Davamlı inkişafın fəlsəfəsi
Hər ilin əvvəli, adətən, iki mühüm məqamla diqqət çəkir: bir tərəfdən qət edilmiş yola yekun vurulur, itirilib-artırılanlar sərf-nəzər olunur, digər tərəfdənsə yeni məqsəd və niyyətlər hədəflənir, konkret öhdəlik və vəzifələr müəyyənləşdirilir. Əldə olunmuş uğurlar, bir qayda olaraq perspektivdəki, gözlənilən daha böyük nailiyyətlər üçün möhkəm təmələ, bünövrəyə çevrilir. Həyati təcrübəyə əsaslanan bu cür qiymətləndirmə meyarı həm də zamanın yaddaşına gömülən vaxt məsafəsindəki uğur və nöqsanları obyektiv təhlil süzgəcindən keçirmək, perspektiv fəaliyyət istiqamətlərini daha dürüst müəyyənləşdirmək üçün əlverişli imkanlar açır. Nəhayət, idarəçilikdə hesabatlılıq ənənəsi şəffaflığın, səmərəliliyin, məqsədyönlülüyün bariz təcəssümü kimi vətəndaşlarda dövlətin icra strukturlarına inamı, etimadı və mənəvi bağlantını gücləndirir.
Xalq üçün işləmək
missiyası
Həmişə "Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər" - deyən Azərbaycan Prezidenti İlham Əliyev bu məqsədə xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə bəhrələnir. Dövlət başçısı indiyə qədər ictimaiyyət qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik nümayiş etdirmiş, sosial tərəqqiyə və vətəndaş rifahına xidmət edən bir sıra qlobal layihələri, strateji məqsədləri inamla gerçəkləşdirmişdir.
Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqində cənab İlham Əliyev kifayət qədər böhranlı bir dövrdə əldə olunmuş uğurlardan danışarkən demişdir ki, uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların, davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, sosial həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi kimi respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana qətiyyətlə sinə gərən dövlətləri sırasındadır. Azərbaycan qlobal böhrana qarşı fəal tədbirlər sistemi həyata keçirərək nəinki digər dövlətlərdə müşahidə edilən neqativ iqtisadi prosesləri inamla dəf etmiş, eyni zamanda ümumi daxili məhsulda 9,3 faiz, sənayedə 8,6 faiz, kənd təsərrüfatında 3,5 faizlik artıma nail olmuşdur. 2009-cu ildə ölkənin strateji valyuta ehtiyatları 3 milyard dollar artaraq 20,3 milyard dollara yüksəlmiş, respublika iqtisadiyyatına 9,2 milyard investisiya yatırılmışdır.
Yüksəlişin real göstəriciləri
Dövlət başçısı İlham Əliyev son 6 ildə Azərbaycanın bölgələri ilə yanaşı, paytaxt Bakının və ətraf qəsəbələrin problemlərinin həllinə də böyük diqqət və həssaslıqla yanaşmış, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Azərbaycan Prezidentinin 27 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" konseptual sənəd olmaqla, regionların inkişafı naminə həyata keçirilən kompleks tədbirlərin paytaxt və ətraf qəsəbələrə sirayət etməsini də səbəbləndirmişdir.
Son illərdə respublikanın və paytaxtın bütün guşələrində müşahidə edilən abadlıq, tərəqqi və yüksəliş Bakının Suraxanı rayonunda da özünü qabarıq göstərir. Bakının cənub-şərqində yerləşən, özünün tarixi ənənələri, milli mədəniyyət nümunələri, bəzi coğrafi özəllikləri ilə seçilən rayon həm də uzun illər halal zəhmətə tapınan, işgüzar insanların məskunlaşdığı məkan kimi məşhurdur. "Qara qızıl"la zəngin olan Suraxanı rayonu Bakının həm də sənaye və maşınqayırma mərkəzlərindən sayılır. Mövcud potensialın səmərəli realizə edilməsi, rayonun malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi Suraxanı rayonunun 2009-cu il ərzindəki möhtəşəm uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.
Dünya üzrə qlobal iqtisadi-maliyyə böhranının kəskinləşməsinə baxmayaraq, ötən il rayonun iqtisadiyyatında əsaslı artım müşahidə edilmiş, sənaye müəssisələrinin yerinə yetirdiyi işlərin, göstərdiyi xidmətlərin həcmi 135,9 milyon manata, orta aylıq əməkhaqqı 356 manata yüksəlmişdir. 1555 yeni iş yeri açılmış, qeyri-dövlət sektorunun sənayedə çəkisi 46, tikintidə isə 60 faiz təşkil etmişdir.
- 2009-cu ildə rayonda əldə olunmuş nailiyyətlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Suraxanı Rayon İcra Hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında və düzgün icrasına nail olmağa çalışmışdır - deyə icra başçısı İlqar Abbasov əldə edilmiş nəticələrin təsadüfi olmadığını, böyük zəhmət və düşünülmüş, işlək strategiyaya söykəndiyini bildirir. - Bu məqsədlə hələ 2009-cu ildə görüləcək işlərlə bağlı xüsusi tədbirlər planı, həmçinin "2009-cu ildə Suraxanı rayonunun daxili imkanları hesabına həyata keçirilməsi nəzərdə tutulmuş abadlıq və quruculuq proqramlarının iş qrafiki" hazırlanmışdır. Bu qrafik üzrə ötən il 146 tədbirin icrasına başlanmış, nəzərdə tutulmuş işlərin 93,58 faizi uğurla yerinə yetirilmişdir.
2009-cu ildə rayonda nəzərdə tutulmuş təxirəsalınmaz tədbirlər uğurla icra edilmiş, əhalini narahat edən çeşidli kommunal problemlərin həllinə, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparılmasına, infrastrukturun yeniləşdirilməsinə, yolların təmirinə, məktəblərin, səhiyyə və mədəniyyət ocaqlarının təmiri və yenidənqurulmasına diqqət artırılmışdır.
Quruculuq həm də rifah
göstəricisidir
Son illərdə icrasına uğurla başlanılmış qlobal layihələrin yüksək dinamizmlə, vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində Suraxanı bu gün böyük tikinti meydanını xatırladır. Təkcə paytaxt üçün deyil, ümumən respublika əhəmiyyətli qlobal yol-nəqliyyat layihələrinin gerçəkləşdirilməsi bu rayonla müəyyən dərəcədə bağlıdır.
Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə regionda analoqu olmayan Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun inşa edilməsi və Heydər Əliyev prospektinin beynəlxalq standartlara uyğun yenidən qurulması prosesində Suraxanı rayonu da yaxından iştirak etmişdir. Hər iki yolun ətrafının abadlaşdırılmasına dair xüsusi layihələr hazırlanmış, ölkə rəhbərliyinin etimadı ilə onların icrası rayonun mərkəzi icra hakimiyyəti orqanına tapşırılmışdır.
- Belə bir etimad bir tərəfdən məsuliyyət deməkdirsə, digər tərəfdən də fəaliyyət üçün, nəyə qadir olduğunu ortaya qoymaq üçün əsl sınaq meydanıdır. Çalışmışıq ki, hörmətli Prezidentin ümidlərini puça çıxarmayaq - deyə icra başçısı İlqar Abbasov rayonun qürur mənbəyi olacaq bu yolla bağlı görülən işlərdən söhbət açır. - Həmin tədbirlər çərçivəsində Suraxanıda 17 km ərazidə yolun ətrafında 64,5 hektar ərazi təmizlənmiş, genişmiqyaslı abadlıq işləri aparılmış, ətraf ərazidəki müxtəlif təyinatlı tikililərin sökülməsi və ya köçürülməsi işləri təmin edilmişdir. Rayonun aidiyyəti strukturları yol ətrafında yaşıllaşdırma işinin aparılmasında bu gün də yaxından iştirak edir, ağac və kollara qulluq göstərirlər. Əvəzində ulu öndərimizin adını daşıyan hava limanından Bakıya gələn istər əcnəbi qonaq olsun, istərsə də həmin yolu gündə necə dəfə o baş bu başa qət edən yerli sakin, gecəsi gündüzündən daha cazibədar olan bu yola, magistrala bir ayrı hüsn-yaraşıq verən qala divarları kompleksinə, yolu yaşayış məntəqələrindən ayıran və incə memarlıq üslubunda ucaldılmış divarların gözəllik və mükəmməlliyinə heyran qalmaya bilmir.
2009-cu ildə rayonda bilavasitə ekoloji problemlərin həllinə, vətəndaşların sosial müdafiəsinə, firavanlığına, sağlamlığına xidmət edən qlobal miqyaslı layihələrin icrası də yüksək keyfiyyətlə davam etdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin may ayında Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin, yeni salınmış "Heydər Əliyev parkı"nın açılış mərasimlərində iştirak etmiş, Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış olmuş, gələcəkdə görüləsi vacib işlərlə bağlı dəyərli tövsiyə və tapşırıqlarını vermişdir. Ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəz qısa zamanda rayonun ideoloji qərargahına çevrilmiş, burada müxtəlif tədbirlərin keçirilməsi müsbət ənənə halını almışdır.
Dövlət başçısı İlham Əliyevin iştirakı ilə ötən ilin oktyabrında Suraxanı rayonunun Hövsan qəsəbəsində müasir tələblər səviyyəsində inşa olunmuş Hövsan Olimpiya İdman Kompleksinin, şəhid ailələri və Qarabağ əlilləri üçün 81 mənzilli yaşayış binasının, əsaslı yenidənqurmadan çıxmış Hövsan Aerasiya stansiyasının açılış mərasimləri keçirilmişdir.
Suraxanı rayonunun bir özəlliyi də kənd və şəhər həyatının bir məkanda qovuşmasıdır. Şəhərin urbanizasiyası addım-addım qəsəbələrə yaxınlaşır. Bu isə öz növbəsində bütöv bir kommunikasiya və sosial təyinatlı tədbirlərin həyata keçirilməsini, infrastrukturun yeniləşməsini, bəzi hallarda isə yenisinin yaradılmasını tələb edir. Məhz belə bir baxış bucağından yanaşdıqda qətiyyətlə söyləmək olar ki, rayondakı qəsəbələrin həyatında son illər köklü keyfiyyət dəyişiklikləri baş vermişdir.
Geridə qalan ildə Bülbülə qəsəbəsində yeni poliklinika, Əmircanda Dövlət Sosial Müdafiə Fondunun rayon filialının yeni inzibati binası istifadəyə verilmiş, Zığ qəsəbəsində qəzalı vəziyyətdə olan binada gücləndirmə-bərpa işləri başa çatdırılmış, Yeni Günəşlidə veteranlar üçün istirahət guşəsi tikilmişdir. Qaraçuxur qəsəbəsində 338 saylı uşaq bağçası əsaslı təmirdən çıxmış, C.Qurbanov küçəsində genişləndirmə işləri aparılmış, Əmircan qəsəbəsində isə "köhnə qəbiristanlığ"ın yerində yeni parkın salınmasına başlanmışdır. Bakı Transformatorlar Zavodunun yeni korpusunun, süd emalı zavodunun tikintisi də sürətlə davam etdirilmişdir.
Suraxanı sakinlərinin rahat, firavan yaşayışının təmin edilməsi baxımından müxtəlif sahələr üzrə infrastrukturun yeniləşdirilməsinə, kommunal xarakterli problemlərin həllinə də xüsusi diqqətlə yanaşılır. Belə ki, ötən ilin yekunlarına həsr olunmuş toplantıda səsləndi ki, rayonda əhalinin asudə vaxtının səmərəli təşkili, normal istirahətinin təmini məqsədilə ümumi sahəsi 58 min kvadratmetr olan 5 park salınmış, 1 park yenidən qurulmuş, 14 nümunəvi abad məhəllə, 4 idman meydançası tikilmişdir. Küçə, yol və məhəllədaxili ərazilərə 200 min kvadratmetr asfalt örtüyü vurulmuş, 11500 kvadratmetr dam örtüyü təmir edilmişdir. Əhalini narahat edən kommunal xarakterli məsələlərin aradan qaldırılması üçün 1,9 km uzunluğunda yeni qaz xətti çəkilmiş, 26 ədəd qaz tənzimləyici şkaf quraşdırılmış, 9 ədəd kompleks transformator məntəqəsi, 20 ədəd transformator yeniləri ilə əvəz olunmuşdur.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Suraxanı rayonunda 3130 yaşayış evinin elektrik enerjisi, 7530 yaşayış evinin qaz, 10982 yaşayış evinin su təzhizatının yaxşılaşdırılması və kanalizasiya şəbəkəsinə qoşulması planlaşdırılır. Bundan başqa, proqram çərçivəsində mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin keyfiyyətli istiliklə təmin olunması, mövcud infrastrukturun müasirləşdirilməsi, yeni təhsil, səhiyyə, mədəniyyət, idman, ekologiya, rabitə, mühəndis-kommunikasiya obyektlərinin inşası, küçə və məhəllələrdə 1,5 milyon kvadratmetr asfalt örtüyün çəkilməsi, tarixi-memarlıq abidələrinin təmiri və bərpası nəzərdə tutulmuşdur.
Qeyri-qanuni tikililər - problemlər
mənbəyi
Bütün paxtaxt rayonlarında olduğu kimi, Suraxanı rayonunda da qanuni əsaslar olmadan müxtəlif təyinatlı tikililərin aparılmasına cəhdlər edilir. Belə özbaşına tikililər sonradan vətəndaşlara keyfiyyətli kommunal xidmətlərin göstərilməsinə də problemlər yaradır.
Suraxanı Rayon İcra Hakimiyyəti rayonun qəsəbələrində hələ ötən əsrin 70-ci illərinin sonunadək tikilmiş fərdi yaşayış evlərində yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq onların istifadəsində olan torpaq sahələrinə və yaşayış evlərinə mülkiyyət hüququ əldə edə bilmələrinə kömək göstərilməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət ünvanlamışdır. Kommunikasiya xətlərinə yaxın olmayan ərazilərdə inşa olunmuş özbaşına tikililərin sənədləşdirilməsi rayonda bir çox problemlərin həllinə imkan yarada bilərdi.
Bu gün paytaxtda xüsusilə kəskin dayanan bu məsələlərlə bağlı icra başçısı İ.Abbasov deyir ki, Suraxanı rayonunda qeyri-qanuni tikintilərin qarşısının alınması istiqamətində həmişə olduğu kimi, bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, təkcə ötən il inşasına qanunsuz başlanılmış 140 ədəd yarımçıq fərdi yaşayış evi sökülmüş, 936 qanunsuz tikinti dayandırılaraq sənədləşdirilməyə yönəldilmişdir. 196 müxtəlif təyinatlı qanunsuz tikili ləğv edilmiş, 11600 paqon metr metal və taxta hasar, 20 ədəd köşk və vaqon yığışdırılmış, 35 min kvadratmetr ərazi zəbtinin qarşısı alınmışdır.
Müşahidələr göstərir ki, müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan, özbaşına inşa edilən tikililər bəzən respublika əhəmiyyətli ciddi problemlərin yaranmasına gətirib çıxarır. Vətəndaşların yüksək gərginlikli elektrik xətlərinin, həmçinin neft və qaz kəmərlərinin keçdiyi ərazilərdə yaşayış evlərinin və digər obyektlərin inşasının təhlükəli və qeyri-qanuni olması barədə xəbərdarlıqlara etinasız yanaşması son nəticədə fövqəladə hadisələrin yaranmasına gətirib çıxarır. Kommunikasiya xətlərinin mühafizə zolağındakı özbaşına tikililər su, qaz, elektrik, kanalizasiya xətlərində vaxtlı-vaxtında təmir işlərinin aparılmasına, profilaktik tədbirlərin görülməsinə ciddi maneə törədir. Xüsusilə qəzalar baş verən zaman həmin ərazilərdə operativ təmir işlərinin aparılması problemə çevrilir. Fevral ayının əvvəllərində bütövlükdə paytaxtın və respublikanın enerji təchizatında yaranmış problemlər məsələnin ciddiliyini, aktuallığını bir daha nümayiş etdirmişdir.
Suraxanı Rayon İcra Hakimiyyəti yaranmış vəziyyəti nəzərə alaraq rayon ərazisindəki yüksək gərginlikli elektrik xətlərinin və elektrik enerjisi qurğularının mühafizə zolağındakı tikililərin inventarlaşdırılması, mühafizə zolaqlarının tikililərdən azad edilməsinə dair təkliflərin hazırlanması məqsədilə "Azərenerji" və "Bakıelektrikşəbəkə" açıq səhmdar cəmiyyətlərinin nümayəndələrinin də daxil olduğu xüsusi komissiya yaratmağı nəzərdə tutur.
"Ekologiya ili" çərçivəsində
yaşıllaşdırma tədbirlərinə start verilib
Dövlət başçısı İlham Əliyev paytaxtın ekoloji durumunun yaxşılaşdırılması məqsədilə qısa müddətdə 3 milyon ağacın əkilməsi ilə bağlı göstəriş vermiş, eyni zamanda 2010-cu ili "Ekologiya ili" elan etmişdir. Verilən tapşırığın icrası ilə əlaqədar rayon ərazisində mövcud park və yaşıllıqların qorunub saxlanılması, yenilərinin salınması istiqamətində ardıcıl tədbirlər görülmüş, 25 min ədəd ağac əkilməsi planlaşdırılmışdır. İndiyədək 10 mindən çox ağac və dekorativ kol növləri əkilmişdir. Hər ayın birinci şənbə günü ənənəvi olaraq Heydər Əliyev prospektinin Suraxanı rayonundan keçən ərazisində və qəsəbələrdə ümumrayon iməcilikləri keçirilir, təmizlik və abadlıq işləri görülür.
Suraxanı rayonu 100 ildən artıq müddətdə neft və qazın çıxarıldığı məkan kimi məşhurdur. Hazırda rayon ərazisində bir neçə dövlət və özəl neftqazçıxarma, qazma müəssisəsi fəaliyyət göstərir. Əvvəlki illər ekoloji normalara lazımi diqqət yetirilmədiyindən rayonda ekoloji vəziyyət xeyli gərginləşmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, neftlə çirklənmiş torpaqların təmizlənilməsinə başlanılmış, rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. ARDNŞ-in dəstəyi ilə rayonun neftlə çirklənmiş torpaqlarında aparılmış rekultivasiya işləri nəticəsində 4,7 hektar torpaq sahəsi quyuətrafı tullantılardan, neft çirkabından təmizlənmişdir.
Ətraf mühitin mühafizəsi, çirklənmiş torpaqların bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması tədbirləri çərçivəsində Bülbülə gölünün səviyyəsinin aşağı salınması ilə yanaşı, Heydər Əliyev prospektinin sağ tərəfindəki ərazidən köçürülmüş yarmarkanın yerində yaşıllıq sahəsinin salınması işlərinə başlanılmışdır. 2009-cu il dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva keçmiş yarmarkanın yerində aparılan yaşıllaşdırma işləri ilə tanış olmuş, birgə ağac əkmişlər.
Ərizə və şikayətlərə həssas
münasibət
Azərbaycan Prezidenti İlham Əliyevin ilk gündən icra strukturları qarşısında müəyyənləşdirdiyi mühüm tələblərdən biri də məhz vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ciddiliklə yanaşılması ilə bağlıdır. Dövlət başçısının 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" sərəncamında bu məsələ ciddi tələblərdən biri kimi irəli sürülmüşdür. Suraxanı Rayon İcra Hakimiyyəti də fəaliyyətini bu tələblər çərçivəsində quraraq vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə vaxtında baxılmasına əməl olunması, icra aparatında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görmüşdür. 2009-cu il ərzində vətəndaşların müraciətlərinə baxılması, səyyar görüşlərin keçirilməsi işinə diqqət artırılmışdır. Ötən il rayon icra hakimiyyətinə, ümumilikdə, 5014 ərizə, şikayət və xidməti sənəd daxil olmuş, icra başçısı tərəfindən 686 nəfər vətəndaş qəbul edilmişdir. Müxtəlif ünvanlarda insanlarla birbaşa ünsiyyətə, qarşılıqlı inam və səmimiyyətə şərait yaradan 35 səyyar görüş keçirilmiş, bu görüşlərdə 2375 nəfər sakin iştirak etmiş, qaldırılan məsələlərin 78 faizi müsbət həllini tapmışdır.
Təqdirəlayiq hal həm də budur ki, vətəndaşların qəbullarında, səyyar görüşlərində səslənən təkliflər, habelə "Qaynar xətt", "Elektron poçt" və digər qaynaqlardan daxil olan sifarişlər ümumiləşdirilərək yerli proqramlara daxil edilir, onların icrası üçün işlək mexanizmlər, maliyyə mənbələri tapılır. Vətəndaşların müraciətləri əsasında "Nümunəvi abad məhəllələr", "Şəhid xatirə komplekslərinin tikintisi və əsaslı təmiri", "Küçə və məhəllədaxili yolların əsaslı təmiri və asfaltlanması", "Şəhid ailələrinə, müharibə əlillərinə və digər imtiyazlı vətəndaşlara sosial yardım", "Veteranlara dəstək" kimi proqramlar uğurla həyata keçirilmişdir.
Respublikanın hər bir guşəsi kimi, Suraxanı rayonu da öz inkişafının keyfiyyətcə yeni dövrünü yaşayır. Ulu öndərin hakimiyyəti illlərində özünə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son 6 ildə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar isə rayonun həyatında vüsət almış yeni yüksəliş mərhələsinin uğurlu başlanğıcıdır. Bu gün hər bir suraxanılı dövlət başçısı
İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurların bəhrəsini gündəlik həyatında daha bariz hiss edir, ölkədəki ümumi yüksəliş və tərəqqi xəttini ürəkdən dəstəkləyir.
Xalid NİYAZOV
Azərbaycan.- 2010.- 5 mart.- S. 3.