Azərbaycan iqtisadiyyatı qlobal böhranın təsirlərinə uğurla davam gətirmişdir

 

Martın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Beynəlxalq Valyuta Fondunun missiya nümayəndələri xanım Ratna Saha və Ninke Omes ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, səmimi görüşə görə Baş nazir Artur Rasizadəyə minnətdarlıq edən qonaqlar dünyada gedən iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatının qlobal böhranın təsirlərinə uğurla davam gətirdiyini xüsusi vurğulamışlar. Onlar 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin dünyada ən yüksək göstəricilərdən biri olduğunu qeyd edərək, hökumətin qabaqlayıcı tədbirləri sayəsində inflyasiya səviyyəsinin kəskin azaldığını, yoxsulluq həddinin 13 faizdən 11 faizə endiyini, sosial xərclərin artırıldığını müsbət meyil kimi dəyərləndirmişlər. Bununla yanaşı, qeyri-neft sektorunda ÜDM artımının qorunub saxlandığı da nəzərə çatdırılmışdır.

Görüşdə dünya iqtisadi sisteminin strukturu, institusional və idarəetmə islahatlarındakı irəliləyişlər və perspektivlər, habelə özəl bölmənin fəaliyyəti, xüsusən qeyri-neft sektorunun inkişafının stimullaşdırılması və Neft Fondunun resurslarından səmərəli istifadə planları da müzakirə olunmuşdur.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 mart.- S. 2.