Ekoloji problemlərin
həlli ilə bağlı təsirli tədbirlər görülür
2010-cu ilin respublikamızda "Ekologiya ili" elan olunması, ətraf mühitin mühafizəsi ilə əlaqədar təsdiq olunmuş strateji proqramların icrası sahəsində atılan uğurlu addımlar böyük razılıq doğurur.
Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən ekoloji problemlərə həsr olunmuş müşavirədə bu barədə ətraflı söhbət açılmış, ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində ciddi addımlar atılması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulmuşdur. Fərəhlidir ki, dövlət başçısının ətraf mühitin sağlamlaşdırılmasına imkan yaradan "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı", "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair", "Meşələrin bərpa edilməsi və artırılmasına dair", "Yay-qış otlaqlarından və biçənəklərdən səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair", "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında","Hidrometeralogiyanın inkişaf proqramı" və digər sərəncamlarına və normativ hüquqi sənədlərə əsasən ətraf mühitin sağlamlaşdırılması istiqamətində çox mühüm işlər həyata keçirilib. Abşeron yarımadasının sahil qəsəbələrində hər biri gün ərzində 6140 kubmetr çirkabı təmizləmək gücünə malik modul tipli çirkabtəmizləyici qurğulardan ibarət 16 stansiyanın inşası hesabına "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılıb. Həmin sistemin uğurlu fəaliyyəti nəticəsində Pirallahıdan Novxanıyadək 86 kilometr məsafədə sahilboyu ərazilərdəki çirkab sularının təmizlənmədən dənizə axıdılmasının qarşısı alınıb. Abşeron yarımadasının Buzovna, Bilgəh, Pirşağı, Mərdəkan, Novxanı və Sumqayıtın sahilboyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrinin əksəriyyəti qurudulub.
Respublika Prezidentinin paytaxtımızda və onun ətrafında 3 milyon ağac əkilməsi çağırışına bütün ölkə əhalisi qoşulub. Yolların estetik görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının eroziyadan mühafizəsi məqsədilə Ələt-Hacıqabul magistralı ətrafında, Bakını Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən yollarda, Abşeron yarımadasının müxtəlif ərazilərində, həmçinin paytaxtımızdakı yol kənarlarının əksəriyyətində qısa bir zaman çərçivəsində 100 minlərlə qiymətli həmişəyaşıl ağaclar əkilib. Bayıl yamacı ilə 20-ci Sahə arasındakı boş sahələrin, Zığ gölü ətrafının və həmin göllə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı arasındakı ərazilərin yaşıllaşdırılması ilə əlaqədar hazırlanmış yeni layihələr də həyata keçirilmək üzrədir.
Meşələr təbiətin misilsiz sərvətidir. Mütəxəssislərin hesablamalarına görə, bir hektar meşə sahəsi hər il orta hesabla 4,6-6,5 ton karbon qazını udur, əvəzində isə 3,5-5 ton oksigen buraxır ki, bu da insanların sağlamlığı üçün çox qiymətlidir. Meşələr həm də torpaqda su balansını qaydaya salır, güclü küləklərin təsirini zəiflədir, sellərin və torpaq sürüşmələrinin qarşısını alır, iqlimi tarazlaşdırır. Azərbaycan Respublikası Prezidentinin sərancamlarına müvafiq olaraq ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda yeni meşə zolaqları salınması, nəsli kəsilməkdə olan nadir ağac növlərinin əkininin genişləndirilməsi, onların yanğınlardan, xəstəlik və ziyanvericilərdən mühafizəsi sahəsində mühüm tədbirlər həyata keçirilib. Təkcə ötən il aqrotexniki qaydalara uyğun şəkildə 3545 hektar meşə fondu və 30 hektar qeyri-meşə fondu torpaqlarında meşə əkini və səpini işləri uğurla başa çatdırılıb. Ümumiyyətlə son üç il ərzində 32 min 211 hektar sahədə meşəbərpa işləri uğurla həyata keçirilib. Həmçinin 2005-ci ildən bəri respublikada 8 milli park, 4 qoruq, 3 yasaqlıq yaradılıb, 5 mövcud qoruğun ərazisi xeyli genişləndirilib, 3 təbiət abidəsinin mühafizəsi təşkil edilib.
Ölkə əhalisinin təmiz içməli su ilə təmin edilməsi məqsədilə regionlarda müasir sutəmizləyici qurğuların inşası sahəsində mühüm işlər görülüb. Ölkə rəhbəri Samur-Abşeron su kəmərinin inşası, paytaxt əhalisini dağ çeşmələrinin təmiz, büllur suyu ilə təmin edilmək üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi və Taxtakörpü su anbarının tikintisi barədə sərəncamlar imzalayıb və həmin sərəncamlar tezliklə öz bəhrəsini verəcək. Bu günədək Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Salyan, Neftçala, ümumiyyətlə bütövlükdə 12 rayonun 122 kəndində 230 minə yaxın əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən təmiz içməli su ilə təmin olunub. Adlarını çəkdiyimiz rayonların, həmçinin Ağcabədi, Biləsuvar, Naxçıvan MR-nın Babək və Şərur rayonlarının 50 yaşayış məntəqəsində 140 mindən çox əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində də işlər yekunlaşmaq üzrədir.
"Ekologiya il"ində qarşıda duran ən mühüm vəzifələrdən biri də paytaxtımızın ekoloji tarazlığını pozan, əhalinin sağlamlığına mənfi təsir göstərən təhlükəli məişət tullantılarının zərərsizləşdirilməsidir.
Hazırda ölkə rəhbərinin sərəncamına əsasən Balaxanı ərazisində 20 hektarlıq sahədə inşa ediləcək bərk məişət tullantılarının təkrar emalı zavodunun ilk bünövrə daşları qoyulmaqdadır. Ötən il Sumqayıtda ətraf mühitin çirklənməsinə səbəb olan və əhalinin sağlamlığı üçün ciddi təhlükə törədən 287 min ton civə tərkibli toksiki tullantıların təhlükəli tullantılar poliqonuna daşınaraq zərərsizləşdirilməsi sahəsində əməli tədbirlər görülüb. Bu il Sumqayıtda zərərli tullantılar üçün daha bir poliqon istifadəyə veriləcək. Həmçinin Gəncədə və Mingəçevirdə də bu cür poliqonların inşası nəzərdə tutulub.
Xoşagəlməz haldır ki, binaların qarşısına qoyulmuş dəmir yeşiklərdəki zibil toplumunun yarısı maşınlar vasitəsilə poliqonlara daşınsa da, yarısı elə yerindəcə yandırılır. Özü də çox vaxt ağacların yaşıl budaqları altında. Əhmədli qəsəbəsindəki 21 nömrəli binanın qarşısında bina sakinlərinin əllərilə əkilmiş 300-ə yaxın ağacı beləcə yandırıb qurudublar. Hamısı da bol bəhrəli meyvə ağacları idi: nar, heyva, şaftalı, gilanar, gilas, ərik, alma...Həmin günahsız ağacların faciəli günləri Bakı Şəhər İcra Hakimiyyətinin guya həmin ərazidə park salınacağı ilə əlaqədar verdiyi sərəncama müvafiq olaraq həyətyanı çəpərlər söküldükdən sonra başlandı. Park salınmadı. Meyvə ağacları isə baxımsızlıq üzündən tələf oldu. Hazırda ərazidə həmin biçarələrin yanıb külə dönmüş budaqlarından və qaralmış kötüklərindən başqa heç nə qalmayıb. Zibillər bir yerə qalaqlanıb yandırılanda vəziyyət daha dəhşətli şəkil alır. Yüzlərlə yerdə alovlanan zibil qalaqlarından qalxan acı tüstünün iyindən nəfəs belə almaq olmur.
Müşavirədə qeyd olunduğu kimi, bu il respublikamızda ekologiya sahəsində daha böyük uğurlara imza atılacaq. Bakı əhalisinin çoxdan bəri böyük həsrətlə gözlədiyi Oğuz-Qəbələ-Bakı su kəməri paytaxt sakinlərinə ən qiymətli töhfə olacaqdır. Xəzərin ekoloji sağlamlığını qorumaq üçün Bakının kanalizasiya sistemi müasir dünya standartları səviyyəsində yenidən qurulacaq. Bakı buxtası kanalizasiya axınlarından və neft tullantılarından birdəfəlik xilas ediləcək. Ana Xəzərimizdən həm əkin sahələrinin suvarılması, həm də gələcəkdə içməli su kimi istifadə edilməsi üçün duzlardan təmizlənib şirinləşdirilməsinə imkan verəcək pilot layihəsinin icrasına başlanacaq. Azərbaycan sudan, günəş və küləkdən enerji əldə edilməsi yoluna qədəm qoyacaq.
Zeynal VƏFA
Azərbaycan.- 2010.- 3 mart.- S. 6.