Avropa İttifaqı
Azərbaycan ilə əməkdaşlığa böyük
maraq göstərir
Martın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqına növbəti sədrlik edən dövlətin - İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinos ilə görüşmüşdür. Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər haqqında məlumat vermişlər.
Nazir E.Məmmədyarov bildirmişdir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr, xüsusilə də, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq və digər məsələlər müzakirə edilmişdir.
Nazir demişdir ki, görüşdə münaqişənin yalnız beynəlxalq hüququn prinsipləri, xüsusilə də, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulanmışdır.
Migel Angel Moratinos azərbaycanlı həmkarı ilə səmərəli müzakirələr apardığını bildirmişdir.
İspaniyalı nazir qeyd etmişdir ki, səfərinin əsas məqsədi Aİ-nin Cənubi Qafqaz ölkələri, xüsusilə də, Azərbaycan ilə əməkdaşlığa verdiyi xüsusi əhəmiyyəti nümayiş etdirməkdir. Həm Aİ, həm də İspaniya Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır.
Azərbaycan ilə Aİ arasında assosiativ sazişin imzalanması məsələsinin də müzakirə olunduğunu qeyd edən nazir yaxın zamanlarda bu istiqamətdə konkret addımların atılacağını qeyd etmişdir. Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi də gündəlikdə duran əsas məsələlərdəndir.
İspaniya xarici siyasət idarəsinin rəhbəri demişdir ki, Aİ karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi önəm verir.
M.Angel Moratinos Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğulamış, problemin həlli isqitamətində Aİ-nin ATƏT-in Minsk qrupuna hər cür yardım etməyə hazır olduğunu vurğulamışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 3 mart.- S. 3.