Nazirlər Kabinetinin martın 1-də keçirilmiş ilcasında geniş müzakirə olunmuşdur. Baş nazirin müavini Cəmil Çiçək bildirmişdir ki, qanun layihəsinin qəbul olunacağı təqdirdə Türkiyə-ABŞ münasibətləri ciddi zərbə alacaqdır. Hər iki ölkənin bölgədə üzərinə götürdüyü ciddi məsuliyyət nəzərə alınmalı bu cür qanun layihələri parlamentlərdə təsdiq olunmamalıdır.

Digər tərəfdən, bu qanun layihəsinin təsdiq olunması Qafqazda sülhün bərqərar olması Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə mənfi təsir göstərəcəkdir.

Ankarada mətbuat konfransı keçirən Türkiyə xarici işlər naziri müavininin köməkçisi Səlim Yenel Birləşmiş Ştatlar konqresmenlərini bu qanun layihəsini rədd etməyə çağırmışdır. Səlim Yenəl demişdir ki, Türkiyə-ABŞ münasibətləri çox həssas bir dövrünü yaşayır Konqresin Xarici Əlaqələr Komitəsinin 2007-ci ildə olduğu kimi bu qanun layihəsini təsdiq edəcəyi ehtimal olunur. Belə olan halda, aprelin 24-dək müddət çox gərgin keçəcəkdir.

Türkiyənin Vaşinqtondakı səfiri Namik Tan məsələ ilə bağlı ABŞ-dakı yəhudi icmasının nümayəndələri ilə danışıqlar aparır.

Türkiyəli diplomat onu da əlavə etmişdir ki, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşmasını istəyir. Lakin, eyni zamanda Azərbaycan-Ermənistan münaqişəsinin nizama salınması zəruridir.

Bu arada Türkiyə parlamentarilərindən ibarət iki qrup da məsələ ilə bağlı Vaşinqtonda görüşlər keçirəcəkdir. Bu qrupların rəhbərləri Türkiyə parlamentinin komissiya sədri Murad Mərcan Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunun sədri Suat Kınıkoğludur. Qondarma "erməni soyqırımı" ilə əlaqədar Ankarada ən çox maraq doğuran isə ABŞ Prezidenti Barak Obamanın aprelin 24-də olacaq müraciətində "soyqırımı" kəlməsinin tələffüz edilməsi ehtimalıdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 3 mart.- S. 2.