Prezident İlham Əliyev Rusiyada "İlin
adamı" elan olundu
Azərbaycanın malik
olduğu strateyi-coğrafi mövqe və zəngin karbohidrogen
ehtiyatları ölkəmizin iqtisadi potensialını daim
gücləndirməyə, dünya iqtisadiyyatına daha
sıx inteqrasiyaya geniş imkanlar açmışdır. Cənubi
Qafqazda sülhün, təhlükəsizliyin, qlobal eneryi və
kommunikasiya layihələrinin həyata keçirilməsində
əsas söz sahibi olan ölkəmizin beynəlxalq aləmdə
nüfuzu ildən-ilə artmaqdadır. Son yeddi ildə Azərbaycanda
uğurla gerçəkləşdirilən sosial-iqtisadi
strategiya vətəndaşlarımızın rifah
halının davamlı yüksəlişinə gətirib
çıxarmışdır.
Azərbaycanda neftdən əldə
olunan vəsaitlərin qeyri-neft sektorunun inkişafına
yönəldilməsi və bu sahədə böyük nailiyyətlərin
əldə olunması respublikamızın inkişaf modelinin
düzgün seçilməsindən irəli gəlir.
İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və
rahat yaşayışı, sahibkarlığın dinamik
inkişafı bu gün həm də ölkənin milli təhlükəsizliyi
ilə bağlı məsələlərdir.
Müasir tələblərə
cavab verən infrastruktur yaratmadan sahibkarlığın,
turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual
yüksəlişdən danışmaq
qeyri-mümkündür. Dövlət investisiyaları
hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial
obyektlərin inşası və yenidən qurulması da məhz
qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi
baxımından vacibdir. Ümumbəşəri
sivilizasiyanın çox yüksək səviyyəyə
çatdığı bir şəraitdə Azərbaycanın
hər bir vətəndaşının normal
yaşayışı üçün kommunal xidmətlərin
səviyyəsinin yüksəldilməsi, zəruri infrastruktur
layihələrinin gerçəkləşdirilməsi, əhalinin
fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su
ilə təminatı, yolların bərpası və yenidən
çəkilişi, zəruri abadlıq işlərinin
aparılması dövlətin əsas vəzifələrindən
sayılır. Bütün bunlar isə nəticə etibarilə
Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin
yüksəlməsinə, mənəvi-əxlaqi dəyərlərin
cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət
edir. Ötən bir ildə Bakıya Oğuz-Qəbələ
zonasından su kəmərinin çəkilişi davam
etdirilmiş, paytaxtda yeni körpülər,
yolötürücülər, piyada keçidləri istifadəyə
verilmiş, respublika əhəmiyyətli yollarda əsaslı
yenidənqurma işləri aparılmış, paytaxtda və
regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət,
olimpiya-idman kompleksləri istifadəyə verilmişdir.
2010-cu ilin dövlət büdcəsində
dövlət əsaslı kapital qoyuluşları
üçün 3,6 milyard manatdan çox vəsaitin nəzərdə
tutulması da kifayət qədər çətin bir mərhələdə
büdcənin investisiya yönümlüyünün qorunub
saxlanıldığını deməyə əsas verir. Bu il
Oğuz-Qəbələ-Bakı su kəməri, Taxtakörpü
su anbarı, Samur-Abşeron su kanalı, Şəmkirçay
su anbarı kimi qlobal layihələrin
reallaşdırılması xüsusi diqqət mərkəzində
olacaqdır.
Dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin strukturunu təkmilləşdirmək,
həmin vəsaitdən səmərəli istifadəyə nəzarəti
gücləndirmək, dövlət zəmanəti ilə
iqtisadiyyata cəlb olunan, habelə dövlət büdcəsində
dövlət investisiya xərcləri üçün nəzərdə
tutulan vəsaitləri istiqamətlər üzrə
düzgün yönəltmək qarşıdakı il
üçün prioritet məqsədlər
sırasındadır. Dövlət investisiya siyasəti ilə
müvafiq iqtisadi inkişaf proqramları arasında əlaqələri
möhkəmləndirmək, bu vəsaitlərin, ilk növbədə,
2010-cu ildə başa çatdırılması nəzərdə
tutulan layihələrin maliyyələşdirilməsinə
yönəldilməsi də əsas vəzifə kimi
qarşıda durur.
Ölkənin müəyyən
edilmiş strateji iqtisadi siyasətinə uyğun olaraq 2010-cu
ildə sosial müdafiə və sosial təminat xərclərinin,
o cümlədən əhalinin yoxsulluq səviyyəsinin
azaldılmasında mühüm əhəmiyyəti olan minimum
əməkhaqqının, yaşa görə əmək
pensiyalarının baza hissəsinin, sosial müavinətlərin
və digər sosial təyinatlı xərclərin, tələbələrin
və aspirantların təqaüdlərinin sabit şəkildə
maliyyələşdirilməsi qarşıya məqsəd kimi
qoyulmuşdur. Eyni zamanda, pensiyaların baza hissəsinin
yaşayış minimumuna yaxınlaşdırılması,
dövlət büdcəsindən maliyyələşən
müəssisələrdə əməkhaqqı sisteminin təkmilləşdirilməsi,
ölkənin pensiya sistemində islahatların dərinləşdirilməsi
nəzərdə tutulmuşdur.
Azərbaycanın son illərdə
sürətli inkişaf və tərəqqi yolunda inamla irəliləməsi,
makroiqtisadi uğurlara imza atması dövlət büdcəsində
də real əksini tapır. Respublikamızın son illərdəki
büdcəsinə nəzər saldıqda həyata
keçirilən iqtisadi islahatların milli maraq və mənafe
baxımından səmərəliliyi bir daha təsdiqlənir.
MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2008-ci
illərdə 15-20 faiz artdığı halda, respublikamızda
bu göstərici üzrə fərq 8 dəfədən
çoxdur. Azərbaycanın büdcə gəlirlərinin
illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz
artımla müşayiət olunmuşdur. Qlobal böhranla
müşayiət olunan 2008-2009-cu illərdə dövlət
büdcəsinin 10 milyard manatı ötməsi kifayət qədər
yüksək göstəricidir. Prezident İlham Əliyev
bildirmişdir: "Azərbaycan iqtisadiyyatı son illər ərzində
dünyada ən sürətlə inkişaf edən
iqtisadiyyatdır. Bunu həm iqtisadi göstəricilər əyani
şəkildə sübut edir, eyni zamanda Azərbaycanda
görülən işlər göz qabağındadır.
Bizim iqtisadiyyat 6 il ərzində təxminən 3 dəfə
artıbdır. Bu, dünyada analoqu olmayan inkişafdır. Hətta
bütün dünya üçün ağır olan 2009-cu
ildə bizim iqtisadiyyatımız 9,3 faiz artıb. Ümumi
daxili məhsulun artması onu göstərir ki, Azərbaycan
iqtisadiyyatı dayanıqlıdır, çoxşaxəlidir və
uğurludur.
Bütün bu işlərin
təməlində apardığımız islahatlar, ölkəmizin
hərtərəfli inkişafı, regionların sosial-iqtisadi
inkişafının icrası ilə bağlı görülən
tədbirlər, regional proqramın birinci mərhələsinin
uğurla başa çatdırılması və Azərbaycanda
gözəl investisiya mühitinin yaradılması dayanır.
Bu gün Azərbaycanda investisiyalar həm xaricdən daxil
edilir, həm də ancaq son bir neçə il ərzində
daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu
onu göstərir ki, artıq Azərbaycan dövləti və
Azərbaycan şirkətləri öz ölkəsinə
böyük sərmayə qoyulması istiqamətində
önəmli addımlar atırlar".
Ölkə rəhbərliyi
tərəfindən ardıcıl və məqsədyönlü
şəkildə həyata keçirilən çoxşaxəli
islahatlar əhalinin maddi rifah halının
yaxşılaşmasına, makroiqtisadi sabitliyin təmin
olunmasına, davamlı inkişafa gətirib
çıxarmışdır. Dövlət
başçısının 2009-cu ildə
imzaladığı 181 qanun, 169 fərman, 562 sərəncam
ölkənin demokratik inkişafına, iqtisadi qüdrətinin
artmasına, idarəetmə strukturunun təkmilləşməsinə
xidmət etmişdir. Əhalinin rifahının yüksəldilməsi,
yoxsulluğun və işsizliyin aradan qaldırılması,
ölkədə müasir infrastrukturun yaradılması məqsədilə
60-a yaxın dövlət proqramı qəbul edilmiş,
onların bir çoxunun icrası başa
çatdırılmış, daha uzunmüddətli proqramlar
ardıcıl olaraq həyata keçirilməkdədir. Təkcə
2009-cu ildə 10-dan artıq proqramın qəbul olunması
deyilənlərə əyani misaldır. Qəbul olunan yeni
dövlət proqramlarında qarşıdakı illərdə
ölkə iqtisadiyyatında inkişaf tempinin qorunub
saxlanılması, sosial-iqtisadi islahatların əvvəlki illərdə
olduğu kimi, davam etdirilməsi, əhalinin maddi
rifahının təmin olunması, sosial şəraitinin
yaxşılaşması, investisiya qoyuluşlarının həyata
keçirilməsi, iqtisadiyyatın diversifikasiyası və digər
tədbirlərin görülməsi nəzərdə tutulub.
Qlobal iqtisadi böhran şəraitində
ölkəmizin ötən illərdə qazandığı
iqtisadi nailiyyətləri qoruyub saxlaması və davamlı
inkişafı böyük uzaqgörənliklə həyata
keçirilən inkişaf strategiyasının bariz nəticəsidir.
Azərbaycanın iqtisadi sahədə əldə etdiyi
uğurlar artıq beynəlxalq aləmdə "Azərbaycan
modeli" kimi öyrənilir, nümunə göstərilir.
Ölkəmizin davamlı inkişaf yolunda olacağını
müxtəlif beynəlxalq təşkilatlar da təsdiqləyirlər.
Dünya ölkələrində iqtisadi artım 1-2 faizlik
templə müşahidə olunduğu halda respublikamızda
inkişaf indiqatoru 8 faizdən aşağı
proqnozlaşdırılmır. Beynəlxalq Valyuta Fondu 2010-cu
ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM)
artım sürətinin 12,5 faiz, Dünya Bankı 7,8 faiz,
Avropa Yenidənqurma və İnkişaf Bankı 6 faiz, Asiya
İnkişaf Bankı isə 6,7 faiz
proqnozlaşdırırlar. Region ölkələrinin proqnoz
göstəriciləri arasında ən yaxşı nəticə
də məhz ölkəmizə aiddir.
Azərbaycan Prezidenti İlham
Əliyevin uğurla həyata keçirdiyi iqtisadi inkişaf
strategiyası ölkəmizin qlobal böhran şəraitində
də davamlı inkişafını təmin etmiş və
böyük uğurların əldə edilməsinə şərait
yaratmışdır. Ölkəmizin əldə etdiyi
uğurlar beynəlxalq qurumlar tərəfindən də ardıcıl
olaraq izlənilir və öz qiymətini alır. Bu günlərdə
Rusiyada təsis edilmiş "İlin adamı-2009" Qran-pri
mükafatına layiq görülən insanların adları
açıqlanmışdır. Ölkə
başçısı İlham Əliyev də bu ali
mükafata layiq görülmüşdür. Xatırladaq ki,
bu mükafat il ərzində öz ölkələrinin
ictimai, siyasi və dövlət mənafelərinə xidmət
işində ən parlaq nəticələr göstərmiş
insanlara təqdim edilir. Bu mükafat Rusiyanın RBK informasiya
agentliyi tərəfindən təsis edilmişdir.
Mükafatın təsisçiləri bildirirlər ki,
"İlin adamı" öz ölkəsinin
inkişafının mühüm meyillərini təcəssüm
etdirən, onun gələcəyini formalaşdıran
insanlardır. Qeyd edək ki, mükafatın
laureatlarını müəyyənləşdirən
nüfuzlu ekspertlər şurasına tanınmış siyasətçilər,
ictimai və siyasi xadimlər, ən iri şirkətlərin rəhbərləri,
elm və mədəniyyət xadimləri, KİV nümayəndələri
daxildirlər.
Builki laureatların
seçimi iqtisadi böhran fonunda keçmiş və qaliblərin
tərkibi də çox cəhətdən bu amilə əsasən
müəyyən edilmişdir. Laureatların çoxunun qələbəsi
məhz onların böhrana qarşı uğurlu mübarizəsi
sayəsində təmin edilmişdir.
Dünya maliyyə
böhranı şəraitində ölkəmizin inkişaf
tempini qoruyub saxlaması və sosial-iqtisadi islahatların
ardıcıl olaraq davam etdirilməsi beynəlxalq qurumlar tərəfindən
də yüksək qiymətləndirilir. Əldə olunan nəticələr
deməyə əsas verir ki, Azərbaycan iqtisadi inkişaf
yolunda inamla irəliləyərək daha böyük nailiyyətlərə
imza atacaq və dünyanın ən qüdrətli dövlətləri
sırasında yer alacaqdır.
E.HACIALIYEV
Azərbaycan.- 2010.-4
mart.- S. 3.