İnformasiya agentliklərinin
rəhbərləri Böyük
Vətən müharibəsində
Qələbənin 65 illik
yubileyinin işıqlandırılması
ilə bağlı məsələləri Bakıda
müzakirə etmişlər
Martın 2-də Bakıda Müstəqil Dövlətlər Birliyi Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclası keçirilmişdir. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan dövlət informasiya agentliklərinin rəhbərləri, habelə Müstəqil Dövlətlər Birliyinin, onun İcraiyyə Komitəsinin, Rusiyanın Xaricdə Yaşayan Həmvətənlərin və Beynəlxalq Humanitar Əməkdaşlıq İşləri üzrə Federal Agentliyin, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun nümayəndələri iştirak etmişlər.
Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov AzərTAc-ın ev sahibliyi ilə keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq, səmərəli müzakirələrin aparıldığını bildirmiş və təkliflərini vermişdir.
İclasda Böyük Vətən müharibəsində Qələbənin 65 illik yubileyinin işıqlandırılması ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Bu məsələyə həsr olunmuş əsas məruzə ilə Şuranın sədri, İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko çıxış etmişdir. O, Birliyin bütün dövlətlərinin faşizm üzərində Qələbəyə töhfəsinin işıqlandırılmasında, tarixin təhrif olunmasına yol verilməməsində, veteranların problemlərinə diqqətin cəlb olunmasında, müharibə ilə bağlı abidələrin və məzarların qorunub saxlanmasının təmin olunmasında MDB kütləvi informasiya vasitələrinin rolunu vurğulamışdır. Bildirilmişdir ki, KİV-lər öz cəmiyyətlərində ekstremist meyillərin, xalqlar arasında ədavətin yaradılması cəhdləri ilə fəal mübarizə apara bilərlər.
İclasda Qələbənin 65 illiyinə həsr olunmuş birgə fotomüsabiqənin və veb-layihənin həyata keçirilməsi, MDB humanitar portalının yaradılması, Birlik məkanında humanitar əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin rolu məsələlərinə həsr olunmuş məruzələr dinlənilmişdir. Bundan əlavə, iclas iştirakçıları MDB-nin 2011-ci ildə qeyd ediləcək 20 illiyinə həsr olunmuş tədbirlər, Birlik ölkələrində baş verən proseslərin işıqlandırılmasında jurnalistlərin vəzifələri ilə əlaqədar məsələləri nəzərdən keçirmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 3 mart.- S. 3.