Azərbaycan palçıq
vulkanları ölkəsidir
Palçıq vulkanizmi
problemi geologiya elminin mühüm istiqamətlərindən
biridir. Vulkanlar xərcsiz başa gələn təbii kəşfiyyat
quyusu kimi Yer təkinin quruluşunun öyrənilməsi və
dərin qatlarda karbohidrogen yataqlarının axtarışında
neftçi geoloqlara kömək edir.
Bununla belə, vulkan gili
yaxşı keramzit xammal kimi inşaatda geniş istifadə
olunur, gildən kərpic də hazırlanır. Vulkan
suları yod, bor, bromla, palçığı isə kimyəvi
elementlərlə zəngin olub bir sıra xəstəliklərin
(məsələn, mərkəzi sinir sistemi, dəri xəstəlikləri,
radikulit, urologiya, ginekologiya, kosmetologiya və s.) müalicəsində
geniş istifadə olunur. Və nəhayət, vulkanların fəaliyyəti
zəlzələlərlə paragenetik əlaqədədir.
Azərbaycan ərazisi planetimizdə palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik ərazidir. 350-dən artıq palçıq vulkanının bütün növləri (fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, sualtı, ada vulkanları) şərqi Azərbaycanın quru hissəsində və ona bitişən Xəzərin akvatoriyasında intişar tapmışdır. Bu təbiət abidələrinin sayına, çoxçeşidliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar yer yoxdur. Ölkəmiz palçıq vulkanları vətəni sayılır. Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelağında yerləşən vulkanların 100-dən artığı Qobustandadır. 40 vulkan yer səthinə çoxlu neft çıxarır. Bakı arxipelağında 8 palçıq vulkanı mənşəli adalar mövcuddur.
Bu təbiət abidələri ilə bağlı suallarımızı AMEA Geologiya İnstitutunun "Palçıq vulkanizmi" şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi Adil Əliyev cavablandırdı:
- AMEA Geologiya İnstitutunda palçıq vulkanları 40 ildən artıqdır ki, öyrənilir. 1970-ci illərdə, biz eyni zamanda Türkmənistan, Gürcüstan, Kerç və Taman yarımadaları, Kuban və Saxalin adasının palçıq vulkanlarını da tədqiq etmişik. Son 15 ildə Azərbaycanın palçıq vulkanları Böyük Britaniya, Norveç və ABŞ-ın aparıcı neft kompaniyaları (bp, Statoyl, AMOK, Ekson), Qərb universitetləri (İtaliya və s.), həmçinin Rusiya, Ukrayna və Almaniyanın alim və mütəxəssisləri ilə birlikdə öyrənilmişdir.
Aparılan tədqiqatlar nəticəsində bir sıra böyük əhəmiyyət kəsb edən elmi nəticələr əldə edilmişdir. Məsələn, vulkanların yayıldığı ərazilərdə dərinliklərdə yerləşən neft-qaz yataqlarının geokimyəvi axtarış metodu və sönmüş sualtı palçıq vulkanlarının xəritəalma üsulu işlənmiş və Xəzərdə tətbiq olunmuşdur. Palçıq vulkanlarının morfogenetik təsnifatı işlənilmiş, onların regional qırılmalarla əlaqəsi, zaman və məkanca paylanma qanunauyğunluqları müəyyən edilmişdir.
Bir neçə il əvvəl ilk dəfə olaraq Azərbaycan və Xəzərin həmsərhəd akvatoriyasının palçıq vulkanlarının, geodinamik əsasda, 1:500000 miqyaslı xəritəsi tərtib olunmuşdur. Vulkanların struktur mövqeyinin öyrənilməsi və aerokosmofotomaterialların deşifrəsi (təfsiri) nəticələrinin təhlili əsasında metodika işlənmiş, şərqi Azərbaycanda yeni yerüstü və gömülmüş vulkanlar aşkar edilmişdir. 2002-ci və 2009-cu illərdə Azərbaycanda son 200 ildə qeydə alınmış palçıq vulkanlarının püskürmələrinə həsr olunmuş kataloqlar nəşr olunmuşdur. Bu illər ərzində 93 palçıq vulkanında 387 püskürmə baş vermişdir.
Palçıq vulkanlarının fəaliyyətinin zəlzələlərlə əlaqəsini xüsusilə qeyd etmək istərdim. Aparılan elmi tədqiqatlar və araşdırmalar göstərmişdir ki, 4-5 və artıq maqnitudalı güclü zəlzələlər palçıq vulkanlarının püskürmələrinə səbəb olur. Əgər enerji toplamış vulkanın ocağı zəlzələnin hiposentri ilə bir qırılma zonasında yerləşmişsə, yaxud zəlzələ ilə vulkan arasındakı məsafə 70-80 km radiusundadırsa, onda bu barədə inamla fikir söyləmək mümkündür. Bununla yanaşı, zəlzələnin "hazırlaşması" dövründə vulkanların aktivləşməsi və onların yer səthinə çıxardığı qazın və mineral suyun tərkibində bəzi kimyəvi elementlərin yüksək faizi izlənilir. Bu isə zəlzələnin baş verməsi haqqında bizə məlumat verə bilər.
Hazırda xarici ölkələrin palçıq vulkanları haqqında məlumat bankı hazırlanır, dünya palçıq vulkanları atlasının tərtib olunması istiqamətində işlər görülür. Atlas Azərbaycan, ingilis və rus dillərində nəşr olunacaqdır.
Azərbaycanda palçıq vulkanizmi problemilə əlaqədar aparılan elmi-tədqiqat işlərinin nəticələri 2009-cu ildə internetə qoşulmuş "Azərbaycanın palçıq vulkanları" müstəqil saytında (www.mudvolcanism.az) mütəmadi olaraq öz əksini tapacaqdır.
2009-cu ildə bizim fəaliyyətimizlə bağlı bir sevindirici hadisə də baş vermişdir. Azərbaycan palçıq vulkanları "Təbiətin yeni yeddi möcüzəsi" Beynəlxalq internet müsabiqəsinin iştirakçısı olmuş və hazırda 28 finalçının elit qrupundadır. Səsvermənin nəticələri 2011-ci ildə məlum olacaqdır.
Azərbaycandakı iri, gözəl, möhtəşəm, aktiv fəaliyyətdə olan palçıq vulkanları ekoturizm üçün də çox yaxşı obyektdir. Bakıya gələn turistləri palçıq vulkanlarına səyahətə cəlb etmək məqsədilə 2009-cu ildə Azərbaycan, rus və ingilis dillərində "Azərbaycanın palçıq vulkanları" adlı bələdçi kitabçası nəşr olunmuş və 25 maraqlı palçıq vulkanlarını əhatə edən turist marşrutları təklif edilmişdir. Azərbaycanın palçıq vulkanlarının beynəlxalq ekoturizmə cəlb olunması bugünün tələblərinə uyğundur və bu çox vacib məsələdir.
Bu gün palçıq vulkanları təbii abidə statusu alıb və dövlət tərəfindən qorunur. "Bakının və Abşeronun palçıq vulkanları" Dövlət Təbiət Qoruğunun yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2007-ci il tarixli sərəncamında bu nadir təbiət abidələrinin qorunması üçün lazımi tədbirlər nəzərdə tutulmuşdur və hazırda onlar həyata keçirilir.
Ağahüseyn ŞÜKÜROV,
Azərbaycan.- 2010.- 3 mart.- S. 6.