Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hantın başçılıq etdiyi nümayəndə heyəti ARDNŞ-də olmuşdur

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildirmişlər ki, martın 3-də ölkəmizdə səfərdə olan Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hantın başçılıq etdiyi nümayəndə heyəti şirkətdə olmuşdur.

Görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan ilə Böyük Britaniya, o cümlədən iki ölkənin şirkətləri arasında yüksək səviyyəli münasibətlər yarandığını vurğulamış, respublikamızda xarici sərmayədarlar üçün əlverişli şərait yaradıldığını nəzərə çarpdırmışdır. Bildirmişdir ki, bütün xarici tərəfdaşlar kimi, Böyük Britaniya şirkətləri ilə də ARDNŞ arasında işgüzar münasibətlər yaranmışdır və bu, enerji sahəsində ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verir.

Lord Hant ötənilki səfərindən sonra Azərbaycanın iqtisadi və sosial həyatında mühüm irəliləyişlərdən məmnunluğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, 2009-cu il bütün dünya ölkələri üçün çətin keçsə də, Azərbaycan iqtisadiyyatının uğurlu nəticələri sevindiricidir. Qonaq qlobal maliyyə-iqtisadi böhranının sona yaxınlaşdığını və 2010-cu ilə daha böyük ümidlərlə baxdığını demişdir. Ölkəsində enerji sahəsində planlaşdırılan işlərdən danışan Lord Hant Xəzər dənizinin enerji ehtiyatlarının, xüsusilə təbii qazın Avropaya nəqli istiqamətində Azərbaycanda görülən işlərlə maraqlanmışdır.

Son illər Azərbaycanda qaz hasilatının artırılması və nəqli sahəsində həyata keçirilən enerji layihələri haqqında qonaqlara məlumat verən R.Abdullayev qısa müddətdə neft-qaz ixracı marşrutlarının şaxələndirilməsinə nail olunduğunu xüsusi vurğulamışdır. Hazırda Azərbaycanda hasil olunan təbii qaz 4 ölkəyə - Gürcüstan, Türkiyə, Rusiya və İrana ixrac olunur, müəyyən həcmdə qaz isə Türkiyədən Yunanıstana ötürülür. Azərbaycan təbii qazının Avropaya nəqli perspektivlərindən danışan ARDNŞ-nin prezidenti "Cənub enerji dəhlizi" layihəsinin Azərbaycan tərəfindən dəstəkləndiyini, Nabukko, Türkiyə-Yunanıstan-İtaliya və Trans-Adriatik boru kəmərləri layihələri üzrə tərəfdaşlarla səmərəli iş aparıldığını demişdir. O, "Şahdəniz" layihəsinin işlənilməsinin ikinci fazasına hazırlığın cədvələ uyğun davam etdiyini, sıxılmış qazın ixracı ilə əlaqədar Bolqarıstan və Rumıniya ilə memorandumlar imzalandığını da nəzərə çarpdırmışdır.

Ətraflı məlumata görə təşəkkürünü bildirən Lord Hant bu istiqamətdə aparılan işləri təqdir etmişdir. O, həmçinin Bakıya gəlməzdən əvvəl Mərkəzi Asiya respublikalarında səfərdə olduğunu söyləmiş və bu səfərlərdən aldığı təəssüratı bölüşmüşdür.

Rövnəq Abdullayev Mərkəzi Asiya karbohidrogenlərinin Avropaya nəqli üçün Azərbaycanda hər bir şəraitin olduğunu və bu məqsədlə şirkətin öz infrastrukturlarını təqdim etməyə həmişə hazırlığını diqqətə çatdırmışdır.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 mart.- S. 4.