Erməni separatizmi bütün bəşəriyyətə qarşı böyük təhlükədir

 

Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.

1890-cı ildə "Daşnaksütyun" partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər "yazıq millət" pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atmışlar. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi.

1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə ermənilərin silahlı daşnak-bolşevik birləşmələri Bakıda və Azərbaycanın bir çox bölgələrində misli görünməmiş soyqırımı cinayətləri həyata keçirmişlər. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmiş, Quba qəzasının 122 kəndi yerlə yeksan edilmişdir. Qubada azərbaycanlılarla yanaşı, etnik azlıq təşkil edən dağ yəhudiləri də soyqırımına məruz qaldılar. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılmış və yandırılmışdır. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlının evi yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdırmaq məqsədilə yaradılan komissiya sovet Rusiyasının ölkəmizi işğal etməsi səbəbindən öz işini başa çatdıra bilmədi.

Azərbaycan xalqı sovet imperiyasının tərkibində də terrora, kütləvi qırğınlara, deportasiyalara məruz qalmışdır. Təkcə 1937-1938-ci illərdə Stalinin qurduğu ölüm dəzgahı əksəriyyəti ziyalılardan ibarət olan 70 min azərbaycanlını əzmiş, işgəncələrə məruz qoymuş, məhv etmişdir. Sovet imperiyası dağılmışdır, amma onun törətdiyi qanlı fəlakətlərin izi tarixdə qalmışdır.

SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarı ilə 1948-1953-cü illərdə 150 min azərbaycanlı ilk baxışda görünməyən soyqırımına - deportasiyaya məruz qalmış, öz tarixi vətənindən zorla köçürülərək Azərbaycan Respublikasının ərazisində yerləşdirilmişdir. O zaman tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistandan deportasiya edilən azərbaycanlıların sayı 10.504, 1949-cu ildə 15.713 nəfər, 1950-ci ildə 12.232 nəfər, 1952-1953-cü illərdə 13.760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. Ümumiyyətlə, Ermənistan SSR-dən deportasiya və etnik təmizləmənin bu mərhələsində yüz min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir. Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi.

1988-ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan - 185 kənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı qovuldu, onlara məxsus 31 min ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi. Bununla da Ermənistan demək olar ki, monoetnik bir respublikaya çevrildi.

Etnik təmizləmə siyasətini başa çatdıran ermənilər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda terrorçuluq dalğasını genişləndirdilər, soyqırımı siyasətinin növbəti mərhələsinə rəvac verdilər. 1992-ci il fevralın ortalarında ermənilər Xocavənd rayonunun Qaradağlı kəndinin 54 sakinini vəhşicəsinə öldürüb silos quyularına atdılar. Qalan əhalini isə əsir götürdülər. 1992-ci il fevralın 25-də isə erməni hərbi birləşmələri ilə sovet ordusundan qalma və şəxsi heyəti əsasən ermənilərdən ibarət olan 366-cı alay Xocalıya hücum edərək şəhərin əhalisinə vəhşicəsinə divan tutdular, daha bir dəhşətli soyqırımını törətdilər. 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. Min nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, dəriləri soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi.

Bununla yanaşı, ermənilər 90-cı illərdə Bakı şəhərində və Azərbaycanın ayrı-ayrı yerlərində, qatarlarda, metroda qanlı terror aksiyaları həyata keçirdilər. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən törədilən vəhşilik və ciyanətlərin miqyası, metodologiyası qəzəb doğurmaya bilmir.

Beləliklə, təkcə XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən edilən soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə isə 20 faiz ərazisi işğal edilmişdir. 2,5 milyon nəfər azərbaycanlı isə soyqırımı nəticəsində məhv edilmişdir.

Ermənilər XIX əsrin sonlarından etibarən Azərbaycan torpaqları hesabına dövlət qurmaq üçün həyata keçirdikləri fəaliyyəti bugünümüzədək davam etdirməkdədirlər. Uzun illər ərzində aparılan bu məkrli və riyakar siyasətin nəticəsidir ki, bəzi ölkələrin parlamentləri ermənilərin yalançı soyqırımı iddialarına uyaraq qərarlar qəbul ediblər. Azərbaycanın, Türkiyənin, Gürcüstanın tarixi torpaqlarında Andronik, Nazarbəyov, Hamazasp və adları tarixdən yaxşı məlum olan digər qaniçənlərin rəhbərlik etdiyi quldur dəstələri tərəfindən törədilən kütləvi qətliamları, insanların görünməmiş, tükürpədici vasitələrlə öldürülməsini, kənd və şəhərlərin xarabazarlığa çevrilməsini pərdələməyi bacaran erməni riyakarlığı uzun müddətdir ki, dünya ictimaiyyətini aldatmaqdadır.

Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Ulu öndər Heydər Əliyev bu fərmanla 1918-ci ilin mart hadisələrini geniş şərh etdi, bolşevik cildinə girmiş erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdiyi müsibətləri dünyaya bəyan edərək qanlı əməllərə düzgün siyasi qiymət verdi və onu Azərbaycan xalqına qarşı törədilən ən böyük faciə adlandırdı. Erməni məkrini tarixi faktların dili ilə ifşa edən bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənədidir. Fərmanda deyilir: "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi əks olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük hissəsini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir".

Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyev erməni məkrini tarixi faktların dili ilə ifşa etdi. Ulu öndərin imzaladığı fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə toxunulur, onların mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə anladılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə, siyasi və çağdaş aspektlərinə nəzər salınır. Eyni zamanda, bu fərman terrorizmə, soyqırımına qarşı mübarizə aparmaq üçün ulu öndərin müəyyən etdiyi bir yoldur. Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Bu fərman həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir. Məlum olduğu kimi, xalqımız sovet dövründə uzun illər bu gerçəkliklərdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Hətta dəhşətli soyqırımın qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstündə park salınmışdır. Bu mənada, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətini açıb göstərən tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və Vətəninə bağlılığı baxımından da əhəmiyyətlidir. Fərman türk dünyasında bu məsələ ilə bağlı rəsmən bəyan edilən ilk hüquqi-siyasi sənəd olmaqla yanaşı, həm də tədqiqatçı alimləri yeni fəaliyyət yönümündə istiqamətləndirən dövlət sənədi oldu.

Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməmiş, bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını bir az da gücləndirmişlər. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq "əzabkeş erməni milləti" obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

Son illərdə bunun qarşısını almaq üçün erməni saxtakarlığının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin fəaliyyəti daha da güclənmiş, ermənilərə qarşı ideoloji əks-hücum effektiv xarakter almışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı bu işlərin vahid və sistemli surətdə aparılmasına imkan yaratmışdır. Təqdirəlayiq haldır ki, Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir. Məhz onun rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi hücumçu diplomatiya bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Azərbaycan rəhbərliyi dünya siyasətini müəyyən edən böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, onilliklər boyu formalaşmış stereotipləri və yanlış siyasi yanaşmaları dəyişdirməyə çalışır. Prezident İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır. Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımı günü ilə bağlı xalqa müraciətlərində ermənilərin müxtəlif illərdə dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmələri, soydaşlarımızın yurd-yuvalarından didərgin salınması, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi, onun ağır nəticələrinin yüz minlərlə soydaşımızın taleyində özünü büruzə verməsi, Ermənistanın və havadarlarının təcavüzkar siyasətinin iflasa məkum olması, bunun hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə ziddiyyət təşkil etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər birimizin qarşısında duran başlıca vəzifələr göstərilir. "Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik", - deyə Prezident İlham Əliyev bildirir.

Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik tələb olunur. İnanırıq ki, vaxt gələcək dünya birliyi ermənilərin Azərbaycan xalqına qarşı tarixən törətdiyi cinayətlərə, soyqırımına obyektiv qiymət verəcək.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 4 mart.- S. 6.