Təbiət qayğını cavabsız qoymur

 

Çox az ölkə tapılar ki, onun həm dənizi, həm düzənləri, həm də dağları-dərələri olsun. Təbiət Azərbaycana bunlardan əlavə çoxlu çaylar və göllər, meşələr, hətta səhralıq ərazilər də bəxş edib. Dağlı-aranlı yurdumuzun hər qarışının öz gözəlliyi var. Təbiidir ki, ətraf mühitlə bağlı qayğımızın çox olması da bu rəngarənglikdən irəli gəlir. Başqa sözlə, təbii-iqlim şəraitinin müxtəlifliyi qarşıya kompleks halında ekoloji problemlər çıxarır.

 

İndi ekologiya dünyada ən çox səslənən sözlərdən biridir. Ekologiya zamanın problemidir. Təəssüflər olsun ki, əsrlər boyu bütün yer üzündə, o cümlədən regionumuzda bu məsələlərə ciddi fikir verilməyib. Ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi nədənsə həmişə o qədər də vacib olmayan bir məsələ sayılıb. Bu "ənənə" sovet dövrünün öhdəlik-yarış illərində də bütün planlardan arxada olub.

Bunlara rəğmən, hələ keçən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyev Azərbaycanda diqqəti ekologiya sahəsinə də yönəltdi. Bakıda o illərdə çoxsaylı ağaclar əkildi. Şəhərin ətrafındakı meşələr, yaşıllıq əraziləri də o dövrün yadigarıdır. Bakının kanalizasiya sisteminin təzələnməsi istiqamətində müəyyən işlər görüldü. Lakin o zaman SSRİ məkanında olan Azərbaycan bu sahədəki tədbirlərini şaxələndirmək imkanına malik deyildi.

İndi Azərbaycanda ekoloji problemlərin həllinə xüsusi önəm verilir. Son illərdə bu, gündəmdə olan ən vacib məsələlərdən biridir. Hələ 2006-cı ilin sentyabr ayında ölkə Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı" təsdiq edilib. Dövlət başçısının təşəbbüsü ilə 2010-cu il "Ekologiya ili" elan olunub. Ölkədə ekologiya sahəsində genişmiqyaslı işlər həyata keçirilir.

Bu işlərin daha da genişləndirilməsinin, sürətləndirilməsinin, daha ciddi və sistematik xarakter daşımasının vacibliyini nəzərə alan ölkə Prezidenti İlham Əliyev bu il fevralın 18-də ekoloji problemlərə həsr olunmuş müşavirə keçirdi. Ekologiyanın günün təxirəsalınmaz problemlərindən olduğunu vurğulayan cənab İlham Əliyev həmin müşavirədəki nitqində demişdir: "Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Qeyd etdiyim kimi, bu istiqamətdə vacib addımlar atılıbdır, konkret proqram qəbul edilibdir. Bu gün isə mən hesab edirəm ki, biz əlavə tədbirlər haqqında danışmalıyıq. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdir. Artıq bütün cəmiyyətdə bu təşəbbüs müsbət qarşılanır və görülən tədbirlər əhali tərəfindən, ictimaiyyət tərəfindən dəstəklənir, ağacəkmə kampaniyası və digər vacib məsələlər xalqın iştirakı ilə həyata keçirilir".

Yaranmış ekoloji vəziyyət hamını narahat edir. Görüləcək işlər olduqca çoxdur. Abşeron yarımadasının torpaqlarının müəyyən hissəsi çirklənib. Neft tullantıları çoxlu gölməçə yaradıb. Hər yanda məişət tullantıları artıb. Bütün dövrlərdə olduğu kimi, içməli su problemi yenə də mövcuddur. Buraya Xəzərin suyunun çirkləndirilməsini, meşələrin qırılmasını, avtomobillərdən çıxan qazların atmosfer havasını korlamasını əlavə etsək belə, qarşıda duran ekoloji problemlərin hələ hamısını demiş olmarıq. Bu sahələrin hər birində başlanmış işlər ardıcıllıqla, məqsədyönlü şəkildə həyata keçirilməyi tələb edir.

Götürək elə içməli su probleminin həllini. Bu il Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin başa çatdırılması nəzərdə tutulur. Bu kəmər paytaxt əhalisini içməli su ilə təmin edəcək. Böyük vəsaitə başa gələcək Samur-Abşeron kanalının tikintisi də davam edir. 122 kənddə təmizləyici modul qurğular istifadəyə verilib. Bu, əvvəllər çaylardan, göllərdən bulanıq su götürən 220 min nəfərdən çox insanın təmiz içməli su ilə təmin olunması deməkdir. Hazırda daha onlarla kənddə bu cür sutəmizləyici avadanlıqların quraşdırılması işləri gedir. Lakin məsələ bununla bitmir. Modul təmizləyici qurğular təkcə Kür və Araz boyu ərazilərdə deyil, digər çayların sahillərində yerləşən kəndlərdə də quraşdırılmalıdır. Daha bir vacib məsələ isə bu qurğuların qorunması, onlara qaydasında xidmət göstərilməsidir.

Dövlət başçısının dediyi kimi, ekologiya tədbirlərinin görülməsi ancaq 2010-cu illə məhdudlaşmamalıdır. Bundan sonrakı dövrdə də bu məsələlər diqqət mərkəzində olacaq. Çünki nəzərdə tutulan tədbirlərin bir çoxu, məsələn, Bakı buxtasının təmizlənməsi, məişət tullantılarının utilizasiyası, Xəzərin suyunun şirinləşməsi və s. qısa bir zamanda bitən iş deyil, bunların hərəsi bir neçə mərhələdə həyata keçiriləcək. Həm də ona görə ki, ekoloji tarazlıq bərpa edildikcə onu daim qorumaq, qazanılan nailiyyətləri əldə saxlamaq lazım gələcək.

Lakin qarşıdakı işlər nə qədər çətin olsa da, biz tezliklə onların bəhrəsini görəcəyik. Dövlətimizin başçısı buna əminliyini bildirərək deyib: "Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra görəcəyik ki, Azərbaycan vətəndaşlarının sağlamlığı daha da möhkəmlənib. Çünki insan sağlamlığına ən ciddi zərbə vuran amil ekoloji vəziyyətin lazımi səviyyədə olmamasıdır. Hava, su, ətraf mühit - bütün bu amillər insanın sağlamlığına ən böyük təsir edən amillərdir".

 

 

F.SADIQLI

 

Azərbaycan.- 2010.- 3 mart.- S. 6.