Jan Perrən: Prezident İlham Əliyev Azərbaycanın Avropaya inteqrasiyasına mühüm əhəmiyyət verir

 

Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perrən ölkəmizə xoş münasibətinin ifadəsi olaraq "Azərbaycanın dostları" cəmiyyəti yaratmışdır və ona rəhbərlik edir. Xalqımıza dost münasibəti bəsləyən tanınmış diplomat tez-tez Azərbaycana səfər edir, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkənin iqtisadi inkişaf dinamikasından və abadlıq-quruculuq işlərindən qürur hissi keçirdiyini bildirir.

Bununla əlaqədar Jan Perrən AzərTAc-a verdiyi müsahibəsində demişdir:

- 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri zamanı səs çoxluğu ilə hakimiyyətə gəlmiş cənab İlham Əliyev zəngin beynəlxalq təcrübəyə, yüksək milli və Avropa mədəniyyətinə malikdir. İlham Əliyevin xarici dilləri bilməsi siyasi fəaliyyətində mühüm rol oynayır. Gəldiyim əsas qənaət budur ki, dahi Heydər Əliyevin qurduğu yeni Azərbaycan dövləti məhz İlham Əliyevin səyləri sayəsində daha da müasirləşmişdir. Sevindirici haldır ki, Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirərək ölkənin işıqlı gələcəyi, dünyada nüfuzunun artması naminə yorulmadan çalışır. Azərbaycan dövlətinin başçısının bu fəaliyyəti beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir və yüksək qiymətləndirilir.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində, ölkə ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Prezident İlham Əliyev respublikada sabitliyi və apardığı balanslaşdırılmış siyasətlə regionda sülhü qoruyub saxlayır, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışır. Mən Azərbaycan xalqının ən ağrılı probleminin yaratdığı çətinlikləri başa düşür, həmçinin Prezident İlham Əliyevin "səbrin də müəyyən həddi vardır" sözlərinə haqq qazandırıram.

Daxili siyasətə gəldikdə isə deməliyəm ki, Azərbaycan dövlətinin başçısı ölkəni irəliyə doğru aparır. Asiya və Avropa arasında, Rusiya, İran və Türkiyə kimi nəhəng dövlətlərin əhatəsində İlham Əliyevin diqqətəlayiq siyasət yürütməsi Prezidentin geniş dünyagörüşündən və böyük təcrübə əldə etməsindən xəbər verir.

Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi və maliyyə siyasəti nəticəsində Azərbaycan dünyanı bürümüş böhrandan az əziyyət çəkən və minimum itkilərlə çıxan ölkələrdən biridir. Son illər ölkənin iqtisadiyyatı dinamik inkişaf edir. Azərbaycanda ümumi daxili məhsulun həcmi sürətlə artmaqdadır. Böhranlı 2009-cu ildə ölkədə məhsul istehsalının həcmi 9,3 faiz artmışdır. Halbuki istər MDB ölkələri, istərsə də dünyanın inkişaf etmiş dövlətləri arasında belə yüksək göstərici əldə edilməmişdir. İnflyasiya lap aşağı səviyyədə (1,5 faiz) olmuşdur. Ölkədə nəhəng infrastruktur layihələri həyata keçirilir. Yeni yollar çəkilir, əhalinin elektrik enerjisi və ekoloji cəhətdən təmiz içməli su ilə təchizatını yaxşılaşdırmaq üçün mühüm işlər görülür. Azərbaycan son illərdə maliyyə ehtiyatlarını zənginləşdirərək borc alan ölkədən borc verən ölkəyə çevrilmişdir. Belə möhtəşəm uğurları postsovet məkanındakı ölkələrin heç birində müşahidə etmək mümkün deyildir.

Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malik olan ölkədir. Ancaq Prezident İlham Əliyev bu ehtiyatların nə vaxtsa tükənəcəyini yaxşı bilir. Ona görə də ümummilli lider Heydər Əliyev kimi uzaqgörən iqtisadi siyasət yeridən İlham Əliyev qeyri-neft sektorunun inkişafında maraqlıdır və bu sahəyə xüsusi diqqət yetirir. Çünki Azərbaycan həm də böyük kənd təsərrüfatı potensialına malikdir.

Prezident İlham Əliyev ölkəsinin Avropaya inteqrasiyasına xüsusi əhəmiyyət verir. Avropada bunu yaxşı bilir və yüksək qiymətləndirirlər.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2010.- 4 mart.- S. 3.