"Avropa: Mən mübarizə
aparıram, mən qalib gəlirəm" kitabının təqdimatı
olmuşdur
Martın 2-də "Hyatt Recency-Naxçıvan" mehmanxanasında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Avropa Xalq Partiyasının (AXP) sədri, Belçikanın sabiq Baş naziri Vilfred Martinsin "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" ("Europe: I Struggle, I Overcome") kitabının təqdimatı keçirilmişdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tədbiri açaraq kitabın mahiyyətindən danışmış, onun siyasətlə məşğul olanlar, eləcə də siyasətlə maraqlanan gənclər üçün maraqlı vəsait olduğunu bildirmişdir. O demişdir ki, Avropanın tanınmış və nüfuzlu siyasətçilərindən biri olan V.Martins çox mənalı ömür yolu keçmişdir. Gənclik illərindən siyasi proseslərə qoşulan V.Martins Belçikanın Baş naziri olduğu dövrlərdə dəfələrlə ölkəsini dərin böhranlardan çıxarmış, Avropanın problemlərinin həllində yaxından iştirak etmişdir. Ona görə də Avropa ölkələrinin sabiq və indiki rəhbərləri onu özlərinə ən yaxın dost hesab edirlər.
Milli Məclis Sədrinin müavini Bahar Muradova müəllifin dünyada baş verən proseslərdəki iştirakından danışmış, məhz V.Martinsin təşəbbüsü ilə yaradılmış AXP-nin səyi nəticəsində Avropa İttifaqının daha da genişləndiyini bildirmişdir. B.Muradova AXP ilə YAP arasında əlaqələrin bundan sonra daha da genişlənəcəyinə, müəllifin gələcək kitablarında Azərbaycanla bağlı məqamların da yer alacağına ümidvar olduğunu vurğulamışdır.
Xarici işlər nazirinin müavini Vaqif Sadıqov demişdir ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün Azərbaycan Avropa Şurası, ATƏT, NATO, Avropa İttifaqı və onun ayrı-ayrı strukturları ilə sıx əməkdaşlıq edir. Qloballaşan dünyada müxtəlif sivil vasitələrdən istifadə olunmalıdır. Bu baxımdan bizim Avropanın aparıcı siyasi qüvvəsi olan AXP ilə əməkdaşlığımız çox önəmlidir. Xarici İşlər Nazirliyi bu əməkdaşlığın inkişafına kömək göstərməyə hazırdır.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Asəf Hacıyev qeyd etmişdir ki, Azərbaycanda və Belçikada gedən siyasi proseslər arasında müəyyən oxşarlıqlar olmuşdur. Müxtəlif çətinliklər yaşayan Belçika xalqı dəfələrlə V.Martinsə müraciət etmişdir. Azərbaycan xalqının xilaskarı isə ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Azərbaycan müstəqilliyinin ilk illərində çox ağır vəziyyətə düşmüşdü. Həmin vəziyyətdən onu məhz ulu öndərimiz xilas etmişdir. Ümid edirik ki, V.Martins kimi siyasətçilər gələcək kitablarında buna xüsusi diqqət yetirəcəklər.
Mərasimdə Vilfred Martins çıxış etmiş, kitabının təqdimatının təşkilinə görə Azərbaycan hökumətinə, Yeni Azərbaycan Partiyasına və Milli Məclisə minnətdarlıq etmişdir. O, gələcək əsərlərində ölkəmizlə bağlı məsələlərə xüsusi yer verəcəyini bildirmişdir.
Qeyd edək ki, kitaba ön sözü Almaniyanın federal kansleri Angela Merkel yazmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 3 mart.- S. 3.