Təcili və təxirəsalınmaz
tibbi yardım xidmətinin maddi-texniki
bazasının gücləndirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 mart 2010-cu il
Azərbaycan.- 2010.-5 mart.- S. 1.