Akademik A.Akmataliyev: Azərbaycan regionun ən güclü dövlətidir

 

Qırğızıstan Elmlər Akademiyasının akademiki Abdıldacan Akmataliyev Azərbaycanda aparılan sosial-iqtisadi inkişafdan danışaraq AzərTAc-ın müxbirinə müsahibəsində demişdir ki, bu, bir reallıqdır hazırda Azərbaycan regionun ən güclü dövlətidir. Mən Azərbaycanda olarkən bütün bunları öz gözlərimlə görmüşəm, Prezident İlham Əliyevlə görüşüm isə yəqin ki, heş vaxt hafizəmdən silinməyəcəkdir.

Dünyanı bürümüş maliyyə-iqtisadi böhrana baxmayaraq, ötən il bu dost ölkədə ümumi daxili məhsul 9,3 faiz artmışdır. Dünya maliyyə iqtisadi böhranı şəraitində bu, çox böyük bir göstəricidir. Əlbəttə ki, bunun arxasında düzgün, düşünülmüş iqtisadi islahatlar durur. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi islahatları Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan xalqı bunun bəhrəsini artıq görür. Türk dünyasının böyük dostu Heydər Əliyev "Əsrin müqaviləsi"nin imzalanmasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail oldu, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Bütün bunlar bu qüdrətli siyasi şəxsiyyətin gördüyü işlərin tam siyahısı deyildir.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin başa çatdırılmasına nail oldu. Bakı-Tbilisi-Qars dəmir yolu xəttində işlər sürətlə gedir. Şaxələndirilmiş boru kəmərləri şəbəkəsinin yaradılması istiqamətində işlər davam etdirilir. Daxili siyasət uğurla həyata keçirilir, xalqın həyat səviyyəsi günbəgün yüksəlir, maaşlar, pensiyalar artırılır, Azərbaycan öz simasını dəyişir, Bakı gözəlləşir, yeni zavod fabriklər tikilir. Təbii ki, bunlar yeni yerlərinin açılması deməkdir. Mən Azərbaycanın bu uğurlarına çox sevinirəm.

Azərbaycandan qayıtdıqdan sonra bu ölkəyə marağım daha da artmışdır. İnternet saytlarını daim izləyir onun uğurlarına sevinirəm. Şadam ki, ötən ilin yekunlarına görə Azərbaycan dünyada ən inkişaf etmiş ölkələr sırasına düşmüşdür. Mən bilirəm ki, 2009-cu ildə ölkədə sənaye istehsalının həcmi 8,6 faiz artmışdır. Bu da məhz dövlət başçısı İlham Əliyevin apardığı düzgün iqtisadi siyasətin bariz nümunəsidir.

Maliyyə-iqtisadi böhrandan danışan Abdıldacan Akmataliyev demişdir ki, Azərbaycan bu böhandan da minimum itkilərlə çıxmışdır. Ötən il Azərbaycanda inflyasiyanın həcmi 1,5 faiz olmuşdur ki, bu da iqtisadi islahatların düzgün aparılmasından xəbər verir.

Bütün dünyanı maliyyə böhranı bürüdüyü halda, ötən il Azərbaycan iqtisadiyyatına 9,2 milyard dollar məbləğində sərmayə qoyulmuşdur ki, bunun da 7,3 milyard dolları daxili investisiyalardır.

Artıq Azərbaycanın maliyyə ehtiyatları 20 milyard dolları keçmişdir. Bu, çox şeydən xəbər verir.

Söhbətimin sonunda ölkədə ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini arzu edirəm.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 

Azərbaycan.- 2010.- 3 mart.- S. 4.