Heydər Əliyev Fondu ilə tanışlıq

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətləri martın 2-də Heydər Əliyev Fondunda olmuşlar.

Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan Fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Fondda ümummilli liderin oxuduğu təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, milli təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri, həm sovetlər, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman gördüyü quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman və sənədlər də saxlanılır. Dahi şəxsiyyətin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövründə ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr barədə materiallar qonaqlarda böyük maraq doğurmuşdur.

Azərbaycanın birinci xanımı, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında məlumat da qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Görkəmli siyasi xadim Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən qonaqlara məlumat verildi ki, ümummilli lider Azərbaycana rəhbərliyinin bütün dövründə mətbuatın inkişafına böyük diqqət və qayğı göstərmişdir.

Qonaqlar burada Heydər Əliyevin mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etmiş, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olmuşlar.

Fondun Xatirə kitabına ürək sözlərini yazan qonaqlar buradan zəngin təəssüratlarla ayrıldıqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-3 mart.- S. 3.