MDB çərçivəsində
inteqrasiya proseslərinin fəallaşdırılması məsələləri
müzakirə edilmişdir
Azərbaycanın Baş naziri Artur Rasizadə Rusiya hökuməti başçısının birinci müavini və RF-nin MDB məsələləri üzrə milli əlaqələndiricisi İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür. Görüşdə MDB çərçivəsində inteqrasiya proseslərinin fəallaşdırılması məsələləri müzakirə edilmişdir.
Azərbaycan hökumətinin başçısı ümid etdiyini bildirmişdir ki, Rusiya nümayəndə heyətinin ölkəmizə səfəri ikitərəfli əlaqələrin genişləndirilməsi üçün stimul olacaqdır. O, Azərbaycan-Rusiya əməkdaşlığının perspektivlərindən bəhs edərək vurğulamışdır ki, 2009-cu ildə ticarət əməliyyatlarının həcminin bir qədər azalmasına baxmayaraq, bu il ikitərəfli əmtəə dövriyyəsinin həcminin 2 milyard dolları aşacağı nəzərdə tutulur.
Artur Rasizadə onu da vurğulamışdır ki, Azərbaycan Birlikdə inteqrasiyanın daha da intensivləşməsinin tərəfdarıdır.
Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalov MDB ölkələrinə səfəri barədə Azərbaycan hökumətinin başçısına məlumat vermiş və Birlik çərçivəsində əməkdaşlığın üstün istiqamətlərinə dair təkliflərini bölüşmüşdür. İ.Şuvalov qeyd etmişdir ki, Birliyin üzvü olan bütün ölkələr iqtisadiyyatın baza sahələri olan energetika və nəqliyyat sektorlarında əlaqələrin inkişaf etdirilməsi barədə həmrəydirlər. Bununla bərabər, enerji baxımından səmərəli, o cümlədən ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqinə diqqət yetirmək lazımdır. MDB üzvlərinin demək olar ki, hamısının əmək bazarında üzləşdiyi əməkçi miqrantlar, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi problemlərinin tənzimlənməsi müzakirə tələb edilən məsələlər sırasındadır.
AzərTAc
Azərbaycan.- 2010.- 4 mart.- S. 4.