Elmi əsərləri yüksək dəyərləndirilən alim

 

Professor Şahlar Əsgərovun tədqiqatlarına dünyanın nüfuzlu alimləri istinad edirlər

 

Tarixən hər bir xalqın dünya miqyasında tanınmasında və mütərəqqi yolla inkişafında onun sayılıb-seçilən ziyalıları, elm xadimləri mühüm rol oynayırlar. Yüksək zəkası, istedadı ilə fərqlənən belə şəxslər, ilk növbədə, cəmiyyətdə mənəvi idealların möhkəmlənməsinə çalışır, ölkənin tərəqqisinə mühüm töhfələr verir və insanları saf məqsədlərə yönəltmək missiyası ilə diqqət mərkəzində olurlar. Ziyalı üçün zəruri olan keyfiyyətləri xarakterində cəmləyən həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilir.

 

Əsl elm xadimi bütün ruhu ilə yaradıcı şəxsiyyətdir - o, daxildən gələn tükənməz enerji ilə çalışaraq qarşıya qoyduğu saf və ali məqsədlərə çatmaq üçün hər cür əziyyətə qatlaşır, zəhmətdən usanmır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, hədəfə yetişmək əzmindən qaynaqlanır. Etiraf etməliyik ki, bu gün ətrafımızda alim adı daşıyan çox sayda "elm adamı" ilə qarşılaşsaq da, onların arasında elə yaradıcı insanlar var ki, tədqiqatları ilə yüksək nəticələr qazana bilir, sanballı əsərləri ilə tanınır, milli məkanın hüdudlarını aşır.

Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyan, sahib olduğu mövqeyə uzun illərin gərgin zəhməti, yuxusuz gecələri, inadkar fəaliyyəti ilə yetişən belə alimlərdən biri də fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Şahlar Əsgərovdur. Təbiət elmləri sahəsində dəyərli araşdırmaları, dəst-xətti olan Ş.Əsgərov, eyni zamanda dövrünün sosial problemlərinə özünəməxsus fəlsəfi təhlil prizmasından yanaşan, mürəkkəb nəzəriyyə məsələlərinin elmi həllinə dair yeni modellər təklif edən novator alimdir.

Elmdə yüksək pillələri qət etmək hər bir tədqiqatçının arzusudur. Bu prizmadan Şahlar Əsgərovun elmi yaradıcılığı özünün ictimai dəyəri, aktuallığı, yüksək faydalılıq əmsalı ilə diqqət çəkir. Ən maraqlısı budur ki, tanınmış alim hər hansı mövzu üzrə araşdırma apararkən, ilk növbədə, onun fəlsəfi-metodoloji sxemini işləyib hazırlayır, dünya miqyasında maraqla qarşılanan yeni elmi model təklif edir və konsepsiyalarını inandırıcı dəlil və sübutlarla əsaslandırır. Bu cəhətləri sayəsində Şahlar müəllim hazırda həm də milli düşüncə, pedaqogika və mentalitetlə bağlı müasir təmayüllü fəlsəfi araşdırmaları ilə tanınır, dünya fundamental və ictimai elmlərinin mütərəqqi təcrübəsindən layiqincə bəhrələnir. İxtisasca təbiətşünas - fizik olan alimin sosial fəlsəfəyə dair maraqlı tədqiqatları, çoxsaylı nəşr və məqalələri onun təkcə vətəndaş və ziyalı mövqeyini deyil, həm də yüksək erudisiyasını, dərin analitik qabiliyyətini, dünyagörüşünü təcəssüm etdirir.

Professor Şahlar Əsgərov qəyyum himayəsinə tapınan alimlərdən olmayıb, həyatda məqsədlərinə halal zəhmətlə, işgüzarlıqla, məqsədyönlülüklə çatıb. Əsl alim üçünsə elmdə zirvə və hədd anlaşıyı yoxdur. O öz elmi axtarışları ilə daim öyrənməyə, həqiqəti üzə çıxarıb isbatlamağa, əldə etdiyi faydalı nəticələri praktik surətdə gerçəkləşdirməyə çalışır. 40 illik yorulmaz tədqiqatları ilə elmdə layiq olduğu zirvəyə yetişən Şahlar Əsgərovun gənc tədqiqatçı şövqü ilə yaratmaq, virtual məkanın hüdudsuz imkanlarından bəhrələnmək səyləri onu tanıyanlarda rəğbət hissi doğurur.

Bu bir həqiqətdir ki, insanın təkcə gələcək ömür yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində doğulub boya-başa çatdığı, suyunu-çörəyini daddığı, havasını udduğu torpağın rolu az deyil. Əhatə olunduğu mühit, təbiət, birgəyaşayış qaydaları hər bir insanın istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır. 1941-ci ildə Azərbaycanın ən füsunkar guşələrindən birində - Kəlbəcər rayonunda anadan olmuş Şahlar Əsgərov da onu əhatə edən əsrarəngiz məkanın təsiri altında erkən yaşlarından mehrini məhz təbiət elmlərinə salıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1958-ci ildə Bakıya üz tutub və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olub. 1963-cü ildə həmin fakültəni bitirdikdən sonra - 1964 -1967-ci illərdə ADU-nun əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan İnstitutunda elmi işi üzərində çalışıb. Aspiranturanı bitirdikdən sonra ömür yolunu universitetlə bağlayaraq əvvəlcə müəllim, sonra dosent, dekan müavini və prorektor vəzifələrində çalışıb. 1970-ci ildə "Alçaq enerjili ionlarla metalların katod tozlanması" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. Elmi tədqiqatlarını uğurla davam etdirən Şahlar Əsgərov 1992-ci ildə Bakı Dövlət Universitetində "Toxunma sərhədinin qeyri-bircinslilik dərəcəsinin metal-vakuum və metal-yarımkeçirici strukturlarının elektrofiziki xassələrinə təsiri" mövzusunda doktorluq dissertasiyası müdafiə etməklə bu sahədə təsadüfi şəxs olmadığını sübuta yetirib. 1993-cü ildə BDU-nun professoru seçilən Şahlar Əsgərov elmi fəaliyyəti dövründə bir sıra böyük uğur və nailiyyətlərə imza atıb.

Katod tozlanması və onun tozlanma əmsalının ən kiçik qiyməti məhz Şahlar Əsgərov tərəfindən ilk dəfə dəqiqliklə ölçülmüş, habelə bir çox metallar üçün (elmi ictimaiyyət tərəfindən qəbul olunan) astana enerjisinin qiyməti təcrübi təyin edilmişdir. Bundan başqa, alim Danimarka Texniki Universitetindən birillik ezamiyyətdən qayıtdıqdan sonra respublikada ilk dəfə metal-yarımkeçirici kontaktı mövzusunun (bu mövzu ölkəmizdə sonralar geniş yayıldı) tədqiqinə başlamışdır. Kontaktın parametrləri üçün ilk dəfə ölçü effekti müəyyənləşdirmiş, real metal-yarımkeçirici kontaktı üçün qeyri-bircins model təklif etmişdir. Amorf metal-yarımkeçirici kontaktların hazırlanmasının dəqiq texnologiyasını hazırlamış, bu kontaktların fiziki parametrlərini öyrənmiş, metal-vakuum, metal-yarımkeçirici kontaktların emission parametrləri arasında ilk dəfə olaraq korrelyasiyanı müəyyən etmiş və nəticədə "Amorf təbəqələr" Elmi-Tədqiqat Laboratoriyası yaratmışdı.

Professorun hələ 40 il öncə başladığı tədqiqat sahəsinin böyük nailiyyətlərindən bu gün "NASA" və AİAA (Amerika Aeronavika və Astronavika İnstitutu) öz tədqiqatlarında geniş istifadə edirlər. Əgər XX əsrdə kosmik raketlər kimyəvi yanacaqla işləyirdisə, XXI əsrdə kosmosa aparatların çıxarılmasında ion mühərrikləri üstünlük təşkil edəcəkdir. Ümumiyyətlə, ion mühərrikləri ötən əsrin 70-ci illərindən alimlərin diqqətini cəlb edib. 2000-ci ildən bəri ion mühərrikləri vasitəsilə kosmosa bir çox aparatlar çıxardılıb. Belə mühərriklərin hazırlanmasında professor Şahlar Əsgərovun elmi nəticələrindən geniş istifadə edilir. Tozlanma ilə bağlı onun əldə etdiyi nəticələrdən, dövrün bir nömrəli problemi sayılan İdarə oluna bilən termonüvə qurğularının "plazma-divar" kimi tanınan problemin həllində də geniş istifadə edilir. Elə bu səbəbdən də Şahlar Əsgərovun həmin işləri 2001-ci il iyunun 3-dən Office of Scientific and Technical İnformation (OSTİ)nin Energy Citations Database (ECD) - məlumat bazasında OSTİ İD: 4707515 və 4074900 nömrələri altında ingilis dilində saxlanılır.

Ş.Əsgərovun elm adamı kimi ən qabarıq xüsusiyyətlərindən biri də tədqiqatçılıq məharəti və əzmidir. Peşəsinə vurğun olan bu insan ömrünün müdrik çağında da səylə çalışır, yeni nailiyyətlərə imza atır. Açığı, bizdə elmdə müəyyən karyera qurduqdan sonra dərin tədqiqatlardan, araşdırmalardan uzaq düşən, arxayınlaşan elm xadimlərimiz az deyil. Belələri respublika hüdudlarını aşmayan, praktik tətbiq imkanları böyük olmayan elmi nəticələrini "xərcləməklə" dinamiklik və çeviklik tələb edən mühitdə mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. Bir çox alimlərimizin araşdırmaları isə ölkə hüdudlarını qətiyyən adlamır. Şahlar Əsgərov isə daim axtarışda olan, dünya elminə dəyərli töhfələrini verən, ona inteqrasiya edən sanballı alimlərdəndir. O, L.Sena (Leninqrad), L.Praneviçyus (Kaunas), V.Yurasova (Moskva), V.Strixa (Kiyev), P.Prehn (Kopenhagen), M.Lukkala (Helsinki), L.Şelyakin (Moskva), A.Şkavro (Kiyev), A.Arş (Ryazan) və digər dünya alimləri ilə əməkdaşlıq edərək birgə məqalələr çap etdirmişdir.

Şahlar müəllim universitetdə radiofizika, emissiya elektronikası, mikroelektronika və digər fənləri tədris etməklə yanaşı, bu istiqamətlərdə sanballı elmi araşdırmalar aparır. Onun elmi əsərlərinin dəyəri isə ilk növbədə, praktik tətbiq imkanlarının genişliyi ilə ölçülür.

Bir çox xarici ölkələrdə alimlərin elmi tədqiqatlarının dəyəri, ilk növbədə, onlara edilən istinadların sayı əsasında müəyyənləşir. Yəni, aktuallığı, elmi siqləti, ideya məzmunu ilə seçilən əsərlərdə irəli sürülən tezis və fikirlər sonradan digər nüfuzlu alimlər üçün də maraqlı istinad mənbəyinə, diskussiya predmetinə çevrilir. Etiraf etməliyik ki, Yusif Məmmədəliyev, Lütfi-Zadə, Azad Mirzəcanzadə, Bəhram Əsgərov kimi korifey elm xadimlərindən sonra Azərbaycanın dünyaca məşhur alimlərini barmaqla saymaq olar. Azərbaycanlı alimlərin tədqiqatlarına istinadlar da o qədər diqqəti cəlb etmir. Lakin professor Şahlar Əsgərov kimi fədakar alimlərin elmi tədqiqatları bu mənada istisnadır. Məsələn, ABŞ-ın Klivlənd şəhərində NATO-nun Levis Araşdırmalar Mərkəzinin mütəxəssisi Maris A.Mantenieks hazırladığı "Ağır ionlarla tozlanmanın astana enerjisi" məruzəsində professor Şahlar Əsgərovun tədqiqatlarına geniş yer ayırıb. Tədqiqatçı qeyd edib ki, ağır ionlarla katod tozlanmasının öyrənilməsi hələ ötən əsrin 60-cı illərində Şahlar Əsgərov və L.Sena tərəfindən başlanılıb. Məruzə müəllifi yazır ki, Ş.Əsgərovun və L.Senanın nəticələrinin etibarlığı bu sahədə mühüm nailiyyətlər əldə etmiş nüfuzlu alimlərin nəticələrini üstələyir. Ağır ionlarla tozlanma məruzəsini davam etdirən mütəxəssis məruzənin bir səhifəsində 9 yerdə (15 sətirlik mətnin isə 5 yerində) azərbaycanlı alimin elmi araşdırmalarının nəticələrinə istinad edib. Tədqiqatçı Maris A.Mantenieks məruzəsində həmçinin Şahlar Əsgərovun araşdırmalarının ilk zamanlar diqqətdən kənarda qaldığını da təəssüflə vurğulayıb.

Təbiətşünas alimlər həmişə öz ixtisas sahələri ilə yanaşı, yaşadıqları dövrün elmi, ictimai-siyasi, mədəni problemləri ilə də məşğul olmuş, onlara aid sanballı fikirlər söyləyərək dövrün ümumi ruhi aləminin təhlilini vermişlər. Professor Şahlar Əsgərov da belə alimlərdən olaraq fikirlərini hər zaman elmi mənbələr, həyati faktlar üzərində qurur, əsaslandırır və konseptual halda ortaya çıxarır. Onun fikirləri həm sərbəst, həm də ətraflı və dərindən düşünməyi bacaran bir alimin fikirləridir.

Azərbaycan hazırda inkişafının elə bir mərhələsindədir ki, müstəqillik illərində keçilən yolun ayrı-ayrı parlaq səhifələrinin fəlsəfi rakursda nəzərdən keçirilməsi, eyni zamanda, milli inkişaf strategiyasının elmi-nəzəri kontekstdə əsaslandırılması qarşıda duran vacib məsələlərdən biridir. Yüksək vətəndaş və ziyalı təəssübkeşliyi, vətənpərvərliyi ilə bu prosesdə yaxından iştirak edən alimlərdən biri də məhz professor Şahlar Əsgərovdur. Tanınmış alimin fəlsəfi mövzulara həsr olunmuş "Keçid dövrünə fəlsəfi baxış" (1998), "Milli birlik probleminə fəlsəfi baxış" (2001), "Təhsilimiz dünən, bu gün və sabah" (2003), "Düşüncə tərzi" (2008) və digər əsərləri özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir. Bu əsərlərdə kapital münasibətləri fonunda mənəvi-əxlaqi dəyərlərin deqredasiyasına zəmin yaradan neqativ tendensiyalar tərbiyəedici motivlər əsasında göstərilmişdir. Məsələn, "Düşüncə tərzi" kitabı müasir Azərbaycan cəmiyyətinin həm indiki real gerçəkliyinin, həm də düşüncə tərzinin bütün başlıca istiqamətlərdə təhlilinə, burada mövcud olan yararlı və yararsız cəhətlərin aşkara çıxarılmasına həsr olunmuşdur. Eyni zamanda müəllif müasir Azərbaycan həyatını və düşüncəsini heç də təcrid olunmuş halda deyil, həm Şərq-Qərb, həm də bütövlükdə dünya prosesləri kontekstində götürür. Bu yanaşma tədqiqata doğrudan da fəlsəfi məzmun və mahiyyət verir. Məsələn, müəllif "Keçid dövrünə fəlsəfi baxış" kitabında yazır: "Keçid dövrünün müddəti nə qədərdi? - sualını tez-tez eşidirik. Mənim fikrimcə, Prezident üçün keçid müddəti dövlət maşınını qurmaq müddətidir. Parlament üçün keçid dövrü dövlət maşınının işləməsi üçün lazım olan qanunların qəbul müddətidir. Baş nazir üçün keçid dövrü iqtisadiyyatın inkişafinın məntiqini axtarıb tapmaq müddətidir. Əhali üçün keçid müddəti azadlığın yüksək amal olduğunu dərk etmək müddətidir". Bu fikir ölkə Prezidenti İlham Əliyevin bu yaxınlarda keçid dövrünün bitməsi ilə bağlı bəyan etdiyi fikirlə səsləşir. Azərbaycanın dövlət maşını qurulub və onun işləməsi üçün zəruri qanunlar parlament tərəfindən qəbul edilibdir. Keçid dövrünün əsas komponentləri bitibdir.

Alimlik erudisiyası, intellektual səviyyəsi ilə elmi ictimaiyyətin diqqətini çəkən Şahlar müəllim ictimai fəallığı, idarəçilik və təşkilatçılıq fəaliyyəti ilə də seçilir. Professorun Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri də onun rəhbərliyi altında 20-yə yaxın elmlər namizədi və doktorunun hazırlanmasıdır. Şahlar Əsgərov 200-dən çox elmi, 500-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifidir. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.

Əsl ziyalı üçün vacib keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Mənəvi dünyasının, vicdanının səsi Şahlar Əsgərovu yalnız özü üçün yaşamağa, əhatə olunduğu dövrün, mühitin nöqsanlarına, qüsurlarına göz yummağa, etinasız yanaşmağa qoymayıb. O, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik nümayiş etdirməyib. Məşhur 91-lərin biri kimi dövrünün ictimai-siyasi hadisələrinə laqeyd qalmayıb, fəaliyyətinin bütün mərhələlərində məhz Azərbaycanın gələcəyini düşünüb. Siyasi baxışlarında hər zaman sabit və prinsipial olan Şahlar Əsgərov ümummilli liderin siyasi kursunu dönmədən müdafiə edərək Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesinə layiqli töhfəsini verməyə çalışıb. Ulu öndərin siyasi fəaliyyətinə YAP-ın fəallarından biri kimi daim dəstək verən, dövlətçilik maraqlarının keşiyində dayanan alim YAP İdarə Heyətinin üzvüdür. Dövlətçilik fəaliyyəti yüksək dəyərləndirilərək "Şöhrət" ordeninə layiq görülüb.

Professor Şahlar Əsgərov keşməkeşli olduğu qədər də mənalı, zəngin və şərəfli həyat yolu keçib, məqsədlərinə doğru pillə-pillə irəliləyib, xalqına fayda vermək əzmi və qətiyyəti ilə ömrünü elmi axtarışlara həsr edib. İnanırıq ki, görkəmli alim bundan sonra da böyük səylə, qətiyyətlə çalışacaq, Azərbaycan elminin ən son nailiyyətlərini dünya ictimaiyyətinə çatdırmaq prosesində yüksək fəallıq və vətənpərvərlik nümayiş etdirəcəkdir.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2010.- 4 mart.- S. 7.