Qonaqlar Bakının görməli yerləri ilə tanış olmuşlar

 

AzərTAc-ın 90 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmiş qonaqlar martın 2-də şəhərimizin görməli yerlərini gəzmişlər.

Gəzintiyə İçərişəhərdən başlayan qonaqlar əvvəlcə "Şirvanşahlar sarayı kompleksi" Dövlət Tarix-Memarlıq Muzey-Qoruğunda olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş Şirvanşahlar sarayı ansamblı qədim tarixə malik Azərbaycan memarlığının nadir incilərindən biridir. Onun tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.

Qonaqlar İçərişəhərin baş planı və Qız qalası ilə də tanış olmuşlar. Onlara ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısı barədə məlumat verilmişdir.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıq qonaqlarda xoş təəssürat oyatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 mart.- S. 3.