İçərişəhərdə maddi mədəniyyət abidələri aşkar olunmuşdur

 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirmişlər ki, son dövrlərdə İçərişəhərdə aparılan abadlıq işlərinin miqyası genişlənmişdir. İçərişəhərin formalaşmış planlaşma strukturuna, tarixi-memarlıq görkəminə xələl gətirilmədən görülən işlər burada yerləşən qədim abidələrin gözəlliyini üzə çıxarır, yeni arxeoloji materialların aşkar olunmasına kömək edir.

 

Hazırda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən qoruq ərazisindəki binaların dam fasadlarının təmiri, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi həyata keçirilir.

Aparılan işlər zamanı bir sıra maraqlı artefaktlar aşkar edilmişdir. Qala divarlarının şimal-şərq hissəsindəki konservasiya olunmuş abidələrin yerləşdiyi ərazi abadlaşdırılarkən erkən orta əsrlərə aid tağlı tikilinin qalığı üzə çıxmış, həmçinin orta əsrlərə aid xeyli maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Arxeoloji materiallar içərisində saxsı qab qırıntıları əczaxanada istifadə olunduğu güman edilən şüşə qablar daha çoxdur. "Tarix mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tapıntı aşkar olunduğu yerlərdə dayandırılmış Milli Elmlər Akademiyasına məlumat verildikdən sonra bir qrup tanınmış arxeoloq tərəfindən əraziyə baxış keçirilmişdir.

Milli-mədəni irsin öyrənilməsi işində arxeoloji axtarışların əhəmiyyətini nəzərə alaraq, bu ərazidə Milli Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutunun mütəxəssisləri ilə birgə arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulmuşdur. Aşkar edilmiş tapıntılar İçərişəhərin müvafiq muzey komplekslərində nümayiş üçün yerləşdiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 mart.- S. 7.