"Azərbaycan
mədəniyyəti Macarıstanda"
seriyası təsis olunmuşdur
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi ölkəmizin mədəniyyəti, tarixi və elminin təbliği məqsədilə Budapeştdə yerləşən Avropa Folklor İnstitutu ilə birgə macar dilində "Azərbaycan mədəniyyəti Macarıstanda" adlı silsilə kitabların nəşrinə başlamışdır.
Seriyanın redaksiya heyətinə Azərbaycan tərəfindən Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik N.Vəlixanlı, AMEA-nın Tarix İnstitutunun direktoru Y.Mahmudov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru M.Rəhimova, AMEA-nın Folklor İnstitutunun direktoru H.İsmayılov, akademik İ.Babayev və başqaları daxildir.
Macarıstan tərəfindən isə redaksiya heyəti Qədim Macarıstan Tarixi Cəmiyyətinin sədri Erdelyi İştvan, Macarıstan Elmlər Akademiyasının Linqvistika İnstitutundan akademik Hazai Gyord, Avropa Folklor İnstitutunun direktoru Mihaly Hoppal, Macarıstan Elmlər Akademiyasının Musiqişünaslıq İnstitutundan Şipos Yanoş, ELTE Şərqşünaslıq İnstitutunun direktoru Vaşari İştvan, Macarıstan Elmlər Akademiyasının Etnologiya İnstitutundan Vereş Peter kimi tanınmış alimlərdən ibarətdir.
Seriyadan 3 kitab artıq nəşr olunmuşdur. Bunlar
AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun müəllifi olduğu "Azərbaycanlıların
etnogenezinə dair",
AMEA Əlyazmalar İnstitutunun
direktoru Məmməd Adilovun müəllifi olduğu "Macarıstanda
Azərbaycan-türk əlyazmaları",
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun redaktorluğu
ilə "Azərbaycan
dolması" kitablarıdır.
Kitablara çox gözəl bədii tərtibat verilmişdir və təbliğat məqsədi
ilə Macarıstanın
müxtəlif kitabxanalarına
göndərilməsi nəzərdə
tutulur.
Vüqar Seyidov,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.- 2010.- 4 mart.- S. 7.