Azərbaycanın bölgələri sürətlə inkişaf edir

 

Prezident İlham Əliyevin Qəbələ rayonuna səfəri yeni istehsal müəssisələrinin açılışı ilə əlamətdar oldu

 

Çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan son illərdə iqtisadi qüdrətini daha da artırmaqla dünyada layiq olduğu yeri möhkəmləndirməkdədir. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasını nəzərdə tutan qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi, davamlı sabitliyin təmin olunması ölkəmizin iqtisadi potensialını daha da gücləndirmişdir. Bütövlükdə, Azərbaycanın artan qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır.

Yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizdə yeni layihələrin reallaşdırılmasına geniş imkanlar açdı. Neftdən əldə olunan vəsaitlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi bu sahənin də tərəqqisinə gətirib çıxardı. Son yeddi ildə Azərbaycanda elmi əsaslar üzərində gerçəkləşdirilən sosial-iqtisadi strategiyanın əsasında insana, vətəndaşa həssas münasibət amili dayanmışdır.

İqtisadiyyatın inkişafının neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də sürətli artımı hesabına baş verməsini ötən ilin sosial-iqtisadi göstəriciləri bir daha təsdiq etdi. Əldə olunan nəticələr iqtisadiyyatın şaxələndirilməsi istiqamətində dövlətin gördüyü məqsədyönlü tədbirlərin düzgünlüyünü sübuta yetirdi. Dünya maliyyə böhranı ilində ölkəmizdə iqtisadi artım 9,3 faiz, sənaye sahəsində isə 8,6 faiz təşkil etmişdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından ən mühüm sahə olan aqrar sektorda artım sürəti son illərdə ən yüksək həddə çatmışdır. Bunu ilk növbədə son vaxtlar aqrar sahədə istehsalın stimullaşdırılmasına yönəldilən kompleks tədbirlərin bəhrəsi kimi qiymətləndirmək olar.

2009-cu ilin sosial-iqtisadi yekunları qlobal böhran şəraitində respublikanın sosial-iqtisadi siyasət prioritetlərinin düzgün müəyyənləşdirildiyini və uğurla həyata keçirildiyini göstərdi. Bütün dövlətləri sınağa çəkərək ciddi problemlərlə üz-üzə qoyan qlobal maliyyə böhranından maksimum az itki ilə çıxan, eyni zamanda milli inkişafdakı pozitiv meyilləri əsaslı şəkildə qoruyub saxlayan Azərbaycanın əldə etdiyi nəticələr əsası ötən illərdə qoyulmuş uğurlu bünövrəyə, fundamental iqtisadi bazisə söykənir. Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasət xətti nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin dəqiqliklə müəyyənləşdirilərək həllinə real imkanlar açmışdır. Azərbaycan Prezidenti cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ictimai həyatın bütün sahələrində tərəqqinin əsasını qoymuşdur.

Ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri 2003-2009-cu illərdə cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə ölkə başçısı tərəfindən təsdiq edilən dövlət proqramlarının uğurla icrası böyük nəticələrə gətirib çıxarmışdır. 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı proqramı da ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə böyük təkan vermişdir. Bu çərçivədə atılan ardıcıl addımlar, eyni zamanda Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur. Ölkə başçısının regionlarda görülən genişmiqyaslı işlərlə yaxından tanış olmaq məqsədilə tez-tez bölgələrə səfərə çıxması da vətəndaşlarımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmaqdadır. Dövlət başçısının bölgələrə hər bir səfəri iri istehsal obyektlərinin, səhiyyə, təhsil müəssisələrinin açılışı ilə əlamətdar olur. Prezident İlham Əliyevin bu günlərdə Qəbələ rayonuna səfəri də mühüm obyektlərin açılışı ilə diqqəti cəlb etdi.

Son illər Qəbələ rayonu sürətlə inkişaf etməkdədir. Məlumat üçün bildirək ki, rayonda istehsal edilən sənaye məhsullarının 25 faizi xaricə ixrac olunur. 2003-2009-cu illərdə rayondakı 451 müəssisədə 6483-ü daimi olmaqla 8271 yeni iş yeri açılmışdır. Qəbələ rayonunun zəngin turizm potensialının reallaşdırılması üçün dövlət başçısının tapşırığına əsasən kompleks tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyev Qəbələyə səfəri çərçivəsində "Gilan" piano fabrikinin açılışında iştirak etmişdir. Regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır. Fabrikdə ildə 1200-1500 piano istehsal ediləcəkdir. Hazırda burada 120 nəfər çalışır və müəssisə tam gücü ilə işləməyə başlayandan sonra işçilərin sayı 350-ə çatdırılacaqdır. Dövlətimizin başçısı rayonda yeni avtovağzal binasının açılışında da iştirak etmişdir. Qəbələdə nəqliyyat sahəsinin inkişafına ciddi təsir göstərəcək yeni avtovağzaldan rayonun bütün kəndlərinə marşrutlar işləyəcəkdir. Həmçinin ölkədaxili istiqamətlərdə də marşrutların açılması planlaşdırılır. Türkiyə Rusiya və MDB-nin digər dövlətlərinə də avtobus reysləri açılacaqdır. Bu, Qəbələ rayonuna turist axınının artmasını təmin edəcəkdir.

Ölkə başçısı Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbar ilə də tanış olmuşdur. Üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun xarab olmaması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Soyuducu anbarının istifadəyə verilməsi meyvə-tərəvəz məhsullarının uzun müddətə keyfiyyətlə saxlanılmasına imkan verəcəkdir.

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na ölkə başçısı İlham Əliyevin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə edilmiş əlavəyə uyğun olaraq Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində məcburi köçkün ailələri üçün məhəllə salınmışdır. İnşaat işləri cari ilin fevralında yüksək səviyyədə başa çatdırılmışdır. Rayondakı "Qafqaz" turizm bazası və "Lalə" sağlamlıq mərkəzində müvəqqəti məskunlaşan 155 məcburi köçkün ailəsi beşmərtəbəli 2 yaşayış binasına köçürülmüşdür. Məhəllənin su, elektrik enerjisi və qaz təchizatı üçün müvafiq şəbəkələr yaradılmışdır. Məhəllədə kanalizasiya şəbəkəsi, istilik sistemi yaradılmış, əraziyə asfalt-beton örtük salınmış, abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Prezident İlham Əliyev bildirmişdir: "Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında da çox əyani şəkildə görürük. Qəbələ, sözün əsl mənasında, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Hər dəfə Qəbələdə olanda, yenilikləri görəndə çox sevinirəm. Şəhər abadlaşır, müxtəlif tədbirlər görülür. Qəbələdə ən yüksək standartlara cavab verən piano fabriki istifadəyə verilib. Bu, çox böyük bir hadisədir və onu göstərir ki, Azərbaycanın inkişafına xarici və yerli investorlarda böyük inam vardır. Bu gün avtovağzalın açılışında iştirak etdim. Ondan sonra kənd təsərrüfatı ilə bağlı yeni yaradılmış müəssisələrlə tanış oldum. Qəbələnin çox böyük turizm potensialı vardır. Artıq bu potensialdan çox səmərəli şəkildə istifadə olunur. Mən hər dəfə Qəbələdə olarkən bu məsələni xüsusilə vurğulayıram ki, gözəl təbiəti, zəngin tarixi və təbii imkanları Qəbələnin beynəlxalq turizm mərkəzinə çevrilməsində çox mühüm rol oynamalıdır və bu gün bunu görürük. Qəbələdə beşulduzlu otellər, otel kompleksləri, sağlamlıq mərkəzləri, uşaq parkları yaradılır. Yəni turizm infrastrukturunun inkişafı üçün çox böyük işlər görülür və Qəbələ dünya miqyasında turizm mərkəzlərindən birinə çevrilməlidir".

Ölkə başçısı Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən uşaq bağçasında da olmuşdur. İkimərtəbəli və 70 yerlik uşaq bağçası ilə də tanış olan ölkə başçısı uşaqların təlim-tərbiyəsi üçün yaradılan şəraitdən razı qaldığını bildirmişdir. Bununla yanaşı, dövlətimizin başçısı rayona səfəri çərçivəsində "Qafqaz-Park" Gənclik Mərkəzinin, "Laza" yarımstansiyasının, "Fitnes" sağlamlıq mərkəzinin, "Qafqaz Resort" mehmanxanasının yeni korpusunun açılışında da iştirak etmişdir. Prezident İlham Əliyev, həmçinin "Qafqaz Sahil" mehmanxana kompleksinin tikintisi ilə də tanış olmuş və görülən işlərdən razılığını ifadə etmişdir.

Azərbaycanda dəqiq hədəflərə hesablanmış iqtisadi inkişaf xəttinin uğurla davam etdirilməsi onu deməyə əsas verir ki, növbəti ildə də ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər oz həllini tapacaqdır. Ölkə vətəndaşlarının mənafeyinə xidmət edən iqtisadi siyasət strategiyası daha böyük nəticələr verəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 5 mart.- S. 1.